Azərbaycanda ali məktəblərin reytinq siyahısı açıqlanıb.
Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5424 abituriyent 500-dən çox, 1414 abituriyent 600-dən çox bal toplayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Komissiya sədri Azərbaycanda ali məktəblərin reytinq siyahısını açıqlayıb.
Azərbaycanda ali məktəblərin reytinq siyahısına Prezident yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Məleykə Abbaszadə dedi ki, 2-ci yer Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Dövlət Neft Akademiyasına, 5-ci yer isə Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı da Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın 2-ci qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir. TQDK sədrinin dedi ki, qəbul imtahanlarında 5424 abituriyent 500-dən çox, o cümlədən 1414 abituriyent 600 bal toplayıb.
Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 68-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. Ötən il qəbul planı bütövlükdə 93,31 faiz dolub. 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili geniş formada “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub. Əlavə edək ki, bu gündən ali məktəblərin magistratura pilləsində təhsil almaq istəyən bakalavrlar üçün ərizə qəbulu başlayır. Ərizələrin qəbulu fevralın 7-dək elektron formada aparılacaq.