Prezident yanında Təhsil Komissiyasının qərarına əsasən bu il özəl
universitetlərdə jurnalistika ixtisasına qəbul dayandırılıb. Bu qərar
daha çox Qafqaz Universitetinin işinə maneçilik gətirib desək,
yanılmarıq. Belə ki, universitetin 2012-2013-cü tədris ili üçün
hazırlanan yeni korpusunda bir sıra fakültələrlə yanaşı, Jurnalistikla
fakültəsi də fəaliyyət göstərəcəkdi.
Burada Jurnalistika fakültəsi
üçün studiya bazası qurulub. Universitet rəhbərliyi çəkilişlər üçün
studiya, qəzetlər uçün redaksiya da planlaşdırıbmış. Bu baxımdan Qafqaz
Universiteti fakültə üçün ideal şərait yaratmışdı. Görəsən Təhsil
Komissiyasının qərarı Qafqaz Universitetində necə qarşılanıb?
Məsələ ilə əlaqədar Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev
Modern.az-a
açıqlamasında bildirib ki, növbəti ildən yeni bir imza və əmrlə
Jurnalistika fakültəsinin fəaliyyətə başlayacağına ümid edirlər.
“Bu
il digər özəl universitetlər kimi, Qafqaz Universitetində də
jurnalistika ixtisasına qəbul olmayacaq. Ümid edirk ki, gələn il yeni
bir fikir qəbul olunacaq və icazə veriləcək. Keçən ildən bizim
universitetdə Jurnalistika fakültəsi açılıb. Həmin il qəbul olan 21
nəfər tələbə öz təhsilini davam etdirəcək. Nazir Misir Mərdonov da qeyd
etdi ki, gələn ildən etibarən bəzi universitetlərdəki vəziyyət
araşdırıldıqdan sonra, onlara icazə veriləcək”.
Qeyd edək ki,
Təhsil naziri Misir Mərdanov ali məktəblərdə jurnalistika ixtisasına
qəbulun dayandırılmasını həmin təhsil müəssisələrində jurnalist
hazırlığının qənaətbəxş olmaması ilə əlaqələndirib. M.Mərdanov bildirib
ki, bununla belə, növbəti illərdə özəl təhsil müəssisələrində
jurnalistikaya qəbul bərpa oluna bilər. Belə ki, həmin universitetlərdə
keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə
jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, onlara qəbul bərpa
edə bilər.

Anar Kəlbiyev
http://modern.az/articles/26643/1/26643/