22 Nisan 2015 Çarşamba

“Qızlar cəsarətli olsalar, İT sahəsinə gedə bilərlər”



“İKT sahəsinə elə “Bethclip”lə gəlmişəm”
“İT TƏLƏBƏ” rubrikasının budəfəki müsahibi  “Startap Azərbaycan 2014” müsabiqəsinin qaliblərindən biri, Qafqaz Universitetinin V kurs tələbəsi Nigar Mövsümlüdür. Nigar Mövsümlü  hazırda biznes sahəsində çalışır. “Chamadan” Kofe Evinin həmtəsisçisidir.
Xəbərlər Nigar Mövsümlü ilə müsahibəni təqdim edir:

- Nigar xanım, informasiya texnologiyaları (İT) sahəsinə marağınız nə vaxtdan başlayıb?
- Bu sahəyə marağım 4-5 il əvvəl, universitetə qəbul olduğum ərəfələrdə başladı. Amma ixtisas seçimi edəndə bu sahə haqqında dərin məlumatım olmadığından marağım olan digər sahəni, biznesi oxumağı seçdim. Düşündüm ki, biznes sahəsində oxuyaraq İT bilikləri qazanıb onları bir araya gətirmək olar. Elə planladığım kimi də oldu, hal-hazırda Biznesin İdarəolunması ixtisasından məzun oluram, öz biznesimin ilkin toxumlarını atmışam, növbədə İT ilə birləşdirib innovativ bir məhsul/servis ortaya çıxartmaqdır.
Mən Türkiyənin Hacettepe universitetində oxuyarkən çox dəyərli professorlarımızdan biri bir dəfə belə bir cümlə işlətdi: “Bakalavr dərəcəsində mühəndislik dərsləri almış, magistratura dərəcəsində Biznes oxumuş birindən qorxmaq lazımdır. O dünyanı dəyişdirməyə qadir bir gücdür!”
Professorumun nə demək istədiyini anlamağım zaman aldı. Belə ki, heç bir biznes ideyası olmadan sadəcə biznes biliklərinə yiyələnmək heç nəyə açar deyil. Ancaq əvvəl ideyasını qurub sonra biznes biliklərinə yiyələnmək isə özü bir açıq qapıdır. İxtisas seçimi etmək istəyən gənclərimizə bu mövzuda düşünmələrini tövsiyə edərdim.
-Biznes sahəsində hansı uğurları əldə etmisiniz?
-Qrup yoldaşım Nərminlə bu ilin martında  öz “Kofe evimizi”(Coffee House) açdıq. Hələki bu universitet daxilində kiçik bir layihədir, startap mühitinin dili ilə desək, bu Minimum Viable Product,  bizim ‘minimum səmərə gətirəcək məhsulumuzdur. Əslində bir neçə il daha gözləyib daha mükəmməl bir servislə insanların qarşısına çıxa bilərdik. Ancaq bu bilinən bir faktdır ki, biznesin nəbzini tutmaq çox önəmlidir, başlamaq çox önəmlidir. Bunun üçün lazım olan cəsarət isə həmişə olmur. Biz də cəsarətimiz varkən başladıq..! (gülür)

Əvvəla mükəmməl məhsul və servis üçün əlimizdə yetəri qədər maddi mənbə olmadığından investorlarla görüşüb onlara öz biznes planımızı təqdim etdik. Amma bütün investorlar eyni cavab verdilər: Niyə məhz sizə yatırım etməliyik? Biz görüşlərə böyük ümidlərlə getmişdik, çünki 5 il ərzində universitetdə sayılıb-seçilən tələbələrdən olmuşduq, xaricdə təhsil almışdıq, geniş ətrafımız var idi. Onlar üçün isə sertifikatlar, diplomlar, yüksək qiymətlər ancaq ikinci dərəcəli əhəmiyyət kəsb edirdi. Onların bizdən tələb etdiyi bu sahədə təcrübə idi və o da bizdə yox idi. Biz də öz təcrübəmizi yaratmaq qərarına gəldik!

