ARDNŞ-də Azərbaycan ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir
Yanvarın 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2009-2010-cu tədris ilinin II semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir. Mərasimi ARDNŞ prezidenti Rövnəq Abdullayev açaraq, Şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına uyğun olaraq gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə Şirkətdə görülən işlərdən danışmışdır.
ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Şirkətin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi kadr hazırlığı proqramı haqda iştirakçılara ətraflı məlumat vermişdir. O, ARDNŞ təqaüdlərinin 2004-2005-ci tədris ilindən etibarən ADNA tələbələrinə verildiyini, sonrakı illərdə müsabiqənin əhatə dairəsinin genişləndirildiyini qeyd etmişdir. 2009-2010-cu tədris ilinin II semestri üzrə müsabiqənin nəticələri üzərində ətraflı dayanan X.Məmmədov 14 ali təhsil müəssisəsindən Təqaüd Proqramına 940 tələbənin müraciət etdiyini, 119 tələbənin, o cümlədən bakalavr təhsil pilləsi üzrə II, III və IV kursların hər birindən 30 tələbənin, magistraturanın I kursundan 16, II kursundan isə 13 tələbənin ARDNŞ-nin təqaüdçüsü adına layiq görüldüyünü bildirmişdir. X.Məmmədov ARDNŞ-də 2006-cı ildən etibarən perspektivli neftçi mütəxəssislərin hazırlanması məqsədi ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Təqaüd Proqramından danışarkən demişdir ki, indiyədək Proqrama cəlb edilmiş 118 təqaüdçüdən 37 nəfəri təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Vətənə qayıtmış və ARDNŞ-nin müxtəlif strukturlarında işlə təmin olunmuşlar. Hazırda təhsili maliyyələşdirilən 81 təqaüdçünün 35 nəfəri bakalavr, 46 nəfəri isə magistr dərəcəsi üzrə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Türkiyə, Kanada, Hollandiya və Norveçin nüfuzlu universitetlərində təhsil alır. ARDNŞ-nin vitse-prezidenti 2010-cu ildə ilk dəfə olaraq ölkədə və xaricdə müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrə yay tətili müddətində ödənişli istehsalat təcrübəsi keçmək məqsədi daşıyan “Yay təcrübəsi proqramı”na başlanıldığını qeyd etmişdir.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, ADİU-nin rektoru Şəmsəddin Hacıyev və başqaları son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil siyasətindən, onun müxtəlif istiqamətlərindən söz açmış, Dövlət Neft Şirkətinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında oynadığı roldan danışmış, Şirkətin kadr hazırlığı üzrə layihələrini yüksək qiymətləndirmişlər.
Sonra ARDNŞ təqaüdünə layiq görülmüş 119 tələbəyə, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasının 84, Bakı Dövlət Universitetinin 17, Qafqaz Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin hər birinin 7, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə plastik kartlar və şirkətin xatirə hədiyyələri təqdim edilmişdir. Tədbirin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev bir daha müsabiqə iştirakçılarını təbrik etmiş, onlara daha böyük müvəffəqiyyətlər arzulamışdır.
http://www.socar.az/3018-news-view-az.html