Startapçılar yetişdirən “QUTexnopark”- dan reportaj
Qafqaz Universitetinin tərkibində Texnopark fəaliyyət
göstərir. "QUTexnopark" Universitet infrastrukturunda mühüm əhəmiyyət
kəsb edən bölmələrdən biridir. 20 ayrı ofisdən ibarət olan "QUTexnopark" 1000 m2-lik sahəni əhatə edir.
Qafqaz Universiteti Texnoparkının (QUtechnopark) direktoru İsa Qasımov Xəbərlər-ə Azərbaycanda universitet daxilində texnopark fəaliyyətinə ilk dəfə Qafqaz Universitetinin başladığını deyir:
“2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə
təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark"
adlandırılıb. Texnopark təsis olunarkən ABŞ, RF, İsveç, əsasən isə
Türkiyə universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas
götürüldü. QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx
əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir.
Texnoparklarda ekosistemin inkişafında İnkubasiya Mərkəzlərinin rolu
böyükdür. Burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi potensialı
üzrə çıxararaq onu inkişaf etdirməkdir”.
İsa Qasımov bu məqsədlə də QUTexnoparkın hazırda Yeni Fikir
Müsabiqəsi layihəsinin həyata keçirildiyi vurğulayıb: “Yeni Fikir
Müsabiqəsinin məqsədi gənclər arasında innovasiya sahibkarlığı
yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ
fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə
verməkdir. Müsabiqədə müxtəlif sahələr üzrə, mobil proqramlar, İnternet,
proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram
təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya
texnologiyaları, istehlakçı elektronikası və s. yeni iş fikirlərinin
inkişafına dəstək verilir. İldə bir dəfə keçirilən müsabiqədə təkcə
Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan
bütün gənclər iştirak edə bilər”.
Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur.
İsa Qasımov qeyd edib ki, 3 il ərzində Yeni Fikir Müsabiqəsinə 422
layihə gəlib və hazırda onlardan 22-sinə birbaşa dəstək verilir:
“Bilirsinizmi, startapçıların əksəriyyəti niyə gənc olur? Çünki onların
həyata baxışı fərqlidir. Burada bir çox amillər rol oynayır. Məsələn,
indiki yeniyetmə və ya gənclərin baxdığı cizgi filmlər nisbətən yaşlı
nəslin baxdığı cizgi filmlərdən tamam fərqlidir.
Elm, innovasiya qarşıya yeni hədəflər qoymursa, deməli inkişaf
etmir. Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur.
Startapçılar insanlara, bəşəriyyətə daha "lüks" imkanlar təklif edərək
pul qazanırlar. Startapçıya 10 minlik investisiya yatırsan, 100 min
istəyəcək ki, daha "lüks" şərait yarada bilsin. Texnoparkda elə
startapçı var ki, 200 manatla layihəyə başlayıb, amma hazırda 10-15
minlik bir dövriyyə onu qane etmir. Soruşsan deyəcək ki, mənə daha böyük
bir investisiya lazımdır. Çünki startapçıların hədəfləri günü-gündən
böyüyür. Belə olmasa, bu iş getməz. Ona görə, heç yerdə startapçıya
qoyulan imkanlar yetərli sayılmaz”.
İsa Qasımov vurğulayır ki, Texnopark fəaliyyətində fəaliyyətlərə
biznes müstəvisindən baxmaq önəmlidir: “Əgər yaxşı şirkət qurmaq
istəyirsənsə, bir ayağın xaricdə olmalıdır. Çünki qloballaşma bunu tələb
edir. Buna görə də rəqabətə davamlı investisiyalar olmalıdır. Müasir iş
dünyasında akademik fəaliyyət çox böyük rol oynayır. Əgər bu ikisini
(iş dünyasının peşəkalığı ilə universitetlərin akademik bacarıqlarını )
bir arada idarə edə bilirsinizsə, uğurlarınız çox olacaq. Dünyanın bütün
inkişaf etmiş, sənayeləşmiş ölkələrində bu belədir.
Startap, insanların hər hansı problemini həll edə bilən məhsullar
ortaya çıxaran fikirlərin üzərində işləyərək inkişaf etdirilmə
fəaliyyətləri ilə başlayır. İnsanların daha "komfort" şəraitdə yaşamaq
istəyi startapçılar üçün yeni fürsətlər açır. Hədəflər böyük olmalıdır.
Mühəndis insan ortadakı dəyərlərə dəyər qatır. Buna görə də təcrübəli
mühəndislər qazancını aylıq maaşla deyil, daha yüksək göstəricilərlə
hesablayır”.
İsa Qasımov bildirib ki, QUtechnopark-da 1 İnkubasiya Mərkəzi, 10 şirkət fəaliyyət göstərir:
“Mərkəzdə Universitet daxilində yeni fikir müsabiqəsində iştirak edən
və ya etməyən startap layihəsi olan gənclər çalışır. Burada yeni
fikirlər formalaşır və inkişaf etdirilir. Bura təşəbbüskar gənclərin çox
istifadə etdiyi bir məkandır. Texnoparkda fəaliyyət göstərən
şirkətlərdə 60 nəfər işləyirsə, bunlardan 30-a yaxını müəllim və
tələbədir. Bizi fərqləndirən ən başlıca amil Qafqaz Universiteti
markasıdır və müəllim və tələbələr bu markadan faydalanmaq imkanına
sahibdir”.
İsa Qasımovun sözlərinə görə, QUtechnopark şirkətlərin və
startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar-
İnternet, mentorluq, hüquqi və s. xidmətlərlə təmin olunub.
İsa Qasımov gələcəkdə texnoparkların formalaşması və onların
fəaliyyətini tənzimləyən hüquqi bazanın olacağına ümid etdiyini
vurğulayıb.
QUtechnopark-da ofis açaraq innovasiya fəaliyyəti göstərən şirkətlər isə bunlardır: AZEL
ELEKTRONIK LTD, Mina MMC, EkspertTV.az ("MilliByte" şirkəti ilə ortaq
layihə əsasında), Weby.az, İTB-world, CeDAWI, ACCODERS MMC, Azer.Net
MMC, EMBT Group Consulting, AEEC LLC
Mirvari Nəcəf
http://xeberler.az/new/details/startapcilar-yetisdiren-qutexnopark-dan-reportaj--9491.htm