- Yuxarıda qeyd etdiyiniz Kofe biznesinin əsas mahiyyəti nədir?
- Bu hazırda standart bir kofe biznesidir.Qafqaz Universiteti tələbələrinin universitet havasından çıxıb, ayrı bir auraya düşüb öz dostları ilə baş-başa qala biləcəkləri bir kofe zonasıdır. Ancaq layihənin texnologiya ilə inteqrasiyasını planlaşdırırıq ki, bu da bu servis sahəsində bizə üstünlük qazandıracaqdır.Bunun isə tam detallarını paylaşmayım, sürpriz olsun. Hal-hazırda bu sahədə bizə dəstək olacaq investor axtarışındayıq.

-Bundan əlavə hansısa İT şirkətində və yaxud da hansısa bir qrumun İT sahəsində çalışırsınızmı?
- İT sahəsində bir il startup idarə komandasında işləmişəm. Hazırda isə o komandadan ayrılmışam və öz biznesimi İT ilə inteqrasiya etməyə çalışıram.


- Startap komandasından ayrılmağınıza səbəb nə oldu?
- O komanda ilə bir il işləmişəm və  “Bethclip”in çox gözəl heyəti var idi. İKT sahəsinə elə “Bethclip”lə gəlmişəm. Səbəb isə digər prioritetlərimin olduğu əvvəlcədən bilindiyi halda mənim qarşıma çox tələblər qoyuldu və mən də qarşılığını tələb etdim təbii olaraq. Yəni tələbə həyatımla, mənim biznes maraqlarımla tam üst-üstə düşmürdü. Sadəcə bu biznesdir, o tələb edir, mən də tələb edirəm və hardasa fikirlər toqquşur.
BethClip komandasına isə uğurlar arzu edirəm.

-Sizcə, İT sahəsinin insanlara ən çox xeyirli tərəfi nədir?
- İnternetdən istənilən məlumatı əldə edə bilirsən. Yəni, hər hansı bir mövzunu bilmirəm, çünki kitab yoxdu, kitab almağa pulum yoxdu kimi problemler, bəhanələr artıq İnternet vasitəsilə əsassız olub. Bu gün istənilən bir məlumat bizim əlimizin altındadır. Ancaq mən deyərdim ki, bu digər dillər üçün daha düzgün olardı. Azərbaycan dilində informasiya mənbələrinin həddindən artıq limitli olması isə, zənnimcə, çox böyük bir problemdir. İnternetdə azərbaycan dilində bir məlumat axtarıb tapa bilsəm də, həmin məlumatdan məmnun qaldığımı xatırlamıram. Bunu da maraqlı tərəflərin diqqətinə çatdırıram. Xülasə, İnternetin ən böyük faydası informasiya zənginliyidir, bu isə bizim dilimizdə çox limitlidir.

-Hazırda ölkəmizdə İT sahəsində  freelance – yəni sifarişlə işləmək geniş yayılıb. Siz də sifarişlər qəbul edirsiniz?
- Heç bir sifariş qəbul etmirəm. Mən İT mütəxəssisi deyiləm, İT işləri görmürəm. Bu sahəyə marağım olub və özümü bu sahənin qismən fərqli biznes və marketinq bacarıqları istiqamətində inkişaf etdirmişəm. İT bizneslərinin biznes və marketinq baxımından fərqli trendləri var, mən sadəcə bu sahələrdəki ehtiyacları başa düşürəm.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?
- Neçə saat istifadə etmirəm desək, sadəcə yatdığım saatlar olar hər-halda. İnternetin bizə verdiyi imkanlar hədsizdir. Bir-iki il bundan əvvəl fiziki vasitələrə külli miqdarda pul ödəyərək əldə etdiyimiz istəklərimizi artıq internet vasitəsilə ya ödənişsiz ya da cüzi bir məbləğə, ən əsası isə sürətli və rahat bir şəkildə həyata keçirdə bilərik. Məsələn, mən düşünürəm ki, online kursların keyfiyyəti artdıqca və keyfiyyəti genişləndikcə dil öyrənmək üçün kursa getməyə ehtiyac qalmır, həkimə getmədən artıq bir çox xırda problemlərimizin həllini online tapa bilirik, fitness və sağlamlıq klublarına külli miqdarda aylıq ödənişlər etmədən evdə sağlam qidalanmağın və düzgün idman etməyin əsaslarını öyrənə bilirik. Hətta bir addım belə atmadan MİT, Harward, Stanford kimi dünyanın çox köklü universitetlərinin dərslərini ala bilirik! Bəli, bütün bunlar tamamilə mümkündür.


- Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?
- Facebook-dan və bundan əlavə Linkedin-dən çox istifadə edirəm. Bu mənim işimdə çox vacibdir. Hazırki Çamadan Kofe evinin Facebook, İnstagram səhifələri var. Orada istifadəçilərə öz fikirlərimizi çatdırır, məhsullarımızı reklam edirik. Bundan əlavə öz promosiya fəaliyyətlərimizi həyata keçirtmək üçün Foursquare və Swarm mobil tətbiqlərindən istifadə edirik. Slideshare –də  ən böyük köməkçim və ilham məmbəyimdir. Linkedin professional sferada özümü tanıtmaq üçün istifadə etdiyim bir mobil tətbiqdir. E-mail adresim mənim ən böyük sirdaşımdır. Onun hərşeydən, hətta məndən qabaq, xəbəri var. Bundan əlavə Business İnsider, Entrepreneur, Mashable, Tedx kimi beynəlxalq, Xeberler.az, Technimum kimi yerli biznes, İT və asudə vaxt saytlarını izləməyə çalışıram.

-İT ilə bağlı olan seminarlarda, təlimlərdə, konfranslarda tez-tezmi  iştirak edirsiniz?
- Bəli, iştirak edirəm. Ən son iştirak etdiyim Dubayda keçirilən  konfranslardan biri olub. Bundan əlavə İstanbulda əvvəllər tərkib hissəsi olduğum startapı təmsil etmişəm, Litvanın Vilnius şəhərində sahibkarlıqla bağlı yarışda iştirak etmişəm.

- Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?
- Azərbaycanda mən deməzdim ki, o qədər maraq göstərilir. İstərdim ki, daha çox insan maraq göstərsin. Azərbaycanın ənənəvi istehsal sahələri (neft-qaz sənayesi) ölkədə əsas və hətta yeganə istehsalat gücüdür, qeyri-ənənəvi istehsal sahələrindən biri isə hazırda texnologiya, xüsusilə də İnternetin inteqrasiyası ilə olan fiziki, xüsusilə də qeyri fiziki istehsalatdır. Geniş miqyasda düşünsək, bunların hər ikisinin bir ölkədə olması həmin ölkənin iqtisadi strategiyasının güclü olmağı deməkdir. Daha spesifik olaraq desək, İnternet vasitələrindən istifadə həyatımızı asanlaşdırır və insanların həyatını asanlaşdıraraq bundan pul qazanmağı mümkün edir.  Ona görə də, İT və bu kimi qeyri-ənənəvi istehsal sahələri çox önəmlidir.

- Elə dostlarınız var ki,  bu sahəylə məşğul olub, özünə gözəl həyat qurub - ev alıb, maşın alıb və s?
- Tələbə yoldaşlarımdan yox, amma bir neçə nəfər tanıyıram ki, bu sahədə məşğul olub və yetəri qədər gəlir əldə edib. Ancaq İT sektorunun gələcəyi mən deyərdim ki, hələ qabaqdadır.


- Bu sahədə təhsil alanlar, adətən, deyirlər ki, İT ilə bağlı biliklərini oxuduqları təhsil müəssisələrindən deyil, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər. Bununla bağlı sizdə vəziyyət necədir?
- Qatılıram bu fikirlərə, amma qeyd edim ki, bir çox layihələrə qatılanda mənim universitetdəki biliklərim olmasaydı, mən heç bir şey edə bilməzdim. O layihələrdə də işlədikcə universitetdə qazandığım bilikləri tətbiq etməyə başladım. Bu danılmaz bir faktdır ki, insan oxuduqca yox, gördükcə daha çox qavrayır.Elə buna görə də, son zamanlar bütün beynəlxalq təhsil sistemində video materiallarla, komanda şəklində, faktları canlandıraraq (casestudy-based, evidence-based tutorial) tədris daha çox özünü göstərir.

- Tədris prosesində,gündəlik işlərinizdə texnologiyadan- mobil telefon, kompüter,planşetdən istifadəniz gündəlik fəaliiyətinizi asanlaşdırmağa kömək edirmi?
- Onlar olmadan həyatı təsəvvür edə bilmirəm. Necə ki, köhnə nəsil texnologiya ilə həyat təsəvvür edə bilmirdisə, bizdə isə əksinə. Deyərdim ki, texnologiya həyatımızın bir parçasıdır.

