"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Qafqaz Universitetidir

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
 
Maddi-texniki baza
Böyütmək üçün seçinQafqaz Universiteti üç tədris binası və iki yataqxanadan ibarətdir. Universitetdə proyeksiya cihazı ilə təchiz olunmuş 50-sində ağıllı lövhə olmaqla 80 məşğələ və 3 mühazirə dərsləri üçün auditoriya, 350 ədəd kompüterlə təchiz olunmuş laboratoriya və xüsusi təyinatlı auditoriyalar fəaliyyət göstərir. Bu laboratoriyaların kömpüterlərinin  280-i AIO (All In One), 70-i isə monitor-kasa ilə təchiz olunub. Hər korpusda tələbələrin internetdən sərbəst faydalanması üçün bir Sərbəst İstifadə Laboratoriyası mövcuddur. Bundan əlavə, şəhərciyin və binaların daxilində hər yer  WiFi xidməti ilə təmin edilib.
Universitetin iki yataqxanası var. Oğlanlar üçün olan yataqxana üç ulduzlu, qızlar üçün olan isə dörd ulduzludur. Yataqxanalar 250 yerlikdir. Tələbələrin akademik və sosial tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, kitabxana, peyk antenaları ilə dünya TV kanallarını izləmək imkanı, istirahət otaqları, bufet, idman kompleksi, internet salonu və camaşırxana onların xidmətinə verilib. Bunlardan başqa,  vizual  fəaliyyətlərin və xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon salonları  mövcuddur. Yataqxana tələbələrə 7 gün 24 saat fasiləsiz xidmət edir. Asudə vaxtlarını daha mənalı və faydalı keçirmək üçün tələbələrlə müxtəlif gəzintilər, idman və mədəniyyət proqramları təşkil olunur. Xüsusilə xarici ölkələrdən gələn tələbələr Azərbaycan mədəniyyətini, adət və ənənələrini yaxından tanıması üçün onlar müxtəlif tarixi yerlərə  ekskursiyalara aparılır. Yataqxana tələbələri arasında futbol, tennis, voleybol, şahmat, dama və s.  kimi müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur. Yataqxanadakı tələbələr  yeməklə də təmin olunur.  Tələbələr ayda 160 manat ödəməklə yataqxanalarda təklif olunan bütün xidmətlərdən istifadə edə bilərlər.
Böyütmək üçün seçinUniversitetin əsas tədris binasında yerləşən 700 nəfərlik yeməkxana ali təhsil ocağının işçilərinə ödənişsiz xidmət edir.
Bundan başqa, universitet öz laboratoriyaları ilə də digər ali təhsil ocaqlarından fərqlənir. Kompüter laboratoriyaları tələbələrin istifadəsindədir. İstədikləri zaman gəlib onlardan istifadə edə bilərlər. Təkcə ötən il biologiya fakültəsinin nəzdində BP-nin sponsorluğu ilə 11 laboratoriya fəaliyyətə başlayıb.
Mexanika Mühəndisliyi Laboratoriyaları Acer Aspire U5-610  modelli kompüterlərlə təchiz olunub. Burada tələbələrə ofis dərsləri, proqramlaşdırma dərslərindən olan C, C++, Java, C# və bundan başqa şəbəkə, autocad və s. kimi  dərslər keçilir. Azer.net şirkətinin sponsorluğu ilə Acer Aspire Z5771 modelli kompüterlərlə qurulub.
"Azercell Telekom" MMC tərəfindən yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və məsləhətləşmələr və tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb.
Böyütmək üçün seçin"Azercell"in Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya- 2G (GSM), 3G (WCDMA/UMTS) və 4G (LTE) radio baza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə və bu tipdə texnologiya ilə təchiz olunan ilk laboratoriyadır. Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli  mobil internet - saniyədə 100 Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar. Laboratoriyanın digər əhəmiyyəti ondadır ki, "Azercell Telekom" MMC məhz Qafqaz Universitetindəki bu laboratoriya ilə ilk dəfə 4G üzərindən testləri həyata keçirəcək. Digər tərəfdən, belə bir laboratoriya Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açır. Çünki texnologiyanın köməyilə bacarıqlı gənclərə müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər. Qeyd etmək yerinə düşərdi ki, "Azercell" ilə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovative "Barama" layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin "Azercell"in "Tələbə Təqaüdü" proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz bu universitetin tələbələri üçün yeni nəsil texnologiyaları üzrə təlim keçir. Apple kompüterləri ilə təchiz olunmuş laboratoriya tələbələrə Mac dərsləri verir.
Bundan başqa, dil məktəbində bir ədəd dil laboratoriyası, Bank of Baku-nun sponsorluğu ilə açılmış "Maliyyə və mühasibat uçotu" laboratoriyası, pedaqoji fakültəyə aid fizika laboratoriyası , kimya laboratoriyası, biologiya laboratoriyası da fəaliyyət göstərir.
 Təməl işləmlər laboratoriyası 
Böyütmək üçün seçinTəməl işləmlər laboratoriyası tələbələrə kimya mühəndisliyinin təməl prinsiplərini öyrənməyə və bunları praktikada yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye əhəmiyyətli avadanlıqları ehtiva edir. Bu avadanlıqlara distillə kalonu (fraksiyalı və birbaşa), əks-axın prinsipli istilik mübadilə, ion mübadilə, qaz absorbsiya və maye-maye ekstraksiya kalonu, membran ayırıcı, püskürtməli (sprey) qurutma maşını aiddir. Bu mexanizm tələbələri böyük miqyaslı istehsal prosesləri ilə tanış etmək üçün nəzərdə tutulub. Bu laboratoriyada tələbələr qruplar şəklində işləyir və dərsdə öyrəndikləri bilikləri təcrübələrlə möhkəmləndirirlər. 
Texnoloji proseslər laboratoriyası 
Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki və bioloji proseslərin kompüter texnologiyası vasitəsi ilə layihələndirilməsi, istiqamətləndirilməsi, idarə olunması və optimallaşdırılması üçün nəzərdə tutulub. Texnoloji proseslər ümumiyyətlə kimya mühəndisliyinin bir qolu kimi qəbul olunur və neft kimyası, mineral emalı, texnoloji materiallar, qida, farmaseptika və bioloji sənayeni özündə ehtiva edir.
 Fiziki kimya laboratoriyası 
Böyütmək üçün seçinLaboratoriyada fiziki kimya ilə bağlı tədqiqatlar aparmaq üçün kifayət qədər müasir cihazlar mövcuddur. Tələbələrin sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti kompüter dəstəklidir. Bu cihazlara ion mübadilə sistemi, adsorbsiya, karbon dioksid mühitində korroziyanın tədqiqi cihazı və s. daxildir. 
Üzvi kimya laboratoriyası 
Üzvi kimya laboratoriyası mühazirələrdə öyrədilmiş biliklərin tətbiq edilməsi üçün idealdır. Tam təchiz olunmuş laboratoriya tələbələrə yüksək keyfiyyətli elmi araşdırmalar aparmaq üçün şərait yaradır. 
Analitik kimya laboratoriyası 
Analitik kimya metod və ideyalardan ibarət olan, elmin və tibbin bütün sahələrində tətbiq olunan hesablama elmidir. Analitik kimya bütün elm sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də analitiklərdən kimya və fizika sahəsində geniş elmi biliyə və böyük təcrübəyə malik olmaq tələb olunur. Laboratoriyada kimyanın bu sahəsində müasir tədqiqat apara bilmək üçün hər növ avadanlıqlar vardır. 
Ümumi kimya laboratoriyası 
Böyütmək üçün seçin Laboratoriya  ümumi kimyanın əsas mövzularının prinsip və anlayışlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa, laboratoriya tələbələrə məlumatların yığılması və analizi, təcrübə hesabatının hazırlanması və məlumat kitablarından istifadəni də aşılayır. Kurs ərzində tələbələrə laboratoriyada təhlükəsizlik texnikası qaydaları və dəqiq laboratoriya üsulları öyrədilir.
