21 Nisan 2015 Salı

"Ola bilər ki, gələcəkdə QUtechnopark-ın Bakının mərkəzində və ya Silikon Vadisində də ofisi açılsın"

Isa QasimovTechnimum-un budəfəki müsahibi QUTechnopark-ın direktoru və Yeni Fikir müsabiqəsinin layihə rəhbəri İsa Qasımovdur.
Technimum: QUTechnopark necə yaradılıb?
İsa Qasımov: Qafqaz Universiteti Texnoparkı formalaşdırılarkən ABŞ, İsveç, Türkiyə və RF-nın təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta Doğu Texniki Universiteti), İTU (İstanbul Texniki Universiteti) və YTU-nun (Yıldız Texniki Universiteti) Texnopark nümunələri əsas götürülərək Qafqaz Universiteti Texnoparkı təsis edilmişdir. Başlıca olaraq ODTU Texnoparkının inkişaf xətti əsas götürülmüşdür.

Technimum: Sizin əsas hədəfləriniz hansılardır?
İsa Qasımov: QUTechnopark-ın əsas hədəfləri təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətlənməsinə dəstək vermək, və innovasiya sahibkarlığını inkişaf etdirməkdir. Biz, həmçinin, Azərbaycanda innovasiya iqtisadiyyatına, o cümlədən qeyri-neft sektorunun inkişafına dəstək oluruq.

Technimum: QUTechnopark-ın gələcəyə baxışları nədir?
İsa Qasımov: Missiyamızdan irəli gələn hədəflərə nail olmaq üçün davamlı yenilən layihələrin təsis olunması, innovasiyaların formalaşdırılması və inkişafında münbit şəraiti özündə əks etdirən ekosistemi inkişaf etdirmək.
Isa Qasimov
Technimum: QUTechnopark biznes inkubatoru indiyə kimi hansı naliyyətlər əldə edib?
İsa Qasımov: Azərbaycanda Universitet daxilində ilk dəfə texnopark fəaliyyəti göstərən qurum kimi tanınıb, və hazırda QUTechnopark-da ekosistemin inkişafı üçün maraqlı layihələr keçirilir, məsəl üçün Yeni Fikir Müsabiqəsi, Təşəbbüskarlıq və İnnovasiya seminarları və s. 3 il ərində Yeni Fikir Müsabiqəsinə 422 layihə gəlib, və hal hazırda onlardan 22-sinə birbaşa dəstək verilir.

Technimum: Yeni Fikir müsabiqəsinin indiyə qədər ən maraqlı iştirakçıları kimlər olub?
İsa Qasımov: Əslində maraqlı layihələr çoxdur. Məsələn YFM 2014-ün qalibləri olan beş layihənin hamısı maraqlı layihələrdir. (BethClip, TuningFork, Bayquş, Antiviruslar.az, GriG). Təbii ki ən maraqlıları Yeni Fikir 2013 Müsabiqəsinin qalibi «Alternativ Yanacaq» və Yeni Fikir 2014 Müsabiqəsinin qalibi «BethClip» olduğları qənaətindəyəm.
BethClip
Technimum: Növbəti Yeni Fikir müsabiqələrindən nələr gözləyirsiniz?
İsa Qasımov: Əminəm ki, bu ilki nəticələr daha uğurlu olacaq. Ümid edirəm ki, ən azı 2-3 layihənin bir il ərzində şirkət kimi fəaliyyətə başlayacağını birlikdə müşahidə edəcəyik.
Yeni Fikir 2015 Müsabiqəsində 12 layihə finala vəsiqə qazanıb. Bu layihələrin hamısını qalib hesab edirəm. Ancaq şərtlərə görə ən yaxşı 10 layihə bizdən birbaşa dəstək alacaqlar. Əlbəttə, digər layihələrin inkişafına da dəstəyimiz mümkündür. Bu həm də layihə müəlliflərinin prosesə yanaşmasından asılıdır.

