Misir Mərdanov Bəkir Bozdağla Azərbaycan-Türkiyə təhsil əlaqələrini müzakirə edib
01:53 / 15.03.2012
Dünən təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş
nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb. Qonaqları salamlayan Misir Mərdanov Azərbaycanla Türkiyə
arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil
sahəsində sürətlə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda
4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində
müxtəlif ixtisaslar üzrə təhsil alır.
Həmçinin, Azərbaycanın ali təhsil
müəssisələrində 4 minədək türkiyəli tələbənin oxuduğunu söyləyən təhsil
naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi
səciyyələndirib.
Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi
önəm verildiyini nəzərə çatdıran M.Mərdanov qardaş Türkiyənin ali təhsil
müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini
vurğulayıb. Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə
xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunub, bu baxımdan
Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm
verildiyini qeyd edib.
Ölkədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl
liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək
dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha
səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət
çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu
istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib.
Türkiyə
ali məktəblərinin təhsil imkanları barədə məlumat verən Baş nazirin
müavini Bəkir Bozdağ hər bir millətin intellektual potensialının
inkişafında təhsilin əhəmiyyətindən söz açıb. Baş nazirin müavini
növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı
gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer
ayrılacağını nəzərə çatdırıb. Təhsil əlaqələrimizin inkişafı baxımından
qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan
Bəkir Bozdağ Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər
zaman maraqlı olduğunu söyləyib.
Görüşdə təhsil sahəsində qarşılıqlı
əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin Türkiyədə
doktorantura səviyyəsinə qəbulu ilə bağlı bir sıra digər məsələlər
ətrafında müzakirələr aparılıb.
S.QARAYEVAhttp://www.525.az/view.php?lang=az&menu=19&id=42103
