Martın 13-də təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları
salamlayan Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan
əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə
inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda 4 mindən çox
azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif
ixtisaslar üzrə təhsil alır. Həmçinin, Azərbaycanın ali təhsil
müəssisələrində 4 minədək türkiyəli tələbənin oxuduğunu söyləyən təhsil
naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi
səciyyələndirib.
Azərbaycanda
gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini nəzərə
çatdıran Misir Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə
əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir
Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə
tələbə göndərilməsinin əhəmiyyətinə toxunub, bu baxımdan Türkiyənin
müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd
edib.
Ölkəmizdə
fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz
Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil
sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq
dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki
ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin
aparılmasının zəruriliyini bildirib.
Türkiyə
ali məktəblərinin təhsil imkanları barədə məlumat verən Baş nazirin
müavini Bəkir Bozdağ hər bir millətin intellektual potensialının
inkişafında təhsilin əhəmiyyətindən söz açıb. Baş nazirin müavini
növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı
gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer
ayrılacağını nəzərə çatdırıb. Təhsil əlaqələrimizin inkişafı baxımından
qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan
Bəkir Bozdağ Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər
zaman maraqlı olduğunu söyləyib.
Görüşdə
təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və
azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu ilə
bağlı bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