Technimum: QUTechnopark şəhərdən nisbətən uzağıda yerləşir, bunun həllini nədə görürsünüz?
İsa Qasımov: Bu vəziyyət bizim üçün çox da ciddi problem deyil. Çünkü Qafqaz Universiteti Texnoparkı elm və təhsil sahəsində yüksək nəticələri ilə fərqlənən Qafqaz Universitetinin şəhərciyində yerləşir. Qafqaz Universitetinin biznes dünyası ilə sıx əməkdaşlığı da bizim işimizə müsbət təsir edir. Ola bilər ki, gələcəkdə QUtechnopark-ın Bakının mərkəzində və ya Silikon Vadisində də ofisi açılsın. Ancaq bizim əsas məqsədimiz Qafqaz Universiteti Kampüsündə arzuedilən ekosistemi inkişaf etdirməkdir. Bu məqsədlə Universitetin kampüsündə ərazi də ayrılıb. Ümid edirəm ki, yaxın gələcəkdə Qafqaz Universitetinin kampüsündə QUTecnoparkın ucalan binalarını görə biləcəyik. Fikrimcə, həm startapçılara, həm də investora əsas lazım olan münbit şəraiti olan ekosistemdir. Belə bir ekosistem formalaşdırılarsa, Qafqaz Universitetinin kampusu heç də uzaqda deyil.
QUTechnopark
Technimum: QUTechnopark-ı bazarda digər oyunçulardan və biznes inkubatorlardan fərqləndirən cəhətlər hansılardır? Onların yanında QUTecnopark hansı yeri tutacaq?
İsa Qasımov: Fikrimcə, bizi fərqləndirən ən başlıca amil Qafqaz Universiteti markasıdır. Burada olan təşəbbüskar gənc potensial, yeniliyə maraq göstərən professor-müəllim heyəti, eləcə də iş dünyasının marağını çəkə bilən akademik yanaşma bizim ən üstün cəhətlərimiz olduğu qənaətindəyəm. 
Sonuncu kursda oxuyan tələbələrimizə gələcək karyeraları haqında soruşanda, onların bir çoxundan öz şirkətini qurmağı planlaşdırdığına dair cavablar alırıq. Bu əhəmiyyətli məqamdır. Eyni zamanda qeyd etməliyəm ki, Qutexnopark-da Universitet müəllimlərinin də şirkət qurmaları üçün şərait yaradılıb. 
İş dünyası ilə sıx əməkdaşlıq, beynəlxalq təcrübənin davamlı öyrənilməsi, yenilkçi və çevik yanaşmalarımız bizi fərqli edən tərəflər olduğu qənaətindəyəm.

Technimum: QUTechnopark-ın gələcək inkişafını necə görürsünüz?
İsa Qasımov: Ümid edirəm ki, Azərbaycanda texnoparkların formalaşması və onların fəaliyyətini tənzimləyən hüquqi baza yaxın gələcəkdə qüvvəyə minəcək. Dövlət inkişafı dəstəkləyən tənzimləyici hüquqi yanaşmanı tətbiq etdiyi təqdirdə, biz bu işə hazırıq. Ümidlərimiz yüksəkdir. Dünyanın hər yerində Universitetlər öz işini innovasiyaları dəstəkləyən və inkişaf etdirən yanaşmaları ilə daha səmərəli işlər görə bilirlər. Biz bunun fərqindəyik. Hazırda, texnoparkın arzu edilən ekosistemə çevrilməsi üçün, biz heç nəyi əsirgəmirik. Fikrimcə, bunu siz də müşahidə edirsiniz.

Technimum: Sizə qoşulmaq istəyən iştirakçılar necə qeydiyyatdan keçə bilərlər?
İsa Qasımov: QUtexnopark-la əməkdaşlıq etmək istəyən startapçılar və ya şirkətlər bizə müraciət edə bilərlər. Bunun üçün bizim rəsmi səhifələrimizə daxil ola bilərlər: qutechnopark.az/  yenifikir.az/. Bununla belə biz davamlı olaraq müxtəlif layihə və proqramlar təşkil edirik — Yeni Fikir Müsabiqəsi, Təşəbbüskarlıq seminarları, Daxili startupların dəstəklənməsi, İşgüzar görüşlər, innovasiya seminarları və s.

Technimum: İştirakçıları qəbul edərkən hansı meyarlara diqqət yetirirsiniz?
İsa Qasımov: İstənilən şirkət üçün başlıca meyar odur ki, bizimlə əməkdaşlıq etmək istəyən tərəfin ya innovasiyaların inkişafı xarakterli layihəsi olmalı, və ya bu istiqamətdə ciddi təklifləri olmalıdır. İnnovasiya fəaliyyəti ilə məşğul olmayan şirkətlərlə işləməkdə, ilkin olaraq, maraqlı deyilik. Digər tərəfdən gələn təkliflərə bizim tərəfimizdən verə biləcəyimiz yeni dəyərlər üçün potensial imkanlar müzakirə edilir.
Isa Qasimov
Technimum: Suallarımızı cavablandırdığınız üçün Sizə təşəkkür edirik, və QUTechnoparka uğurlu fəaliyyət və naliyyətlər arzulayırıq!
İsa Qasımov: Biz təşəkkür edirik.