İKT mühiti Qafqaz Universitetinin lokomatividir

Xəbərlər “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir. Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır. 
Lahiyənin budəfəki məkanı Qafqaz Universiteti olub.
Universitetin  İKT mühitinin vəziyyəti ilə Sizi tanış edirik.
Böcəklərə çevrilən köhnə kompüter və mauslar
İlk olaraq Universitet binasının tavanındakı “Mauslar” diqqətimizi çəkir.
Universitetin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyevdən bu kompozisiya haqqında məlumat alırıq. O, bizə kompozisiyanın “İZ” sosial layihəsinin bir hissəsi olduğunu deyir:  “Layihənin məqsədi Universitet Şəhərciyinin gözəlləşdirilməsində əməkdaşların və tələbələrin iştirakını təmin etmək, onların fikirlərinin Universitet Şəhərciyində  real "İZ"lərini saxlamaqdır.
Universitetin nəzdində fəaliyyət göstərən dizayn kursunun tələbələri köhnə kompüter, maus və klaviatura parçalarından ibarət olan, məharətlə rənglənmiş "Uğur böcəyini" xatırladan gözəl kompozisiya hazırlayıblar.  Bu “uğur böcəkləri” də  tələbələrin Universitetdə buraxdığı ən dəyərli İZlərdən hesab olunur”.

Universitetdə 2009-cu ildən İKT Elmi Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Mərkəz Azərbaycanda, əsasən Qafqaz Universitetində İKT sahəsində çalışmaya həvəsli olan tələbələrə dəstək məqsədilə yaradılıb. Mərkəzin əsas iş sahəsi elmi qaynaqların və layihələrin üzə çıxarılması, işlədilməsi, daşınması, məlumat təhlükəsizliyi və siyasəti, texnologiya mövzularında elmi araşdırmalar və analitik tədbirləri reallaşdırmaq, layihələr  təqdim etmək və qiymətləndirmək, proqram təminatını inkişaf etdirməkdir.
Mərkəzin 80 üzvü var və əksəriyyəti tələbələrdir. Mərkəzdə çalışan tələbələr içərisində yalnız kompüter mühəndisliyi üzrə deyil, başqa ixtisas sahəsi üzrə təhsil alan tələbələr də vardır. Həmçinin mərkəzin işçiləri arasında digər universitetlərdə təhsil alanlar da çoxdur. Mərkəzin bir neçə prioritet İKT sahələri vardır. Bunlara proqramlaşdırma, veb dizayn və proqramlaşdırma, kompüter şəbəkələrinin qurulması və idarə edilməsi, robototexnika və süni zəka sahələri aiddir.

“Rəqib”lərini məğlub edən robot bu Universitetin məhsuludur
Ceyhun Vəliyev onu da xatırlatdı ki, Qafqaz Universitetinin  İKT Elmi Tədqiqat Mərkəzinin  robototexnika qrupunun "QUsumo" komandası ötən ilin mayında Rumıniyada keçirilən  "İnfomatrix" beynəlxalq yarışında iştirak edib. Müxtəlif ölkələrdən çoxlu sayda komandanın qatıldığı yarışda "QUsumo"nın hazırladığı LEGOSUMO yapon güləşi robotu bütün "rəqib"lərini (digər komandaların anoloji robotlarını) məğlub edərək qızıl medala layiq görülüb.
Universitetdə kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirlinin iştirak etdikləri bu olimpiada robot sahəsində dünyada ən səviyyəli yarışmalardan hesab olunur.

TEMPUS otağı
TEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin koordinatoru olduğu layihənin əsas məqsədi ECDL (European Computer Driving Lisence)  Milli Test Mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartların tətbiqi hədəflənib. ECDL Beynəlxalq Kompüter Səviyyə ölçmə sertifikatıdır. Kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. Universitetin ECDL sertifikatı alan müəllimlər kompüteri ən yüksək səviyyədə bilənlərdir.
Universitetin 60-a yaxın otağında ağıllı lövhələr yerləşdirilib. Xüsusən, dil mərkəzlərində bu lövhələrdən tələbə və müəllimlər səmərəli və effektiv formada  istifadə edirlər.

Universitetin nəzdində tələbələr, müəllimlər üçün kompüter avadanlıqlarının satışı da həyata keçirilir. Avadanlıqların satış qiyməti ilə maraqlandıqda isə bizə aydın oldu ki, burada satılan avadanlıqlar adi mağazalardakı satış qiymətindən müəyyən qədər aşağıdır.
Ceyhun Vəliyev bildirir ki, tələbələr beləliklə, Universitet şəhərciyindən kənara çıxmadan bütün ehtiyaclarını qarşılaya bilirlər.

