Startapçılar yetişdirən “QUTexnopark”- dan reportaj

Qafqaz Universitetinin tərkibində Texnopark fəaliyyət göstərir. "QUTexnopark" Universitet infrastrukturunda mühüm əhəmiyyət kəsb edən bölmələrdən biridir. 20 ayrı ofisdən ibarət olan "QUTexnopark" 1000 m2-lik sahəni əhatə edir.

Qafqaz Universiteti Texnoparkının (QUtechnopark) direktoru İsa Qasımov Xəbərlər-ə Azərbaycanda universitet daxilində texnopark fəaliyyətinə ilk dəfə Qafqaz Universitetinin başladığını deyir:
“2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark" adlandırılıb. Texnopark təsis olunarkən ABŞ, RF, İsveç, əsasən isə Türkiyə universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürüldü. QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir. Texnoparklarda ekosistemin inkişafında İnkubasiya Mərkəzlərinin rolu böyükdür. Burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi potensialı üzrə çıxararaq onu inkişaf etdirməkdir”.


İsa Qasımov  bu məqsədlə də QUTexnoparkın hazırda Yeni Fikir Müsabiqəsi layihəsinin həyata keçirildiyi vurğulayıb:  “Yeni Fikir Müsabiqəsinin məqsədi gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verməkdir. Müsabiqədə müxtəlif sahələr üzrə, mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s. yeni iş fikirlərinin inkişafına dəstək verilir. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər”.



Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur.
İsa Qasımov qeyd edib ki, 3 il ərzində Yeni Fikir Müsabiqəsinə 422 layihə gəlib və hazırda onlardan 22-sinə birbaşa dəstək verilir: “Bilirsinizmi, startapçıların əksəriyyəti niyə gənc olur? Çünki onların həyata baxışı fərqlidir. Burada bir çox amillər rol oynayır.  Məsələn, indiki yeniyetmə və ya gənclərin baxdığı cizgi filmlər nisbətən yaşlı nəslin baxdığı cizgi filmlərdən tamam fərqlidir.
 Elm, innovasiya qarşıya yeni hədəflər qoymursa, deməli inkişaf etmir. Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur. Startapçılar insanlara, bəşəriyyətə daha "lüks" imkanlar təklif edərək pul qazanırlar. Startapçıya 10 minlik investisiya yatırsan, 100 min istəyəcək ki, daha "lüks" şərait yarada bilsin.  Texnoparkda elə startapçı var ki, 200 manatla layihəyə başlayıb, amma hazırda 10-15 minlik bir dövriyyə onu qane etmir. Soruşsan deyəcək ki, mənə daha böyük bir investisiya lazımdır. Çünki startapçıların hədəfləri günü-gündən böyüyür. Belə olmasa, bu iş getməz. Ona görə, heç yerdə startapçıya qoyulan imkanlar yetərli sayılmaz”.



İsa Qasımov vurğulayır ki, Texnopark fəaliyyətində fəaliyyətlərə biznes müstəvisindən baxmaq önəmlidir: “Əgər yaxşı şirkət qurmaq istəyirsənsə, bir ayağın xaricdə olmalıdır. Çünki qloballaşma bunu tələb edir. Buna görə də rəqabətə davamlı investisiyalar olmalıdır. Müasir iş dünyasında akademik fəaliyyət çox böyük rol oynayır. Əgər bu ikisini (iş dünyasının peşəkalığı ilə universitetlərin akademik bacarıqlarını ) bir arada idarə edə bilirsinizsə, uğurlarınız çox olacaq. Dünyanın bütün inkişaf etmiş, sənayeləşmiş ölkələrində bu belədir.
Startap, insanların hər hansı problemini həll edə bilən məhsullar ortaya çıxaran fikirlərin üzərində işləyərək inkişaf etdirilmə fəaliyyətləri ilə başlayır. İnsanların daha "komfort" şəraitdə yaşamaq istəyi startapçılar üçün yeni fürsətlər açır. Hədəflər böyük olmalıdır. Mühəndis insan ortadakı dəyərlərə dəyər qatır. Buna görə də təcrübəli mühəndislər qazancını aylıq maaşla deyil, daha yüksək göstəricilərlə hesablayır”.



İsa Qasımov bildirib ki, QUtechnopark-da 1 İnkubasiya Mərkəzi, 10 şirkət fəaliyyət göstərir: “Mərkəzdə Universitet daxilində yeni fikir müsabiqəsində iştirak edən və ya etməyən startap layihəsi olan gənclər çalışır. Burada yeni fikirlər formalaşır və inkişaf etdirilir. Bura təşəbbüskar gənclərin çox istifadə etdiyi bir məkandır. Texnoparkda fəaliyyət göstərən şirkətlərdə 60 nəfər işləyirsə, bunlardan 30-a yaxını müəllim və tələbədir. Bizi fərqləndirən ən başlıca amil Qafqaz Universiteti markasıdır və müəllim və tələbələr bu markadan faydalanmaq imkanına sahibdir”.
İsa Qasımovun sözlərinə görə, QUtechnopark şirkətlərin və startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar- İnternet, mentorluq, hüquqi və s. xidmətlərlə təmin olunub.



İsa Qasımov gələcəkdə texnoparkların formalaşması və onların fəaliyyətini tənzimləyən hüquqi bazanın olacağına ümid etdiyini vurğulayıb.
QUtechnopark-da ofis açaraq innovasiya fəaliyyəti göstərən şirkətlər isə bunlardır: AZEL ELEKTRONIK LTD, Mina MMC, EkspertTV.az ("MilliByte" şirkəti ilə ortaq layihə əsasında), Weby.az, İTB-world, CeDAWI, ACCODERS MMC, Azer.Net  MMC, EMBT Group Consulting, AEEC LLC











Mirvari Nəcəf
 http://xeberler.az/new/details/startapcilar-yetisdiren-qutexnopark-dan-reportaj--9491.htm

QafqazLife

Instagram