Qafqaz Universiteti sadəcə təhsil vermir. Həm də...
Bu mənada Qafqaz Universitetinin mədəni həyatı özünəməxsusluğu ilə seçilir. Universitetdə incəsənət ixtisasları olmasada özfəaliyyət dərnəkləri fəaliyyət göstərir.Tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirən Mədəniyyət və İdman idarəsinin əməkdaşları incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Özfəaliyyət dərnəklərində incəsənətin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb ki, bu da müasir dövrümüzdə mənəvi-əxlaqı normaların bütün səviyyələrdə qorunmasını təbliğ etməyə, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir.
Bu fəaliyyət sahələri haqqında məlumat almaq üçün Qafqaz Universitetinin Mədəniyyət və İdman idarəsinin strukturunda olan Mədəniyyət şöbəsinin müdiri Zəminə Axundova ilə görüşdük.
“ Mədəniyyət şöbəsinin tərkibində 30-a yaxın maraq klubu fəaliyyət göstərir”
Mədəniyyət şöbəsi nəzdində dərnəklər koordinatorluğu və ebru-dizayn kursları əl işləri sənət otağı, rəqs, xor, ansambl və teatr məşq zalları fəaliyyət göstərdiyini bildirən Zəminə xanım onlar haqqında ətraflı məlumat verdi: “Mədəniyyət şöbəsinin tərkibində 30- ə yaxın maraq klubu fəaliyyət göstərir. Və bu klublar təbii ki, tələbələrdən təşkil olunub. Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bizim özfəaliyyət kollektivlərimiz yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri təşkil edir, mədəni-kütləvi tədbirlərinin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.” Zəminə xanım bu işdə tələbələrin xüsusi canfəşanlıq göstərdiklərini bildirdi: “Qeyd edim ki, bütün bunlar demək olar ki, tələblərin öz fikir və təşəbbüsləri ilə həyata keçirilir. Çünki, bəzən elə olur ki, klub üzvü olan tələbələrin ora-bura qaçdıqlarını görürəm və nə olduğunu soruşuram. Onda tələbələr deyirlər ki, bu gün filan hadisə haqqında tədbir keçirəcəyik və s. Demək istədiyim odur ki, tələbələr çox istəkli olduqları üçün təklif və yaxud mövzu gözləmirlər, öz üzərlərində işləməyi sevirlər. Bu da təbii ki, sevindirici haldır.”
İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr etdiyiniz teatr tamaşasının iştirakçıları gənc, tələbə aktyorlarımız oldu.”
Zəminə xanım gənc, tələbə aktyorlardan da bəhs etdi: “Hər kəs vətənə bir cür xidmət edir. Bizim də əlimizdən gələn silah götürüb sərhəddə dayanmaq deyil, ancaq mənəvi cəhətdən gəncləri bu yöndə hazırlamaqdır. Bəli, yubiley məsələsinə gəlincə isə iştirak edənlər gördülər ki, iki gün boyunca Azərbaycan tamaşaçısı Azərbaycan tarixinə necə hörmətlə yanaşdı. Bunu teatrdakı adam sayına baxanda anlamaq mümkün idi. Ən önəmlisi isə o oldu ki, biz İ.Əfəndiyev drammaturgiyasının yaşamasına töhvə verdik. Tamaşa səhnəyə qoyulduqdan sonra orada iştirak edən tələbələri adi bir tələbə yox, həmin obrazın özü olaraq adlandırırlar. Elə sizə nümunə verim ki, ən son izlədiyiniz “Hökmdar və qızı” pyesində İbrahim xan, Cavad xan və digər rollarda yer alan tələbələri tanışları artıq öz adları ilə deyil, ifa etdikləri obrazlarla adlandırırlar. Hətta Ona görə də mən tələbələrlə, daha doğrusu aktyorlarımla, aktrisalarımla yorulmuram. Əksinə onlarla işləməkdən zövq alıram. Hətta bizim vaxtımız bol olsa idi mən çox istərdim ki, daha çox tamaşalar səhnəyə qoyaq.”
