“Çağ” Qazaxıstanda gümüşə tutuldu

“Çağ” Öyrətim İşlətmələrinin təhsil ocağı - Azərbaycan-TürkiyəÖzəl Liseyləri beynəlxalq bilik yarışında artıq bu ilin ilk medallarını əldə ediblər. Bir neçə gün öncə bu liseylərin şagirdləri Qazaxıstandan Vətənə 3 gümüş medal gətiriblər.

“Yanvarın 14-20-də Qazaxıstanın Almatı şəhərində keçirilən VII Bynəlxalq Jautıkov adına Fizika-Riyaziyyat və İnformatika Olimpiadasında 3 şagirdimiz gümüş medal qazanıb”. Bu barədə qəzetimizə Azərbaycan-Türkiyə özəl liseylərinin olimpiada koordinatoru Ünal Akçay məlumat verdi. Onun sözlərinə görə, bu bilik yarışında dünyanın 20-yə yaxın ölkəsindən (Rumıniya, Bolqariya, Türkiyə, İndoneziya, Rusiya, Türkmənistan və s.) 46 komanda (296 iştrakçı) öz bilik və bacarığını nümayiş etdirib: “Çağ” Öyrətim Şirkətinin liseyləri bu bilik yarışında 7 nəfərlik komanda ilə təmsil olunub”. Olimpiadanın çox uğurlu keçdiyini vurğulayan həmsöhbətimiz onların yüksək səviyyədə çıxış etdiklərini və 3 gümüş medal qazandıqlarını vurğuladı. Bildirdi ki, Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Azad Salahlı informatika, Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev (o, ötən il 2010-cu il 104 ölkənin iştirakı ilə keçirilən 51-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının gümüş mükafatçısıdır) və Mingəçevir Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Naib Bağırov riyaziyyat fənlərindən gümüş medallar qazanıblar. Artıq Azərbaycan-Türkiyə özəl liseylərinin beynəlxalq yarışlardan əldə etdikləri medalların sayının 434-ə (87 qızıl, 141 gümüş, 206 bürünc) çatdığını vurğulayan Ünal Akçay daha sonra dedi: “Liseylərimiz dünyanın bütün ölkələrində keçirilən bilik yarışlarına qatılır. Bu il şagirdlərimiz dünyanın 12 ölkəsində keçiriləcək 18 bilik yarışında iştirak edəcəklər. Yeri gəlmişkən, onu da vurğulayım ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası (INEPO-EUROASIYA) isə bu ilin aprel ayının 9-10-da Bakıda keçiriləcək. Bu bilik yarışında dünyanın 30-35 ölkəsinin təmsil olunacağı gözlənilir”. “Qazanılan bu kimi uğurlarda ən çox kimin əməyi olub?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Kollektivin”. Və əldə olunan hər bir uğuru Azərbaycan təhsilinin uğuru kimi dəyərləndirdi.
“Təcrübə də mühüm rol oynayır”
Qaliblərlə - Azad Salahlı, Elşad Mustafayev, Naib Bağırovla söhbətdən aydın oldu ki, onlar bu qələbəni 20 Yanvar - Milli Qürur Günü münasibəti ilə Azərbaycan xalqına hədiyyə ediblər. Naib Bağırovun sözlərinə görə, beynəlxalq yarışlarda bilik ilə yanaşı, təcrübə də mühüm rol oynayır. Əldə etdiyi nəticəni o qədər də qənaətbəxş hesab etməyən Naib növbəti bilik yarışında Vətənə qızıl medalla qayıdacağını əminliklə dilə gətirdi. Dördüncü dəfə beynəlxalq bilik yarışlarında iştirak etdiyini vurğulayan Azad Salahlı bu kimi uğurların Azərbaycan təhsilinin dünya arenasında tanınmasında əhəmiyyətli rol oynadığını dedi. Elşad Mustafayev bu uğurun onun üçün gözlənilən olduğunu bildirdi.
Qeyd edək ki, ötən ilin dekabrın 2-11-də Nigeriyanın Abuja şəhərində 35 ölkənin 180 şagirdinin iştirakı ilə keçirilən Yeniyetmələrin VII Beynəlxalq Elm Olimpiadasında Şəki Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Ramazan Ramazanov və Şirvan Özəl Türk Liseyinin 9-cu sinif şagirdi Balaqardaş Bəşirov  bürünc medallara layiq görülüblər. www.zaman.az
27.01.2011
Qvamİ Məhəbbətoğlu,Rafael MayIlbəy

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF