Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub
Açılış
 mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet 
Saniç bildirib ki,  güclü  universitet olmağın ən önəmli şərtlərındən 
biri sənaye və iş dünyası  ilə sıx əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq 
iqtisadi və sənaye yönündə ölkənin inkişafını təmin edir. Qafqaz 
Universitetinin son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin 
“neft kapitalını insan kapitalına çevirmək” ideyalarını hayata 
keçirməkdə olduğunu diqqətə çatdıran rektor yeni açılan mərkəzin bu işə 
böyük töhfə verəcəyinə əminliyini söyləyib və  “Koç Sistem” rəhbərliyinə
 onlara  dəstək olduğu üçün təşəkkür edib.
“Koç
 Sistem - Azərbaycan” şirkətinin baş direktoru, professor Ali Bülent 
Kutvan bildirib ki, Qafqaz Universiteti Texnoparkında Tədqiqat 
Mərkəzinin açılmasinda əsas mədsəd “Azərbaycan 2020: gələcəyə baxış” 
İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin 
rəqəmsallaşması prosesinə dəstək verməkdir.
Çıxışında
 yeni layihəni alqışladığını bildirən akademik Ziyad Səmədzadə  
Azərbaycan sənayesi tarixində belə bir hadisənin baş verməsi mərasimində
 iştirak etməsindən sevindiyini dilə gətirib. Komitə sədri  son illər 
ölkəmizdə rəqabətədavamlı iqtisadiyyat və sənaye sahələrinin 
yaradılması  istiqamətində  mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
“Azərikimya” 
 İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev  və digər 
çıxış edənlər də Tədqiqat Mərkəzinin açılışını yüksək qiymətləndirib, 
onun  Qafqaz Universitetinin  Texnoparkının inkişaf etdirilməsi, 
bütövlükdə universitetin maddi-texniki  bazasının genişləndirilməsinə, 
nəticədə  tələbələrin hazırlıq səviyyəsinin artmasına təkan verəcəyini 
söyləyiblər.
Çıxışlardan sonra    rəmzi açılışı bildirən qırmızı lent kəsilib və  qonaqlar Tədqiqat Mərkəzi ilə tanış olublar.  
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
“Azərbaycan müəllimi”
http://www.muallim.edu.az/arxiv/2015/47/14.htm
                            