Yeri gəlmişkən qeyd edək ki, Xocalı faciəsi ilə əlaqədar olaraq teatr dərnəyi tərəfindən Hüseynbala Mirələmovun eyniadlı “Xəcalət” tamaşası da nümayiş etdirilib.
“Tələbələrin göz nuru ilə hazırlanan hədiyyələr...”
Z.Axundova dərnəklərin hansı istiqamətdə fəaliyyət göstərmələri ilə bağlı məlumat verdi: “Universitetin Mədəniyyət şöbəsinin tərkibində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəkləri, maraq kursları və sənət kurslarının tələbələri dərnəyin üzvü olmadan öncə buradakı fəaliyyətlərlə tanış olur və öz marağına uyğun məşğuliyyəti seçdikdən sonra həmin dərnəyin üzvü ola bilirlər.” Fəaliyyət sahələrinə gəldikdə isə müsahibim bunlardan bir neçəsi ilə bizi tanış etdi: “Ən qədim kağız bəzəmə sənətinin yaddaşlardan silinməməsi, nəsildən- nəsilə keçməsi və bu sənətin tələbələrə öyrədilməsi üçün şöbəmizin nəzdində ebru sənəti kursları fəaliyyət göstərir ki, biz bunu tələbələrə öyrətmədən öncə ebru sənəti ilə baglı slaytlar, hekayəli videolar göstərərək bu sənəti tələbə gənclərə aşılayırıq. Geniş dünya görüşünə və sənət bacarıqlarına yiyələnən tələbələrə daha gözəl əsərlər yaratmağa təşəbbüs göstərərək onlara ən gözəl şəkildə öyrətməyə çalışırıq. Sonda isə əsərlərin nümunəvi olanları seçilərək çərçivələnir hər il unıversitetin təşkil etdiyi Gənclik Bayramında kursun sərgisində yer alır.” Zəminə xanım qeyd etdi ki, seçilmiş əsərlər universitetə gələn qonaqlara da təqdim edilir: “Çox qürur verici bir haldır ki, tələbələrimizin burada hazırladıqlar əl işlərini universitetimizə gələn dəyərli qonaqlara hədiyyə edirik. Hətta universitetimizin rektoru, professor Ahmet Saniç hədiyyəni təqdim edərkən çox gözəl qeyd edir ki, bu tələbələrimizin göz nuru ilə hazırlanıb. Rahatlıqla deyə bilərəm ki, əldə fırça tuta bilməyən hər hansı bir tələbə buradan portret müəllifi kimi çıxa bilir.”
Digər fəaliyyət sahələri...
Zəminə xanım Mədəniyyət şöbəsinin digər fəaliyyətləri haqqında da məlumat verdi: “Bizdə həmçinin dizayn kursları, xalq çalğı alətləri ansamblı, xor kollektivi, rəqs kollektovi də fəaliyyət göstərir ki, tələbələrimiz bu dərnəklərə də üzv olub öz bacarıqlarını inkişaf etdirə bilirlər.”
“İlin klubu naminasiyası...”
Sonda isə müsahibim klublara verilən diqqəti nəzərə çatdırdı: “Universitet rəhbərliyi tərəfindən hər il 10 may tarixində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilir. Eyni zamanda bu gün həm də biz Mədəniyyət şöbəsinin hesabatını təqdim edirik. Həmin gün şöbəmizdə il boyu ən çox iş görən kluba ilin klubu naminasiyası təqdim edilir. Və bir il boyunca bu ad həmin kluba məxsus olur. Bu da düşünürəm ki, tələbələri həvəsləndirmək üçün çox gözəl addımdır.”
Həvva Cəlilova
http://www.qu.edu.az/az/news/Qafqaz-Universiteti-sad%C9%99c%C9%99-t%C9%99hsil-vermir-H%C9%99m-d%C9%99-6315.html