Ali təhsil ocaqları internetlə təmin edilibmi? (Qərb, Qafqaz, Bakı Asiya universitetləri)
Tələbələrin İKT biliklərinin artırılması üçün ali təhsil ocaqlarının kompüterlərlə, internet şəbəkəsi ilə təmin edilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan universitetlərində tələbə və müəllimlərin internetdən yararlanma imkanları nə yerdədir? PressForum.az saytı 3 özəl universitetdə internet bağlantısının mövcud olub-olmaması, internetə çatımlılığın səviyyəsi ilə maraqlanıb.Qərb universitetinin kompüter şəbəkəsinin inzibatçısı Orxan Orucəliyev bildirib ki, universitetdə internet müəyyən dərslər çərçivəsində istifadəyə verilir: ”İnternetin vəziyyəti normaldır. Qruplarda kompüterlər hər tələbənin sayına görə quraşdırılır. Amma internetə hər zaman giriş yoxdur. Sırf internetlə bağlı müəyyən dərslər var, orada internetə girişə imkan var ”.Qafqaz universitetinin İdarə İnzibati işlər üzrə prorektoru dosent Şahin Durmaz universitetdə tələbələr üçün internetdən sərbəst istifadə olunduğunu bildirib: “Tələbələrin interaktiv olaraq sərbəst internetdən istifadələrinin təmin edilməsi üçün Qafqaz Universitetində fəaliyyət göstərən binalarda ümumilikdə 9 ədəd kompüter laboratoriyası yaradılıb. Hər bir laboratoriyada ortalama 30 kompüter tələbələrin istifadəsinə verilib.
Bu laboratoriyalardan 5-i tədris, digər 4-ü isə tələbələrin asudə vaxtlarında sərbəst istifadə məqsədli laboratoriyalardır. Bunlardan ikisi, CISCO CCNA və APPLE Təlim mərkəzi xüsusi təyinatlı laboratoriyalardır. Bütün laboratoriyalardakı kompüterlərin daimi internetə çıxışı var. Ümumilikdə Universitetin bütün binalarında Wi-fi internet xidməti işləyir. Bütün sinif otaqları projektor cihazı və zəruri kompüter avadanlıqları ilə təchiz edilib.
Xarici dil tədrisi üçün nəzərdə tutulan sinif otaqlarında əlavə 50-yə yaxın Ağıllı Elektron Lövhələr quraşdırılıb”.
Bakı Asiya universitetinin tədris işləri üzrə prorektoru Rəhilə Nağıyeva bildirib ki, Wi-fi internet yalnız informatika dərslərində verilir: “Qalan dərslərdə isə internet qoşulu olmur. Kitabxanada kompüterlər var, amma internet bağlıdır. Onlara kurs işi, referat yazmaq, çap etmək və ya dərslə bağlı kompüterdə nə lazımdırsa, onu etməyə imkan var. İnternetin olmamasına səbəb tələbələrin fikrini əsasən dərsə cəlb etməkdir. İnternetə isə onlar internet klublarda və ya öz evlərində qoşula bilərlər.
Universitetdə kompüterlə bağlı dərslər yoxdur. Məsələn, bizdə jurnalistika, kompüter elmləri tədris olunmur, əsasən pedaqoji fakültələrdir. İngilis dili müəllimliyi, ana dili- ədəbiyyat müəllimliyi və sair.
Kompüterlərin vəziyyəti normaldır. Hər tələbənin sayına qrupda kompüter olur. Əgər tələbənin sayı kursda çox olarsa, onlar kiçik qruplara bölünür. Çünki praktiki dərslərdə tələbələrin sayı az olanda daha effektli olur”.
Bir müddət öncə PressForum.az saytı 3 dövlət ali təhsil ocağı — Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində internetin vəziyyəti ilə bağlı sorğu keçirmişdi.
http://pressforum.az/2014/03/17/ali-t%C9%99hsil-ocaqlari-internetl%C9%99-t%C9%99min-edilibmi-q%C9%99rb-qafqaz-baki-asiya-universitetl%C9%99ri/