 Sərbəst istifadəyə açıq kompüter laboratoriyası
Universitetdə 40 kompüterlik sərbəst istifadə laboratoriyasında tələbələr asudə vaxtlarında internet vasitəsilə tədqiqat işləri apara bilir, ev tapşırıqları, kurs işlərini yerinə yetirirlər. Kompüter laboratoriyalarında mütəmadi olaraq proqramlaşdırma və informatika üzrə universitetdaxili və respublika olimpiadaları, kompüter kursları, həmçinin informatika üzrə müəllimləri təkmilləşdirmə layihələri üzrə təlim həyata keçirilir.
 İnformatika dərsləri laboratoriyaları 
Böyütmək üçün seçinQafqaz Universitetində tədris məqsədilə hər birində 30 kompüter olmaqla 4 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar multimedia proyektoru ilə təchiz edilib. Kompüter laboratoriyalarında informatika və proqramlaşdırma dilləri tədris olunmaqla yanaşı, bir çox bölmələrdə ixtisas fənlərinin kompüter mühitində tədrisi prosesi də həyata keçirilməkdədir. Bütün kompüterlər lokal şəbəkədə birləşdirilib və mərkəzi server vasitəsilə internet şəbəkəsinə qoşulub. 
CISCO CCNA laboratoriyası 
Universitetdə 18 kompüter və CISCO avadanlıqları ilə təchiz olunmuş bir CISCO CCNA laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya da multimedia proyektoru ilə təchiz edilib. Burada informatika və proqramlaşdırma dilləri tədris olunur.  
Dövrə nəzəriyyəsi və elektronika laboratoriyası 
Bu laboratoriya dövrə nəzəriyyəsi, elektronika və məntiq layihələndirilməsi dərslərinin təcrübi işlərinin yerinə yetirilməsi üçün lazım olan 20 MHz-lik ikikanallı osilloqraflarla, funksional generatorlarla, məntiq treynerlərlə, ikikanallı qida mənbələri və rəqəmsal multimetrlərlə təchiz edilib. Burada eyni zamanda elektron dövrələrinin layihələndirilməsi və sınaqdan keçirilməsi üçün uyğun şərait və avadanlıqlar mövcuddur
ECDL laboratoriyası
 Universiteti gəzəndə ECDL otağı diqqətimi çəkir. ECDL (European Computer Driving Lisence) Beynəlxalq Komputer Səviyyə ölçmə sertifikatıdır. Kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. ECDL İrlandiyada yerləşən ECDL fondu tərəfindən idarə edilir. Azərbaycan universitetləri içərisində yeganə olaraq Qafqaz Universitetinə sertifikat verilib. Qafqazın ECDL sertifikatı alan müəllimləri var ki, onlar kompüteri ən yüksək səviyyədə bildiklərinə görə həmin sertifikatı alıblar. Sertifikatı olan müəllimlər demək olar ki, hər gün digər müəllimləri öyrədir. Bir ay yarımdan sonra isə imtahan keçirilir
Sinxron tərcümə metodik kabineti 
Bu kabinet ilk dəfə Qafqaz Universitetində yaradılıb. Mərkəz 9 kabinetdən ibarətdir. Biri əsas, yəni müəllimlər, digər 8-i isə tələbələr üçün nəzərdə tutulub. Əsas kabinetdə müəllim olmalıdır, ya da hər hansı material səsləndirilməlidir. Digər 8 kabinetdə olan tələbələr də onu operativ olaraq tərcümə etməlidirlər. Kabinetdən kənarda olan tələbələr isə qulaqcıqlar vasitəsi ilə həmin tərcümələri dinləyə və sonra səhvləri müzakirə edə bilərlər.  
Ərəb dili və ədəbiyyatı metodik kabineti
 Ərəb dili kabineti universitetinrəb dili və ədəbiyyatı" bölməsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kabinetdə ərəbcə müxtəlif lüğətlər, ərəb dilinin qrammatikası və ədəbiyyatı ilə bağlı  Azərbaycan, ərəb, türk və rus dillərində çoxlu sayda dərsliklər, kitablar, qəzetlərlə zəngin kitabxana, kompüterlər, multimedia və proyeksiya avadanlıqları tələbələrin istifadəsinə verilib. Bundan başqa, kabinetdə tələbələr televizor və peyk antenası vasitəsi ilə bir çox ərəb kanallarını izləyə bilirlər.
