“İtaliyada gənc Azərbaycan diasporu formalaşır”
Fərid Abbasov: “İtalyanlar da bizim kimi istiqanlı, gülərüz, səmimi və qonaqpərvərdirlər”
“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı aktiv və bacarıqlı gənclərimizdən olan Fərid Abbasovdur. Fərid hazırda ikinci magistratura təhsilini alır və bununla bərabər o ictimai, diaspor işlərində də aktivlik göstərir. Adı birincilər sırasında hallanan bu gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik. -Fərid, özünüz haqqında qısa məlumat verərdiniz. - Mən Şəmkir şəhərində anadan olmuşam. İlk təhsilimi Şəmkirdə almışam, daha sonra isə altıncı sinfin sonunda imtahan verərək “Gəncə Azərbaycan-Türkiyə Özəl liseyi”nə daxil olmuşam. Buradakı beşillik təhsilimdən sonra həm İstanbul Universitetinə, həm də Qafqaz Universitetinə daxil olmuşdum. Universitetə qəbul olunanda 15 yaşım var idi. Ailəm təhsilimi xaricdə davam etdirməyim üçün icazə vermədi. Beləcə, Qafqaz Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil aldım. Daha sonra isə İtaliyaya yollandım və burada həm işləyir, həm də təhsilimi davam etdirirəm. -Ailənizin sizin başqa ölkəyə getməyinizə icazə vermədiyini dediniz. Bəs necə oldu ki, İtaliyada təhsilinizi davam etdirə bildiniz? - Düzdür, o zaman belə bir icazə olmadı. Amma mən hər zaman qarşıma xaricdə təhsil almağı məqsəd qoymuşdum və bunun üçün öncə xaricdə olan universitetləri araşdırmağa başlamışdım. Bir neçə ölkənin universitetinə müraciət də etdim. Bunlar arasında ABŞ, Almaniya, İtaliya və İngiltərə var idi. Demək olar ki, yuxarıda sadaladığım bütün ölkələrdən qəbul olmağımla bağlı məktub aldım və çətin seçim qarşısında qaldım. Təbii ki, burada maddi cəhətdən sərfəli və daha keyfiyyətli təhsil almaq üçün məqsədəuyğun universitet seçməli idim. Düzünü desəm, ABŞ seçimim arasında ilk sırada dururdu, amma maddi imkanlarım orada oxumağa imkan vermədi. Daha sonra İtaliya Tor Vergata Universitetini seçəsi oldum. Həmçinin İtaliyada təqaüd imkanları daha geniş idi və bundan başqa yeni bir dil öyrənmək həvəsim də burada başlıca rol oynayırdı. - Yəni, bu seçiminizdən sonra əvvəllər sizə məhdudiyyət qoyan yaxınlarınız sizə dəstək oldular? - Bəli. Təbii ki, bütün bu prosesdə anamın mənə böyük dəstəyi oldu. Təkcə ailəm deyil, həm də dostlar da bu işdə dəstək oldular. Universitet seçimində isə həmişə mənə böyük qardaş olan Seymur adlı dostumun böyük rolu oldu. Artıq, o bu mərhələlərdən keçmişdi və daha təcrübəli idi. O, mənim seçimimi daha da asanlaşdırdı. Həmçinin universitetdə olan müsbət yanaşmalar və onların daha çox qayğı göstərmələri xoşuma gəlmişdi. -Təhsil aldığınız universitet hansı müsbət keyfiyyətləri ilə seçilir? Bir qədər də İtaliya təhsil sistemi barədə söz açardınız. -İtaliyada ilk təhsil aldığım Roma Tor Vergata Universitetində Maliyyə və bank işinin sirlərini öyrənmişəm. Hazırda isə Avropanın ən qədim və tələbə sayına görə ən çox saya malik olan universiteti La Sapienza Universitetində magistr dərəcəsi üzrə İqtisadiyyat fakültəsində təhsil alıram. Ümumiyyətlə, İtaliyada orta məktəb 12-13 illikdir. Daha sonra isə məzunlar üçillik bakalavr dərəcəsi oxumalı olurlar. Sonra isə istəyə görə tələbələr birillik və ya ikiillik magistr proqramlarına müraciət edirlər. Ümumi götürdükdə İtaliya, Almaniya və İngiltərə təhsil sistemindən bir az geridə qalır. Bunun da əsas səbəbi orta məktəblərdə təhsilin aşağı səviyyədə olmasıdır. Ancaq nəzərə alsaq ki, Qərbdə ilk universitet İtaliyada yaranıb və ilk universitet tədrisi Bolonya Universitetində verilib, o zaman bu ölkənin təhsillə bağlı zəngin ənənələri haqda təsəvvür yaratmaq olar. Bolonya Universitetinin yaranma tarixi dəqiq bilinməsə də, onun 1088-ci ildə yarandığı deyilir. Hazırda isə İtaliya universitetlərində müasir standartlara cavab verən texniki baza var, orada Amerika və İngiltərənin qabaqcıl universitetlərində doktorantura təhsili almış müəllim və professor heyəti çalışır. Bir çox universitetlərdə həmçinin məzun olan tələbələr üçün iş yarmarkaları da keçirilir və tələbələr həm staj, həm də iş imkanlarına malik olurlar. Bütün dərsliklər onlayn şəkildə universitetin bazasında yerləşdirilir və hər bir yerdən asanlıqla dərs vəsaitlərindən istifadə etmək olur. Həm universitetdə olan kitabxanadan, həm də şəhərin müxtəlif yerlərində olan kitabxanalardan yararlanmaq olur. İtaliyada müəllim və professor heyəti də tələbələrlə daim maraqlanır və görüş təyin edərək dərsdə anlaşılmayan mövzuları və ya hər hansı sual yaradan məsələləri yenidən öyrədirlər. Ümumiyyətlə, professorlar tələbələrə kömək eləməkdə maraqlıdırlar və tələbələrin akademik həyatda daha uğurlu olması üçün lazım olan köməkliyi göstərirlər. -İtaliyanın sadaladığınız bu yüksək təhsil keyfiyyətlərindən azərbaycanlı tələbələr lazımınca yararlana bilirlərmi? Ümumiyyətlə, onların ictimai, diaspor işlərində aktivliyi qənaətbəxşdirmi? -İtaliyaya ilk dəfə 2011-ci ildə gələndə demək olar ki, çox az sayda azərbaycanlı tələbə tanıyırdım. Fərqli bir mühit və fərqli bir ölkəyə alışmaq çox da vaxtımı almadı və qısa müddətdə yaşadığım mühitə uyğunlaşdım. Lakin ilk olaraq təcrübəsizlik və dil problemi qarşılaşdığım çətinliklərim oldu. Daha sonra isə problemləri dəf edib bütün tələbələri bir araya toplamağa çalışdım. Burada olan tələbələrlə birgə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasını təsis etdik. Əsas məqsədimiz iki ölkə arasında gənclər təşkilatı kimi körpü rolunu oynamaq və Azərbaycandan İtaliyaya gələn tələbələrə köməklik göstərməkdir. Bununla yanaşı Azərbaycanın mədəniyyətini, incəsənətini, musiqi və milli adət-ənənlərini İtaliya ictimaiyyətinə çatdırmaq və iki ölkə arasında şaxələnən inkişafa öz töhfəmizi verməyə çalışırıq. Həmçinin Azərbaycan və Ermənistan arasında olan münaqişəni və Qarabağ həqiqətlərini İtaliya ictimaiyyətinə də dolğun şəkildə çatdırmağa çalışırıq. Assosiasiya bir ilə yaxın təsis olunsa da, bu günə kimi bir çox əhəmiyyətli işlər görmüşük. Bunlara misal olaraq Roma və Napoli şəhərlərində Azərbaycan mədəniyyəti günü və Roma Tor Vergata Universitetində Azərbaycanın tanıdılması və “Tor Vergata Universitetində təhsil perspektivi” adlı dəyirmi masa təşkil olunmasını göstərə bilərəm. Bundan əlavə isə İtaliyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Giovano nel Mondo” və “Sapienza Movimento” təşkilatı, Azərbaycandan isə ASAİF ilə sıx əməkdaşlıq edirik. Bu təşkilatlarla birgə layihələr üzərində çalışırıq. Hazırda, assosiasiyanın İtaliyanın Turin, Napoli, Milan, Florensiya və Perugia şəhərlərində koordinatorları var və çalışırıq ki, həmin şəhərlərdə də tədbirlər həyata keçirək. İtaliyada 150 nəfər azərbaycanlı tələbə təhsil alır və çalışırıq ki, Azərbaycandan İtaliyaya təhsil almağa çoxlu sayda tələbə gəlsin. Azərbaycanın İtaliyadakı səfirliyi də tələbələrlə yaxından maraqlanır və onların problemlərində öz köməkliyini göstərir. Həmçinin, mütəmadi olaraq səfir Vaqif Sadıqov tələbələrlə görüş də təşkil edir və onların fikirlərini, təkliflərini dinləyir, lazım olan tapşırıqlar da verir. Bundan əlavə, qeyd etmək istərdim ki, səfirlik həmçinin Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının bütün tədbirlərində həm maddi, həm mənəvi köməkliyini göstərir. -Qeyd etdiniz ki, İtaliyada təhsil almağa gələn azərbaycanlıların çoxalmasına da çalışırsınız. İtaliyada təhsil almaq istəyən gənclərimizə nələri tövsiyə edərdiniz? -İtaliyaya gəlmək istəyən tələbələrin sayı hər il artır. Bəli, bu sayın çoxalmasını istərdik və deyə bilərəm ki, İtaliyada artıq gənc azərbaycanlı diasporu formalaşır. Bir çox universitetlərlə yaxından əlaqəmiz var və əməkdaşlıq edirik. İtaliyada təhsil alan tələbələr əsasən İqtisadiyyat, Beynəlxalq əlaqələr, Dizayn, Tibb, Maliyyə, Hüquq, Biznesin təşkili və idarə edilməsi və digər fakültələr üzrə seçimlər edirlər. Gənclərimiz bilməlidir ki, burada tədris həm ingilis dilində, həm də italyan dilində aparılır. Hazırda təhsil alan tələbələr tərəfindən daha çox La Sapienza, Milan Politexniko, Tor Vergata, Bocconi, Pisa, Bolonya, Padova, Turin və digər aparıcı ali təhsil ocaqları üstünlük təşkil edir. Bundan əlavə qeyd etmək istərdim ki, İtaliyada təqaüd imkanları da genişdir və universitetlərin tədris ödənişi digər Avropa ölkələrində olan universitetlərə nisbətdə cüzidir. Bir başqa üstün cəhət də ondan ibarətdir ki, azərbaycanlı tələbələr illik ailə gəliri sənədlərini göstərməklə həm universitet ödənişində endirimlər əldə edə bilərlər, həmçinin də universitetin yeməkxana və yataqxanasından cüzi məbləğlər ödəyərək yararlana bilərlər. Universitetlərə qəbulolma şərtləri daha sadədir və sənədləşmə prosesi digər ölkələrə nisbətən daha asandır. Onu da əlavə etmək istərdim ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na İtaliyadan 24 universitet daxildir. Əgər tələbələr universitetlərdən qəbul məktubu alıblarsa, müvafiq sənədləri hazırlayaraq Dövlət Proqramına müraciət edə bilərlər. Bundan əlavə isə italyan dilini öyrənmək istəyən tələbələr universitetin nəzdində olan italyan dili və digər kurslardan heç bir məbləğ ödəməyərək yararlana bilərlər. Bu da tələbələrin sosial həyata daha tez adaptasiya olmasına kömək edəcək. İtaliyaya gəlib təhsil almaq istəyən tələbələrə və onların sənədləşmə proseslərinə mən özüm də kömək edirəm. Tələbələr buyurub bizə müraciət edə bilərlər. - İtalyanların qafqazlılar kimi tempramentli olduqları bildirilir. Bir qədər də İtaliya, italyanlar haqqında danışardınız. Oxşar cəhətlərimiz varmı? - Bu gün İtaliya ilə Azərbaycan arasında olan münasibətlərdəki uğurların əsas səbəbi iki ölkənin xalqları arasında olan qarşılıqlı simpatiya və anlayışdır. Bu, yəqin ki, iki xalq arasında olan oxşarlıqlardan irəli gələn bir haldır. Sizin də vurğuladığınız kimi, hər iki xalq çox istiqanlı, gülərüz, səmimi və qonaqpərvərdir. Bu məqamda azərbaycanlılar ilə italyanların adət-ənənələri, mətbəxi və düşüncə tərzində olan oxşarlıqları da unutmamaq lazımdır. Xüsusən cənubda yaşayan italyanlar da biz azərbaycanlılar kimi ailəyə çox yüksək önəm verir, ailə qurduqdan sonra belə valideynləri ilə yaşamağa davam edirlər. Bizim kimi bütün italyanlar da milli bayramları və xüsusi günləri ənənəvi olaraq ailələri ilə birlikdə tipik italyan yeməkləri ilə bəzədilmiş süfrə arxasında keçirirlər. Romada italyan dostlarımla keçirdiyim zamanlarda onlarla necə oxşar olduğumuzu hiss edirdim. Hətta bizim mətbəximizin nümunəsi olan düşbərə ilə onların “ravioli” adlanan yeməyinin eyni olduğunu kəşf edəndə isə özümü lap Azərbaycandakı kimi hiss etmişdim. - Oxşar cəhətləri sadaladınız. Bəs Azərbaycanın İtaliyadan öyrənməli olduğu nələr var? Bu ölkə daha çox hansı sahələrdə inkişaf edib? -İtaliyadan öyrənməli çox şey var. Bu xüsusən turizm sahəsi ola bilər. Hamıya bəllidir ki, hər il milyonlarla turist bu ölkənin təsviri incəsənətini, memarlıq incilərini, abidələrini, heyranedici təbiətini kəşf etmək üçün ziyarət edir. Bu baxımdan İtaliyada istər turistlər üçün yaradılan əlverişli şərait, istərsə də ölkənin mədəniyyətinin təşviqi çox yüksək səviyyədədir. Düşünürəm ki, bu sahə üzrə onların zəngin təcrübəsindən yararlanmaqla biz ölkəmizə daha çox turist cəlb edə və Azərbaycanın mədəni və tarixi abidələrini, adət-ənənələrini, təbiətini, şəhərlərini daha səmərəli şəkildə tanıda bilərik. İtaliya eləcə də yüngül və yeyinti sənayesi və kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf etmiş ölkə sayılır. Bu sahə üzrə onlardan avadanlıqlar almaqla səmərəli və daha keyfiyyətli məhsullar istehsal edilə bilər. - Bu sahələr üzrə mübadilə və əməkdaşlıq işləri nə yerdədir. Azərbaycan-İtaliya münasibətləri barədə hansısa bilgiləriniz varmı? - Bildiyiniz kimi, Azərbaycanla İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. Bunu Roma imperiyasının XII legionu tərəfindən Qobustanda daş üzərində latın hərfləri ilə yazılmış yazı, məşhur italyan səyyahı Marko Polonun Şərq, Mərkəzi və Orta Asiya yolu ilə Çinə etdiyi səfər zamanı Azərbaycandan keçməsi, Böyük İpək Yolu ilə Azərbaycan ərazisindən keçən çoxsaylı italyan tacirlərinin tarixdə qoyduğu izlər də sübut edir. Coğrafi mövqeyinə görə bir-birindən çox uzaqda yerləşməsinə baxmayaraq, bu gün də hər iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədə inkişaf etməkdədir. Bunu yüksək səviyyəli qarşılıqlı səmərəli səfərlər, imzalanmış çoxsaylı sazişlər, ötən aylarda “Şahdəniz” Konsorsiumu tərəfindən qəbul edilmiş və İtaliyanın da iştirak etdiyi “Transadriatik” qaz kəməri layihəsi, eləcə də ölkələrarası siyasi, iqtisadi, mədəniyyət, turizm və təhsil sahəsi üzrə getdikcə daha da güclənmədə olan münasibətlər də sübut edir. Məlumatım var ki, bu ilin dekabr ayında Azərbaycan və İtaliya Hökumətlərarası iqtisadi komissiyanın növbəti iclası keçirilib və bu iclas zamanı ölkələr arasında mövcud yüksək səviyyəli münasibətlərin hər sahə üzrə daha da möhkəmləndirilməsi üçün önəmli məsələlər müzakirə edilib. -Müsahibədən belə qənaətə gəldim ki, gələcəkdə ölkəmiz üçün yaxşı perspektiv vəd edən gəncsiniz. Gələcək planlarınız barədə də danışardınız. Azərbaycana qayıdıb burada hansısa işlər görməyi düşünürsünüzmü? -Hazırda, ikinci magistr təhsilimi alıram. Demək olar ki, təhsildə istədiklərimə müəyyən qədər nail olmuşam. İş sahəsində isə hazırda İtaliyadakı səfirliyimizdə ştatdankənar referent vəzifəsində çalışıram və konsulluq işləri ilə məşğul oluram. Bundan əlavə isə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasında tələbələrlə birlikdə müxtəlif tədbirlər edirik və bu işi görməyi ilk növbədə özümə borc bilirəm, bundan zövq alıram. Təhsilimi bitirdikdən sonra isə Azərbaycana qayıdıb öz sahəm üzrə çalışmaq istəyirəm. Hədəflərim məni lazım olan istiqamətə aparır. Maliyyə sahəsi də Azərbaycanda günü-gündən inkişaf edir. Amma yenə də çatışmayan cəhətlər var. Bunlara misal olaraq bank sektorunda olan bəzi boşluqları göstərmək olar. Təbii ki, bu müəyyən zamanla olan bir prosesdir. Fikrimcə, ölkəmizdə bu sahədə qısamüddətli hədəflərdən uzunmüddətli hədəflərə keçmə zamanıdır. İnanıram ki, Azərbaycanın bir gün reytinq agentliyi olacaq. Bu işdə isə xaricdə təhsil alan gənc kadrlarımız da öz sözünü deyəcək. |