Ən yaxşı mühəndislik təhsili verən universitetlərin siyahısı açıqlandı



Caspian Engineers Society (CES) 7 illik fəaliyyəti dövründə universitet tələbələri arasında keçirdiyi müxtəlif imtahan nəticələrinin analizini aparmışdır.  CES-in  mühəndislik məktəblərində  indiyə qədər 1632 tələbə iştirak etmişdir. Tələbələr seçim turlarında mühəndisliklə bağlı test sualları  və müsahibələr ilə sınanıblar. Mühəndislik məktəbləri dövründə tələbələr  sənaye məsələlərinin həlli və qrup təqdimatlarında təcrübə qazanıblar. CES-in layihələrində, əsasən, ADNA, Qafqaz Universiteti, Xəzər Universiteti, BDU, ATU, AMİU və MAA tələbələri aktivlik göstəriblər. Bundan əlavə,  xaricdə -Orta Doğu Texniki Universitetində, Koreya Texnologiyalar Universitetində, Pekin Texniki Universitetində, Moskva Dövlət Universitetində, Norveç Elm – Texnologiyalar Universitetində və s. təhsil alan azərbaycanlı tələbələr də müxtəlif illərdə yay mühəndislik məktəblərində öz biliklərin sınayıblar. Bu barədə CES-in mətbuat katibi Günay Sadıqzadə xəbər vermişdir.
CES mütəxəsisləri yerli universitet tələbələrinin biliklərini 5 kriteriya üzrə 100 ballıq sistemlə qiymətləndiriblər:
Mühəndislik testi:məntiq, riyaziyyat, fizika və kimya fənlərindən ibarət  test suallarının universitetlər üzrə ortalama balı
Müsahibələr: teoretik və praktiki suallarla tələbələrin texniki biliklərinin nəticələrinin universitetlər üzrə ortalama balı
Sənaye məsələləri: məktəb zamanı real sənaye məsələlərinin həllində tələbənin aktivliyinin universitetlər üzrə ortalama balı
Təqdimatlar: məktəb zamanı sənaye layihələrinin qruplar halında təqdimatının universitetlər üzrə ortalama balı
Keçid balı:imtahanlarda hər bir universitetdən iştirak edən tələbənin keçid balını neçə balla keçdiyini göstərir
CES-in Baş Katibi Həsən Abbasovun dediyinə görə, ümumiyyətlə CES-in layihələrindən ən çox yararlananlar Azərbaycan Dövlət Neft Akademiyasının tələbələridir. CES-in layihələrinə ən çox dəstək verən isə Qafqaz və Xəzər Universitetləridir. Ən çətin imtahan sayılan mühəndislik testində Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri orta hesabla daha yaxşı təsir bağışlayıblar. Müasir sənaye ilə bağlı olan müsahibələrdə və təqdimatlarda nisbətən zəif nəticə göstərmələri onunla əlaqədardır ki,  həmin universitetə son 6-7 ildə qəbul olan tələbələrin səviyyəsi çox yüksək olsa da universitetdə yeterincə müasir mühəndislik biliklərinə yiyələnə bilməyiblər.  Mühəndislik testində Qafqaz Universiteti, BDU, Xəzər Universiteti və Milli Aviasiya Akdemiyası tələbələrinin də nəticələriniyaxşı hesab etmək olar. Xarici universitetlərdə təhsil alan tələbələrin sayı bu imtahanlarda çox olmadığı üçün statistik məlumatların analizi aparılmamışdir, lakin qeyd etmək lazımdır ki, onların nəticələri yerli universitetlərin tələbələrindən üstün olmamış. Siyahıya başçılıq edən universitet isə ,adətən, ADNA olmuşdur. 
CES-in Layihələr Departamenti rəhbəri  Ayxan Salmanov CES mütəxəsislərinin müsahibələr və təqdimatlarla bağlı fikirlərini belə izah etdi: “Qafqaz və Xəzər Universitetinin tələbələri mühəndislik imtahanlarında ADNA tələbələrinə uduzduqları yerləri artıqlaması ilə qaytarar biliblər. Bu iki universitetin tələbələri kreativlik, müasir mühəndislik bilikləri, qrup işi və fikirlərini düzgün çatdırma qabiliyyətinə görə mütəxəsislərimiz tərəfindən yüksək qiymətləndiriliblər. Dərslər zamanı istifadə olunan ingilis dilli ədəbiyyatda bu tələbələr tərəfindən daha yaxşı dərk olunmuşdur. Nəticələr onu deməyə əsas verir ki, Qafqaz və Xəzər Universitetlərinin tələbələri universitetə daxil olarkən nisbətən zəif nəticə göstərsələr də, universitet proqramları yetərincə düzgün şəkildə tətbiq olunub və tələbələr biliklərin artıra biliblər.Son 2-3 ildə Bakı Dövlət Universitetinin də tələbələri bu nominasiyada stabil artış göstərməkdədirlər. Milli Aviasiya Akademiyasının tələbələrinin müsahibələrdə davamlı iştirak etməməsinə baxmayaraq, statistik göstəriciləri qənaətbəxş hesab etmək olar. Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin tələbələri bu mərhələdə də liderlərdən geri qalıblar və nəticələri aşağı qiymətləndirilib. 
CES Mühəndislik Məktəbinin rəhbəri Şəmsi Tağızadəsənaye məsələlərinin həlli dərin teoretik biliklər ilə yanaşı hesablamalar da tələb etdiyini vurğuladı. Bu baxımdan ADNA tələbələri yenə də fərqlənərək rəqiblərini geridə qoyublar. Qafqaz və Xəzər Universiteti tələbələri bu nominasiyada bir-birinə yaxın yüksək nəticə göstərə biiblər. Bakı Dövlət Universiteti ilk üçlükdən geridə qalsa da, nəticələrini yüksək qiymətləndirmək olar, çünkü BDU-dan gələn tələbələrin bir hissəsi mühəndis yox kimyaçı olub. Milli Aviasiya Akademiyasından iştirakçıların sayı az olduğundan hesab edirik ki, bu təhsil ocağının tələbələri daha çox cəlb olunarsa ortalama bala müsbət mənada təsir edə biləcəklər.Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin tələbələri bu mərhələdə nisbətən nəticələrini yüksəltsələr də lazımi səviyyəyə çatdıra bilməyiblər. Hər iki universitetin tələbələrinin CES layihələrinə daha aktiv şəkildə cəlb olunması üçün maarifləndirici işlərin aparılması vacibdir.
Universitetlərin reytinqini sizə təqdim edirik. Mühəndislik imtahnında lider olmasına baxmayaraq, ADNA cəmi 2 balla birinciliyi Qafqaz Universitetinə vermişdir. Xəzər Universiteti son 2 ildə tələbələrinin CES məktəblərində passivliyinə görə üçüncü yerlə kifayətlənməsinə baxmayaraq  hər zaman birinciliyə ən iddialı namizədlərdən biri olub. Son illərdə BDU tələbələrinin aktivliyi öz bəhrəsini vermişdir. Belə ki, onlar digər mühəndislik universitetlərini üstələyərək dördüncü ola biliblər. Əgər BDU tələbələrinin artan templə layihədə iştirakı davam edərsə, yaxın illərdə liderlər qrupuna daxil ola bilərlər.
 