 İmtahanlar
 İmtahanın proqramı sessiyadan iki həftə əvvəl planlanır və elan edilir. İmtahanlar adətən yazılı aparılır. Bəzi fənlərdən isə test üsulu ilə keçirilir. İngilis dilində hazırlıq kursunda olan tələbələr  üçün bilgi ölçmə testləri, bununla yanaşı şifahi nitq, yazı qabiliyyətini ölçmək üçün inşalar verilir. Bütün bunlar toplanılır və ortaq bal çıxarılır. Universitetin imtahan qərargahı var ki, xüsusilə imtahan sessiyası zamanı daha aktiv işləyir. Əgər tələbələrin etirazı varsa onu yazılı şəkildə qərargaha bildirirlər. İmtahan ərizələrinə baxılması üçün sahələr üzrə komissiyalar qurulur. Tələbə haqlıdırsa onun balı artırılır. Universitetdə "Qaynar xətt" xidməti də fəaliyyət göstərir ki, burada da əsasən valideynlərin şikayətləri dinlənilir.   
Kitabxana
 Qafqaz Universitetinə daha əvvəlki gəlişlərimdə də kitabxanası diqqətimi çəkmişdi. Bu dəfə kitabxanaya daxil olanda girişdə qurulan elektron lövhələrdə tələbələrin kitab sifariş verdiyini görürəm. Kitabxana barədə daha  geniş məlumatı isə kitabxananın əməkdaşı verir:
- Qafqaz Universitetinin iki kitabxanası var. Biri əsas korpusda yerləşən böyük, digəri isə hazırlıq binasında olan kitabxanadır. Hazırlıq binasındakı kitabxanada əsasən dillərə üstünlük verilir. Ümumilikdə kitabxanalarda 100 minə qədər yerli və xarici kitab toplanılıb. Universitetin tələbələrinin Tələbə məlumat sistemi və universitetin müəllimlərinin, işçilərinin  Personal məlumat sistemi var. Onların hər birinin xüsusi şifrəsi olur. Hər kəs daxil olub istədiyi kitabı yazır. Həmin məlumat sistemində kitaba dair bütün məlumatlar çıxır. Hansı kitabı istəyirsə sifariş verir və 15 dəqiqə sonra gəlib götürür. Ola bilər ki, həmin kitab hazırda kitabxanada yoxdur, başqa bir şəxsdədir. Bu barədə də məlumat sistemində yazılır Elektron bazaya gəldikdə isə, burada 3 milyona yaxın e-book (elektron kitab), 20 minə yaxın qəzet və jurnal toplanıb. Bütün müəllimlərin də dərsliklərinin elektron formada PDF formatı var.
ABŞ Konqresi kitabxanası və dünyanın bir çox nəşriyyatları ilə birbaşa kitab mübadiləsi həyata keçirilir Xarici jurnallar və qəzetlərin bəziləri şifrəli, bəziləri isə şifrəsizdir, yəni oxumaq üçün ödəniş edilməlidir. Onların hamısının linki universitetin rəsmi saytında yerləşdirilib. Qafqaz Universiteti tərəfindən maliyyə dəstəyi ayrılıb, həmin qəzet və jurnallara pul köçürülür. Bu universitetdən olan hər kəs Qafqazın İP-si  üzərindən şifrəni yazıb istənilən məlumatı əldə edə bilər
Kurslar
 Universitetin nəzdində müxtəlif kurslara - ingilis dili kursu, hazırlıq kursu, TOEFL, İELTS, ALES kursları fəaliyyət göstərir. Bura qəbul olan, amma ingilis dilini bilməyən, ya da zəif bilən tələbələr bir il müddətinə hazırlıq kursu keçirlər. İngilis dilini mükəmməl öyrəndikdən sonra artıq öz ixtisaslarına keçid edirlər. Universitetdə təşkil olunan digər kurslarda isə həm tələbələrə, həm də müəllimlərə müəyyən güzəştlər olunur.  
