Qafqaz Universiteti ulu öndərin anadan olmasının 92-ci ilini beynəlxalq səviyyədə qeyd etdi
Qafqaz Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı keçirildi. | |
Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və
Azərbaycan Respublikasının himni ilə açılışı elan olunan konfransda
Qafqaz Universitetin rektoru, professor Ahmet Saniç çıxış edərək
qonaqları salamladı: “Qafqaz Universiteti elmin inkişafına və bu
inkişafa xidmət edən dünya alimlərinin apardıqları tədqiqatlardan əldə
etdikləri vacib bilgiləri beynəlxalq səviyyədə paylaşmaları üçün hər il
elmi konfranslar təşkil edir. Elmi konfranslar içərisində Heydər
Əliyevin əziz xatirəsinə həsr olunan və doğum günü ərəfəsində üç ildir
ki ənənəvi olaraq davam edən Gənc Tədqiqatçıların Beynəlxalq Elmi
Konfransı bu işdə xüsusi əhəmiyyət kəsb edir. Bunun bir səbəbi müasir
Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev və
onun layiqli davamçısı cənab İlham Əliyevin gənclərin inkişafına
verdikləri xüsusi diqqətdir. Digər mühüm bir səbəb isə günü-gündən
çiçəklənən və sürətli inkişafı ilə təkcə Qafqaz regionunda deyil, dünya
miqyasında da əhəmiyyətli yer tutan Azərbaycan dövlətinin əldə etdiyi
nailiyyətləri gənclərin dilindən eşitmək və bu nailiyyətləri dünya
ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev də hər zaman çıxışlarında
elmin inkişafına önəm verərək vurğulamışdır: “Dünyada gedən əsas
tərəqqinin təməlində elm dayanır”. Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə də çıxış edərək konfrans haqqında fikirlərini bölüşdü: “Hər zaman Azərbaycanın inkişafı haqqında danışarkən deyirlər ki, necə oldu ki, 20 ildə bu qədər inkişaf oldu? Mən isə düşünürəm ki, Azərbaycanın müstəqilliyi son 20 ildən bu yana deyil, təxminən keçən əsrin 70-ci illərindən, yəni mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən başlayıb. Düşünürəm ki, bu inkişafın davam etdirilməsi gənc nəslin üzərinə düşür və hesab edirəm ki, hər bir gənc bu imkanları dəyərləndirməlidir”. Qafqaz Universitetinin dosenti Babək Abbasov isə öz çıxışında: “Biz təhsil işçilərinin bu konfransı ümumilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ilinə həsr etməkdə əsas məqsədimiz ona olan vəfa borcumuzu yerinə yetirməkdir. Konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət ediblər. Qeyd edim ki, 1400-ə yaxın tezis arasından 954 elmi məqalə qəbul edilib. Məqalələr 4 dildə-Azərbaycan, Türk, Rus, İngilis dillərində təqdim olunub. Bizim hədəfimiz müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir. Ümid edirik ki, bu konfrans gənclərin elmi inkişafında mühüm rol oynayacaq”,-dedi. Konfrans iştirakçıları bir gün öncə ulu öndərin və görkəmli oftolmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər. Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat hədiyyə olundu. |
|
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=67446 |