"Gənc MÜəllimlər" klubundan maraqlı aksiya
Universitetimizin mədəni həyatı özünəməxsusluğu ilə seçilir. Tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirən Mədəniyyət şöbəsinin əməkdaşları incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Özfəaliyyət incəsənətinin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb ki, bu da müasir dövrümüzdə mənəvi-əxlaqı normaların bütün səviyyələrdə qorunmasını təbliğ etməyə, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir.
Şöbənin nəzdində 20-yə yaxın maraq klubu fəaliyyət göstərir ki, onların da əsas funksiyası maraq klubları şəbəkəsində tələbə gənclərin intellekt səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub təmsilçiləri dünyada gedən proseslər çərçivəsində seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.
Bu dəfə isə "Gənc Müəllimlər" klubu "Paylaşaraq Qazan" adlı maraqlı kitab mübadiləsi aksiyasına start verib. Layihənin məqsədi tələbə və müəllimlərin oxuyub qurtardığı, istifadə etmədikləri kitabları başqalarıyla bölüşməkdir. Hər kəs istifadə etmədiyi, oxuyub bitirdiyi və ya hədiyyə etmək istədiyi bir kitabı təhvil verib, dostlarının bölüşdüyü digər kitablardan istədiyini götürə bilər. "Gənc Müəllimlər" klubu hər kəsi aksiyada fəal iştirak etməyə çağırır.
Aksiya Qafqaz Universiteti Əsas Binasının giriş hissəsində keçirilir. Saat 18:00-a kimi davam edəcək.