İnformatika  Laboratoriyaları
Universitetlə tanışlığımız zamanı öyrənirik ki, Qafqaz Universitetində tədris məqsədilə hər birində 30 kompüter olmaqla 4 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar zəruri İT avadanlıqlarla,  multimedia projektorlarla təchiz edilib. Kompüter laboratoriyalarında İnformatika və proqramlaşdırma dilləri tədris olunmaqla yanaşı, həmçinin bir çox bölmələrdə ixtisas fənlərinin kompüter mühitində tədrisi prosesi də həyata keçirilməkdədir. Bütün kompüterlər lokal şəbəkədə birləşdirilib və mərkəzi server vasitəsilə İnternet şəbəkəsinə qoşulub.

Riyaziyat və İnformatika müəllimliyi bölməsinin laboratoriyası da tələbələrin ixtiyarına verilib.

CISCO CCNA Laboratoriyası
Universitetdə 18 kompüter və CISCO avadanlıqları ilə təchiz olunmuş bir CISCO CCNA laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriya da bütün zəruri texnoloji avadanlıqlarla  təchiz edilib. Laboratoriya “FAB boyaları” şirkətinin sponsorluğu ilə qurulub. Burada İnformatika və proqramlaşdırma dilləri tədris olunur.

GSM texnologiyaları laboratoriyası
Universitetdə dünyanın ən son mobil texnologiyası 4G(LTE) avadanlığı ilə təmin edilən laboratoriya fəaliyyət göstərir. Azercell Telekom MMC tərəfindən yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və məsləhətləşmələr, tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb. Laboratoriyada mobil rabitədə son 3 nəsil texnologiya -2G, 3G, 4G radio-baza stansiyaları qurulub. "Azercell" ilə Qafqaz Universiteti arasında  səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin "Barama" layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin "Azercell"in "Tələbə Təqaüdü" proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz bu universitetin tələbələri üçün yeni nəsil texnologiyaları üzrə təlim keçir. Apple kompüterləri ilə təchiz olunmuş laboratoriya tələbələrə Mac dərsləri verir.

Sərbəst istifadəyə açıq kompüter laboratoriyası
Universitetdə 40 kompüterlik sərbəst istifadə laboratoriyasında tələbələr asudə vaxtlarında İnternet vasitəsilə tədqiqat işləri apara bilir, ev tapşırıqlarını, kurs işlərini yerinə yetirirlər. Kompüter laboratoriyalarında mütəmadi olaraq Proqramlaşdırma və İnformatika üzrə universitet daxili və Respublika olimpiadaları, kompüter kursları, həmçinin İnformatika üzrə müəllimlərin təkmilləşdirmə layihələri üzrə təlimi həyata keçirilir.

Sinxron tərcümə metodik mərkəzi
Bu Mərkəz ilk dəfə Qafqaz Universitetində yaradılıb. Mərkəz 9 kabinetdən ibarətdir. Biri əsas, yəni müəllimlər, digər 8-i isə tələbələr üçün nəzərdə tutulub. Əsas kabinetdə müəllim olmalıdır, ya da hər hansı material səsləndirilməlidir. Digər 8 kabinetdə olan tələbələr də onu operativ olaraq tərcümə etməlidirlər. Kabinetdən kənarda olan tələbələr isə qulaqcıqlar vasitəsi ilə həmin tərcümələri dinləyə və sonra səhvləri müzakirə edə bilərlər. 

Universitetdə şifrəsiz Wi-fi şəbəkəsi var. Ümumilikdə Universitetdə 13 kompüter laboratoriyası, 60-a yaxın ağıllı lövhələr var. Müəllimlərin özlərinin şəxsi noutbukları var. Tələbələrin hamısının  Universitet kompüterlərindən  istifadə imkanları var. Hətta Universitetin koridorlarında da kompüterlər yerləşdirilib. Tələbələr bu kompüterlər vasitəsilə istədikləri əməliyyatı həyata keçirə bilərlər.

Server otağı
Universitetin İT mərkəzinə 80 Mb/s sürətində   İnternet daxil olur.  Söhbət əsnasında onu da öyrənirik ki, İT Mərkəzin və serverlərin təhlükəsizliyinə xüsusi olaraq diqqət yetirilir.

