Təhsil Nazirliyi: Doktorantura və dissertanturaya imtahanlarının nəticələri haqda hesabatlar təhlil edilir
“Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya sənəd qəbulu və imtahanlarının nəticələri barədə hesabatlar təhlil edilir və ümumiləşdirilir”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya qəbul olanlar barədə nəticələr nazirliyə daxil olub.
“Nəticələr təhlil edəcək və qəbulun nəticələrini əks etdirən bütün rəqəmlər hazır olduqdan sonra KİV-ə müvafiq məlumat veriləcək”.
Qeyd edək ki, 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400, o cümlədən dövlət sifarişli 279, ödənişli 121, dissertantlıq yolu ilə hazırlıq üzrə 351, o cümlədən dövlət sifarişli 254, ödənişli 97 yer nəzərdə tutulub. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69, o cümlədən dövlət sifarişli 68, ödənişli 1, dissertantlıq yolu ilə hazırlıq üzrə 93, o cümlədən dövlət sifarişli 89, ödənişli 4 yer nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti)”.