Məzunlar işlə təmin olunur 
Məzunların 87%-i işlə təmin olunur. Qalan 13%-in işlə təmin olunmamasına səbəb qızların ailə həyatı qurması, oğlanların isə hərbi xidmətə getməsi olur. Universitet öz məzunları ilə müntəzəm əlaqə saxlayır. Universitetin Məzun Koordinasiya Şöbəsində məzunlar barədə informasiyalar toplanıb. Məzun bir neçə il sonra iş axtaranda belə universitetə müraciət edə bilər
Texnopark 
Qafqaz Universiteti öz Texnoparkı ilə də diqqət çəkir. Dünya universitetlərinin təcrübəsində əsas yeri tutan Texnoparkı Azərbaycana ilk dəfə Qafqaz Universiteti gətirib. Texnoparkın əməkdaşı deyir ki, 2013-cü ilin yanvar ayından fəaliyyət göstərirlər. Texnopark yaradılarkən Türkiyənin Orta Doğu Texnik Universitetinin nümunəsi əsas götürülüb. Hazırda Texnoparkda 10 şirkətin ofisi yerləşir. Bunlar əsasən İnformasiya Texnologiyaları (İT), İT və biznes sahəsində çalışan şirkətlərdir. Şirkətlərin bura gəlməkdə məqsədləri tələbələrlə və müəllimlərlə birlikdə çalışmaq, onların ideya və fikirlərindən istifadə etmək, kadr potensialını artırmaqdır.  Şirkətlərdə tələbələr də çalışır ki, ötən il onların sayı 30-a yaxın idi
"Yeni fikir" Texnoparkın həyata keçirdiyi ən böyük layihələrdən biridir. Bu il həmin layihə üçün 252 yeni fikirlə bizə müraciət olunub. Onlardan 196-sı layihə şəklində qəbul olunub. Hazırda münsiflər heyəti həmin layihələri dəyərləndirir. 10 nəfərdən ibarət münsiflər heyəti var. Onlardan cəmi 4 nəfəri universitetin müəllimidir. Digərləri isə böyük şirkətlərin nümayəndələri, xaricdə təhsil alan və bu sahə barədə məlumatı olan şəxslərdir. Texnoparkda İnkubasiya mərkəzi də var. Hər ilin "Yeni fikir"in qalibləri buradakı ofislərdən birillik istifadə etmək hüququ qazanırlar. Qalib şəxslər öz görüşlərini keçirir, investorları dəvət edir, onlara layihələrini təqdim edirlər.  
Mərkəzlər 
Karyera Planlama Mərkəzi. Tələbə və məzunları ən çox düşündürən məsələlərdən biri ixtisasa uyğun iş tapmaqdır. İş dünyası isə hazır, bacarıqlı kadr arayışındadır. Deməli, kadr hazırlığında iş dünyasının tələbləri nəzərə alınmalıdır. İş dünyasının tələblərinə uyğun kadr hazırlığı prosesi kompleks iş olmaqla yanaşı, kadr hazırlığında mühüm rola malikdir. Karyera Planlama Mərkəzi (KPM) müxtəlif fəaliyyətləri ilə fərdin özünü tanımasına, iş dünyasına hazırlanmasına və iş həyatının hər pilləsində uğur əldə etməsinə istiqamət verir. KPM-nin fəaliyyətləri universitetlə iş dünyası əlaqələrinin formalaşması və inkişafı baxımından da əhəmiyyəti danılmazdır.
Mərkəzin əsas məqsədi tələbə və magistrlərin inkişafı istiqamətində seminar və kurs proqramları təşkil etmək, Qafqaz Universiteti ilə iş dünyası əlaqələrini inkişaf etdirməkdir.
Daimi İnkişaf Mərkəzi 2002-2003-cü tədris ilindən etibarən universitet - iş dünyası əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyətləri sırasında universitetin iş dünyası ilə olan münasibətlərinin tənzimlənməsi ilə yanaşı yüksək keyfiyyətli təlim və məsləhət xidmətləri, xarici dil və magistraturaya hazırlıq, kompüter kurslarının təşkili, bir neçə funksional sahə üzrə layihələrin tətbiqi, habelə aylıq "İş dünyası" bülleteninin nəşri yer almaqdadır. Hazırda mərkəz iş dünyası ilə əlaqələr üzrə prorektorluğa bağlı olaraq öz fəaliyyətini davam etdirir. 