Kompüterlərin təmir olunduğu otaq 

3 milyondan çox elektron kitab, 20 mindən çox elektron jurnal
Universitet kitabxanasında 100 minə yaxın kitab var. Kitabların böyük qismini, Azərbaycan, türk, ingilis dilində olan kitablar təşkil edir. Az sayda isə ərəb, fars, rus, alman dilində kitablar var. Tələbələr yalnız onlayn sifariş verməklə kitabları əldə edə bilirlər. Belə ki, tələbələr Universitetin rəsmi saytına girib, öz şəxsi hesablarından (hər bir tələbənin universitetin rəsmi saytında şəxsi hesabı var) daxil olaraq “Search” bölməsini seçərək onlayn şəkildə kitab sifariş edirlər.
O, cümlədən Universitetin rəsmi saytına daxil olaraq 3 milyondan çox elektron kitab, 20 mindən çox elektron jurnaldan tələbələr səmərəli şəkildə istifadə edə bilirlər. Universitetin ayrıca kitabxana proqramı da var və onlayn şəkildə sifarişlər və sifarişlərin yerinə yetirilməsini proqramı da aşkar şəkildə görmək mümkündür.

3D printerlər
Universitetin mühəndislik laboratoriyasında 3D printerlər yerləşir. ABŞ istehsalı olan aparat müxtəlif qurğular və onların detallarını çap edən printer kiçik avtomobil modelini 7 saata ərsəyə gətirə bilir. Belə modellərdən əsasən, dizayn işlərində əvvəlcədən təsəvvür yaratmaq üçün istifadə olunur. Modeli hazırlamaq üçün 1 qat toz və 1 qat yapışdırıcıdan istifadə olunur. Və hər qatın ölçüsü 0,8 millimetrdir. Bu ölçünü kiçiltmək də mümkündür. 3D printerləri vasitəsilə daha dəqiq ölçüdə fiqur əldə etmək mümkündür.

Kompüterə bağlı olan cihazlar
Kimya, texnoloji proseslər, fiziki-kimya laboratoriyaları, analitik kimya laboratoriyalarında tələbələrin sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti kompüter dəstəklidir. Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki və bioloji proseslərin kompüter texnologiyası vasitəsi ilə layihələndirilməsi, istiqamətləndirilməsi, idarə olunması və optimallaşdırılması üçün nəzərdə tutulub.

Azərbaycana ilk texnopark anlayışını Qafqaz universiteti gətirib.
Qafqaz Universitetində fəaliyyət göstərən Texnoparkın rəhbəri İsa Qasımov bildirir ki, Azərbaycana ilk texnopark anlayışını Qafqaz universiteti gətirib.

O, qeyd edib ki, 2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark" adlandırılıb. Bu ali məktəbdə texnopark təsis olunarkən Türkiyə universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürülüb. QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir. Texnoparklarda fəaliyyətlər İnkubasiya Mərkəzlərindən başlayır ki, burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi potensialı üzrə çıxararaq onu inkişaf etdirməkdir. Məhz bu məqsədlə də QUTexnopark hazırda Yeni Fikir Müsabiqəsi layihəsini həyata keçirir. Yeni Fikir Müsabiqəsinin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verməkdir.


İsa Qasımov vurğulayır ki, Texnopark fəaliyyətində pul, qazanc önəmlidir: “Əgər yaxşı şirkət qurmaq istəyirsənsə, bir ayağın xaricdə olmalıdır. Çünki qloballaşma bunu tələb edir. Buna görə də rəqabətə davamlı investisiyalar olmalıdır. Müasir iş dünyasında akademik fəaliyyət çox böyük rol oynayır. Əgər bu ikisini bir arada idarə edə bilirsənsə, uğurların çox olacaq. Dünyanın bütün inkişaf etmiş, sənayeləşmiş ölkələrində bu belədir. Startap, ağlımdakı fikirlərimlə qazanıram deməkdir . İnsanlar daha komfort şəraitdə yaşamaq istəyir. Startapçılar da işə bu mövqədən yanaşırlar. Hədəflər böyük olmalıdır. Mühəndis insan ortadakı dəyərlərə dəyər qatır. Buna görə də mühəndisin qazancı maaşla hesablanmır, artıq milyonlarla, milyardlarla hesablanır”.

İsa Qasımov bildirir ki, Qafqaz Universitetində İnkubasiya Mərkəzi, 10 şirkət fəaliyyət göstərir. Texnoparkda fəaliyyət göstərən şirkətlərdə 60 nəfər işləyirsə, bunlardan 30-a yaxını müəllim və tələbədir. Onlar Qafqaz Universiteti markasından faydalanmaq imkanına sahibdir.
Texnopark rəsmisi yaxın vaxtlarda Texnopark üçün dövlət lisenziyası alacaqlarına ümid etdiklərini bildirib: “Hələki dövlət lisenziyamız yoxdur. Çünki bugünkü qanunvericilik hələ tam hazır deyil. Lisenziya məsələləri müzakirə olunur. Dövlət və özəl texnoparklara yanaşmalarda müəyyən  nüansları nəzərə almaq lazım gəlir. Yaxın vaxt ərzində lisenziya alacağımıza ümid edirik”.
Mirvari Nəcəf
 Ruhəngiz Muradova




QafqazLife

Instagram