Xalq Gazeti, 02.11.2006 tarihli haberi
..
.
.
.
.
2.11.2006
Azərbaycanın və Türkiyənin təhsil nazirlikləri arasında əlaqələr genişlənir
Ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Hüseyin Çelik və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri noyabrın 1-də Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzmüşlər.Sonra qonaqlar Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Qonaqlar buradan Bakının mənzərəsini seyr etmişlər. Sonra qonaqlar şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil qoymuşlar.Əklilqoyma mərasimlərində qonaqları təhsil naziri Misir Mərdanov və Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı müşayiət etmişlər.Qonaqlara Şəhidlər Xiyabanının salınma tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə barədə məlumat verilmişdir.Elə həmin gün Azərbaycanın təhsil naziri Misir Mərdanov türkiyəli həmkarı Hüseyin Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.Misir Mərdanov müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən təhsil sahəsində aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlığı haqqında dediyi “Bir millət – iki dövlət” kəlamını xatırladan nazir, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin son illər sürətlə inkişaf etdiyini söyləmişdir. Bu gün Azərbaycan universitetlərində 4 minə yaxın türkiyəli tələbənin oxuduğunu bildirən M.Mərdanov, bunu ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı ilə, eləcə də təhsilimizdəki nailiyyətlərlə əlaqələndirmişdir. Təhsil almaq üçün qardaş ölkəyə hər il 150-160 gəncin göndərildiyi, hazırda orada 1500 tələbəmizin təhsil aldığı və onların ehtiyaclarının çox hissəsinin Türkiyə tərəfindən ödənildiyi diqqətə çatdırılmışdır. Nazir şagirdlər üçün dərsliklərin çap olunması, məktəblərin kompyuterləşdirilməsi və sair işlərdə Türkiyə təcrübəsindən bəhrələnməyin vacibliyini qeyd etmişdir.Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə Naxçıvanda fəaliyyətə başlamış Türkiyənin “Çağ” Öyrətim İşlətmələri Şirkətinin respublikamızda təhsil sahəsində gördüyü işləri diqqətə çatdıran M.Mərdanov ümummilli liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu qurumun Azərbaycandakı işinə böyük önəm verdiyini vurğulamışdır. Şirkətin ölkəmizin müxtəlif bölgələrində – Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Əli Bayramlı və digər yerlərdə, ümumilikdə 12 liseyinin fəaliyyət göstərdiyi və şagirdlərə yüksək təhsil verdiyi bildirilmişdir.Səmimi görüş üçün təşəkkürünü bildirən və özünü vətənində olduğu kimi hiss etdiyini söyləyən Türkiyənin təhsil naziri Hüseyin Çelik, qardaş ölkələrimizin təhsil sistemləri arasında təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırmışdır. Türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin istifadəyə verilməsi ilə dövlətlərimizin bir-birinə daha da yaxınlaşdığını bildirən nazir, ölkəsinin təhsil sahəsində Azərbaycana daha çox kömək etməyə hazır olduğunu qeyd etmişdir. Türkiyədə bütün məktəblərin kompyuterləşdirildiyi, internetə qoşulduğu, dərsliklərin çap edilməsində iş adamlarının köməyi də diqqətə çatdırılmışdır. Sonda təhsil nazirləri kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışlar.Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı iştirak etmişdir.