Qafqaz Universitetində tədbir keçirilib
Qafqaz Universitetində "Sərhədsiz şəfqət" devizi altında tədbir
keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru
Ahmet Saniç açaraq bildirib ki, mart ayının 11- dən etibarən
"Lider qadınlar" ictimai birliyinin və Dialoq Avrasiya təşkilatının
dəvəti ilə Türkiyədən bir qrup nümayəndə heyəti Bakıda səfərdədir.
Səfər çərçivəsində bir sıra tədbirlər təşkil olunub. Bunlardan
biri də "Analığın qorunması minilliyin əsas məqsədidir" adlı beynəlxalq
konfransdır. Ahmet Saniç bu tədbirin də həmin səfər çərçivəsində
həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Türkiyədə fəaliyyət
göstərən iqtisadçı, sosioloq Nazife Şişman həmçinin bir yazardır.
Onun bu yaxınlarda yeni ərsəyə gətirdiyi "Yeni insan kaderle
tasarım arasında" adlı kitabı müəllifin sayca ikinci kitabıdır.
Kitab giriş hissədən və 14 bölümdən ibarətdir. Sonra "Lider
qadınlar" ictimai birliyinin sədri Məlahət İbrahimqızı çıxış edərək
Türkiyədən gəlmiş nümayəndə heyətinin bu səfərini yüksək
qiymətləndirib. O Nazife Şişmanın "Yeni insan kaderle tasarım
arasında" adlı kitabının Azərbaycan oxucuları üçün də çox dəyərli
stolüstü kitabına çevriləcəyinə əminliyini bildirib. Beynəlxalq
Doktorlar Təşkilatının könüllüsü, Türkiyə Qadın Sağlıqçılar Təşkilatının
İdarə Heyətinin üzvü Sara Davudoğlu çıxış edərək Azərbaycana
səfərindən məmnunluğunu ifadə edib. O belə bir tədbirin təşkilinə görə
Qafqaz Universitetinin rektoru Ahmet Saniçə öz təşəkkürünü
bildirib. Qafqaz Universitetinin müəllimləri Nazife Şişmanın "Yeni
insan kaderle tasarım arasında" adlı kitabının nəinki müəllimlər
üçün həmçinin burada təhsil alan tələbələr üçün dəyərli vəsait
olaraq bir töhfə olduğunu bildiriblər. Həmçinin müəllifin özü və
yazdığı kitab haqqında xoş fikirlər səsləndiriblər. Tədbirin
sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sara
Davudoğluna, Nazife Şişmana, Məlahət İbrahimqızına və digər
qonaqlara xatirə plaketi və hədiyyələr təqdim edib.
Bəhruz
http://www.hafta-ichi.com/v5//2012/03/15/read=71558
Bəhruz
http://www.hafta-ichi.com/v5//2012/03/15/read=71558
