13 Mart 2012 ARDNŞ-nin
təşkilatçılığı ilə “Azərikimya” İstehsalat Birliyinin inzibati
binasında Sumqayıtın müəssisə, idarə və təşkilatlarının komandaları
arasında stolüstü tennis üzrə şəhər turniri keçirilmişdir.
Yarışlara hər birində 5 idmançı olmaqla 17 komanda
qatılmışdır. Olimpiya sistemi üzrə keçirilən yarışda ARDNŞ-nin
“Azərikimya” İB və Sumqayıt şəhər Qaz İdarəsi də daxil olmaqla 5
komandası, Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Təhsil
şöbəsinin, “Bismak” QSK-nın, Sumqayıt Dövlət Universitetinin, “Azenko”
ASC-nin, həmçinin Qafqaz Universitetinin idmançıları və mətbuat
nümayəndələrindən ibarət komandalar iştirak etmişlər. Gərgin rəqabət və
idman mübarizəsi şəraitində iki gün davam etmiş yarışlarda hər birinin
tərkibində üç kişi və iki qadın tennisçinin olduğu komandalar maksimum
fəallıq, qələbə əzmi nümayiş etdirmişlər. Yarışlarda daha yaxşı
nəticələr göstərmiş Sumqayıt şəhər Təhsil şöbəsinin komandası 1-ci yeri
tutaraq tennis üzrə şəhər turnirinin qalibi olmuşdur. Sumqayıt şəhər
Yanğından Mühafizə İdarəsinin idmançıları 2-ci, “Azərikimya-1” və
Etilen-polietilen zavodunun komandaları isə müvafiq olaraq 3 və 4-cü
yerləri qazanmışlar. Qalib komandalar mükafatlandırılmışlar. Mükafatlar
“Azərikimya” İB Müşahidə Şurasının sədri Muxtar Babayev, Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Birlik Həmkarlar İttifaqı
Komitəsinin sədri Vaqif Ömərov tərəfindən təqdim edilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə “İdman ili” elan edilmiş 2012-ci ildə ARDNŞ-də
hazırlanmış xüsusi tədbirlər planına uyğun olaraq “Azərikimya”
İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərinin müəssisələri arasında
mütəmadi olaraq idman yarışları keçirilir. “İdman ili” çərçivəsində
yanvar ayında Sumqayıtın məktəb komandaları arasında futbol üzrə şəhər
turniri, fevralda isə müəssisə və idarələrin idmançılarının iştirakı ilə
iki gün davam edən şahmat yarışları keçirilmişdir.
http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/4390