Hesab edirik ki, yaxın 3-4 ildə reytinq cədvəlində yeni namizədlər ortaya çıxacaq. Bu, ilk növbədə Bakı Ali Neft Məktəbi kimi potensiallı təhsil ocağının yaranması və ADA-nın universitet statusu alması ilə bağlıdır. CES-in BANM-la əməkdaşlığı onu deməyə əsas verir ki, BANM tələbələri qəbul imtahanında yüksək bal yığmaqla yanaşı təhsil aldıqları proqramlar da yüksək səviyyədə təşkil olunmuşdur. Bu təhsil ocağının yaxın illərdə ilk üçlükdə yer ala bilmə ehtimalı çox böyükdür. ADA Universitetində yeni mühəndislik, İT və təbiət elmləri fakultələrinin açılması savadlı tələbələrin bu universitetə axınına səbəb ola bilər. Bu baxımdan, gələcək illərdə ADA Universitetinin də mühəndislik sahəsində yüksək səviyyədə təhsil verən universitetlərdən biri olacağı şübhəsizdir. 
Bu, CES-in ilk reytinq qiymətləndirməsidir. Gələcəkdə universitetlərlə məsləhətləşmələrdən sonra metodikalarımız daha da təkmilləşdiriləcək. Nəzərinizə çatdıraq ki, CES (Caspian Engineers Society)müxtəlif beynəlxalq mühəndislik qurumları tərəfindən tanınan və qəbul olunan təşkilatdır. CES 2013-cü ildə Avropa Milli Mühəndis Assosiasiyaları Federasiyasına üzv seçilmişdir və ölkəmizin adı bu qurumda təmsil olunmağa başlamışdır. 2014-cü ilin ilk ayında isə CES Böyük Britaniya Mühəndislik Şurası tərəfindən rəsmi Azərbaycan təmsilçisi kimi qəbul edilərək  Beynəlxalq Mühəndisliyin “Dünya Xəritəsinə” əlavə olunmuşdur. 
http://www.azxeber.com/index.php?action=static_detail&static_id=52295

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF