“Qafqaz”da 20 Yanvar anıldı zaman.az
Qafqaz Universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı “Sirdaş” proqramı nümayiş olundu. Sonra söz müəllifin özünə verildi.
|
Rahib Azəri öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. Rahib Azəri bildirib ki, bu insanlar ölkəmizin müstəqilliyi uğrunda şəhid olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq, ümummilli lider H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Sovet ordusunun 20 yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yolda böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Tədbir universitetin müəllim və tələbə heyətinin Şəhidlər xiyabanını ziyarət etməsi ilə yekunlaşdı.
|