Bakıda «Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya» mövzusunda IV Beynəlxalq konqres keçiriləcəkdir Azərbaycan
Mayın 2-dən 4-dək Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda IV Beynəlxalq konqres keçiriləcəkdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, konqresdə regionun iqtisadi və beynəlxalq əlaqələri müzakirə olunacaqdır.
Konqresin məqsədi qlobal dünya şərtlərində ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya cəmiyyətlərinin müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən elm adamlarını bir araya gətirmək, onların yaşadıqları cəmiyyətin və ümumilikdə müvafiq regionun qarşılaşdığı problemlərin təhlili və müzakirəsi, həll yolları üçün təkliflər irəli sürülməsini təmin etməkdir.
Konqresdə iştirak etmək arzusunda olanlar, regionun müasir problemlərini həll etməyə yönəlmiş, nəzəri və metodoloji baxımdan müstəqil elmi məqalənin xülasəsini yanvarın 15-dək konqres katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. İqtisadiyyatla əlaqədar tezislər congress_economy2014@qu.edu.az, beynəlxalq münasibətlərlə əlaqədar tezislər congress_ir2014@qu.edu.az ünvanına Word formatında göndərilməlidir. Daha sonrakı qiymətləndirmədə yazıları qəbul edilmiş araşdırmaçılardan məqalələrinin tam mətni istəniləcəkdir.
Konqresə iqtisadiyyat bölməsi ilə bağlı təqdim edilən tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində, beynəlxalq münasibətlər bölməsi ilə bağlı tezislər isə yalnız ingilis dilində olmalıdır.
Bölmələr üzrə mövzular, tezislər və digər məsələlər haqqında ətraflı məlumat almaq üçün Qafqaz Universitetinə bu telefon nömrəsi vasitəsilə müraciət etmək olar: (+994) 12 448 28 62 / 66.