“Var millətimin imzası imzalar içində!”
31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. Bu gün -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qafqaz Universitetində “Var millətimin imzası imzalar içində!” adlı ədəbi-bədii gecə keçirildi.Zala toplaşanlar Qafqaz Universiteti Sənət Mərkəzininbu tarixi günə həsr olunan Ebru sərgisinə baxdıqdan sonra ədəbi-bədii proqrama qatıldılar.Məmməd Arazın“Azərbaycan deyiləndə ayağa dur ki” misralarının ifası ilə başlayan və iki qardaş dövlətin himlərinin səsləndiriliməsi ilə start alan tədbirdə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, millət vəkili Tahir Rzayev və millət vəkili Azər Badamov iştirak edirdi. Millət vəkilləri tələbələrə müraciətlə Azərbaycanı sevmək, qorumaq, onun uğrunda hər bir əzaba qatlaşmaq, yolunda can qurban etməyin bütün soydaşlarımızın və vətəndaşlarımızın borcu olduğunu xüsusilə vurğuladılar. Bu hikmətin hətta millətindən asılı olmayaraq, bu torpaqda doğulub boya-başa çatan, bu torpaqda yaşamaq üçün buraya pənah gətirən, bu torpağın duzu, çörəyi, suyu ilə qidalanan hər bir kəs üçün ali olduğunu önə çəkdilər.
Proqramda peşəkar ifaçılar və özfəaliyyət kollektivlərinin ifasında türksoylu xalqların bir-birindən maraqlı milli rəqsləri və mahnıları, tariximizə canlı şahidlik edən aşıq sənəti, Azərbaycan Dövlət Milli Konservatoriyasının dosenti Mübariz Əliyevin hazırladığı “Azərbaycan-Türkiyə” saz havası nümayiş edildi. Gənclərin sevimlisi, müğənni Sevda Yəhyayevanın universitetin xor kollektivinin müşayəti ilə ifa etdiyi “Azərbaycan ” mahnısının nəqarəti bütün toplaşanların dilində birlikdə səsləndi.
Bədii proqram: ulu öndər Heydər Əliyevin fonda səslənən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri və “Qoy bu gün gələcəkdə bütün Türk Dünyasının həmrəyliyi günü kimi qeyd edilsin! Gəlin, təqvimin təkcə sonuncu günü yox, hər günü bir yumruğa dönərək, həmrəy olaq. Yaşasın türkdilli xalqların, Dünya azərbaycanlılarının həmrəyliyi günü” arzuları ilə yekunlaşdı.
Bədii proqramın sonunda qonaqlar və iştirakçılar bayram münasibətilə “Dialoq Qafqaz” klubunun üzvləri tərəfindən hazırlanmış şirniyyat və ləzzətli təamları dadılar.
Mədəniyyət şöbə müdirliyi