-  Bu sahədəki fəaliyyətiniz dərslərə davamiyyətinizə təsir edirmi?
- Çox maraqlı sualdır. Bunu bir neçə ay əvvəl televiziya verilişlərinin birində də dilə gətirdim. Ümumiyyətlə, universitetlər ilk növbədə öz məqsədlərini başa düşməlidirlər. Universitetin məqsədi odur ki, tələbəyə iş bacarıqları versin. Baxın, iş bacarıqlarını xüsusilə vurğuladım. Tələbə də sonuncu kurslarda özünə iş tapıbsa və universitetdən də ona dəstək olunmasını istəyirsə, universitet tələbəni başa düşməlidir. Bizim Qafqaz Universiteti təhsilin keyfiyyətinə görə seçilən universitetdir. Amma buna baxmayaraq, bununla bağlı bir çox problemlərim  olub. Universitetim faydalı fəaliyyətlərimi gördükcə mümkün qədər başa düşməyə çalışıb.

-Yeri gəlmişkən, niyə məhz Qafqaz Universitetini seçdiniz?
- Qafqaz Universiteti təhsilin keyfiyyətinə, bir də universitetdaxili auraya görə sayılıb seçilən universitetdir. Və bizim universitetdə müəllim heyəti ilə tələbələr arasında xüsusi bir münasibət var ki, bu digər əksər universitetlərdə yoxdur. Mən öz şəxsiyyətimin əksini orada tapdığıma görə, oranı seçdim.


- İT sahəsindəki bilik və bacarıqlarınızın digər fənlərin mənimsənilməsində sizə hansısa köməyi dəyirmi?
-  Konkret bu sahədə əldə etdiyim biliklərim yox, təcrübələrim kömək edir.Amma dəqiq deyə bilmərəm ki, mənim bu İT biliyim var və bu hansısa fənnin mənimsənilməsinə kömək edir.

-İT sahəsində pul qazanmağın ən asan yolu nədir?
- Azərbaycanda deyərdim ki, ən asan yolu reklamdır. İstənilən bəlli sayda oxucu, izləyici kütləsi olan sayt reklamdan pul qazanmağa çalışır.

- Sizcə, niyə bu sahəyə qızlardan daha çox oğlanlar maraq göstərir?
- Əlbəttə ona görə ki, qız ya müəllim olmalıdır, ya həkim!( istehza ilə deyir). Ənənəvi Azərbaycan ailəsinin ağlında “qız işi ya müəllimlikdir, ya həkimlik” düşüncəsi var olub, elə ona görə də, qızlar maraq göstərmirlər. Yəni elə düşünürəm ki, bu ailədən gəlir. Ailədə qızlar kifayət qədər cəsarətli olub öz xəyallarının arxasıyca getsələr, kimliklərini öz sənətləri ilə ortaya qoya biləsələr, İT sahəsinə  də gedə bilərlər, kosmonavt da ola bilərlər. Mən kosmonavt, pilot olmadığım üçün insan  mühitimizi və seçimlərimə müdaxilə etməyə icazə verdiyimə görə özümü qınayıram.

- Sizin fikrinizcə Azərbaycanda  İT sahəsinin inkişafı üçün daha hansı addımların atılması vacibdir?
- Biz bəlli yaşa gəlirik. İlk öncə 6 yaşımızda məktəbə gedir və günümüzün yarıdan çoxunu orda keçiririk. Bu artıq ilkin məqsədlərimizin formalaşdığı mərhələdir. Yəni, sözüm ondadır ki, hər şey təhsildən başlayır. Buna görə də, orta məktəblər, universitetlər, bir sözlə bütün tədris müəssisələri uşaqları düzgün şəkildə yetişdirməlidirlər.  Yaradıcı təhsil vasitələrindən istifadə olunmalıdır. İT sahəsinə maraqların formalaşması üçün tədbirlər görülməsi yaxşı olardı.
Bir də qeyd edim ki, digər inkişaf etmiş ölkələrdə proqlamlaşdırma dili artıq orta məktəblərdə tədris olunur, bu isə o demekdir ki, proqramlaşdırmanın ilkin biliklərinə hamı yiyələnməlidir.

Nəzrin Cavid
Fotolar: Nəcəf, Tərlan