Elmi tədqiqatlar 
Azərbaycanın ali təhsil müəssisələri içərisində xüsusi yeri olan Qafqaz Universitetinin əməkdaşları yüksək səviyyəli tədris işləri ilə yanaşı dünya miqyaslı elmi-tədqiqat işləri də yerinə yetirirlər. Elmi işlər Qafqaz Araşdırmalar İnstitutu, altı elmi tədqiqat  mərkəzi, müvafiq kafedra əməkdaşları və tələbələr tərəfindən aparılır.
Qafqaz Universiteti əməkdaşlarının elmi işlərinin nəticələri  Amerika, Avropa və Asiyada nəşr olunan yüksək reytinqli elmi jurnallarda dərc olunur. Alimlərin tədqiqat işləri eyni zamanda universitetin "Journal of Qafqaz University" elmi jurnalında da nəşr olunur. Jurnalın elektron versiyası   Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO,  Indexcopernicus,  ASOS kimi mötəbər elmi internet veribazalarına daxil edilib.
Google-un elmi tədqiqat axtarış sistemi olan Google Scholarda Azərbaycanla əlaqəli elmi tədqiqatların əhəmiyyətli bir hissəsini "Journal of Qafqaz University" tərəfindən  daxil edilmiş məqalələr təşkil edir. Məhz bu səbəbdən elmi ictimaiyyət arasında yüksək nüfuza malik olan jurnalda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Sinqapur, ABŞ və digər ölkə alimlərinin məqalələri dərc olunub. 
Qafqaz Araşdırmalar İnstitutu 
Qafqaz Araşdırmalar İnstitutu Qafqaz və çevrəsindəki bölgələrin tarixi, mədəni, sosial, hüquqi, siyasi, iqtisadi və texniki sahələri üzrə araşdırma işlərini həyata keçirmək, bu tədqiqləri dünyada aparılan öncül araşdırmalar istiqamətinə yönəltmək və universitetdə bu yöndə aparılan elmi işləri bir mərkəzdə əlaqələndirmək məqsədilə fəaliyyət göstərir.
Qafqaz Araşdırmalar  İnstitutunun elmi fəaliyyət istiqamətində başlıca yeri Azərbaycan və Türkiyə əsas olmaqla Qafqaz ölkələri xalqlarının dil, siyasət, sosial həyatı ilə bağlı tarix, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat və s. sahələri üzrə tədqiqat əsərləri, monoqrafiyalar, tədris vəsaitləri, lüğətlər və s. işlənib nəşr olunması tutur. Əldə olunan bilgiləri ictimaiyyətə, dövlət və özəl təşkilatlara, media qurumlarına çatdırır.
 Psixoloji xidmət 
Universitetdə həmçinin psixoloji xidmət  fəaliyyət göstərir. Tələbələrin nəsə problemi olanda, imtahanqabağı stress yaşayanda həmin xidmətdən istifadə edirlər. Rəhbərlik və Psixoloji Məsləhət Şöbəsinin rəhbəri, psixoloq Hüseyn Xəlilov tələbələrdən öz psixoloji məsləhətlərini əsirgəmir. 
Beynəlxalq proqramlar 
Universiteti tanıdan amillərdən biri də onun beynəlxalq əlaqələri, iştirak etdiyi beynəlxalq proqramlardır. Qafqaz Universiteti ölkəmizdə tələbə mübadiləsinə görə ilk yerlərdən birini tutan universitetlərdəndir. Beynəlxalq əlaqələr barədə məlumat əldə etmək üçün İqtisad korpusunda olanda öyrənirik ki, Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser bir semestr ərzində universitetdə könüllü olaraq dərs deyəcək.
Son illərdə dünyanın bir çox ölkəsindən universitetdə təhsil almağa gələnlərin sayı artıb. Dünyanın ən azından 20 ölkəsindən burada təhsil alanlar var. TEMPUS, Erasmus Mundus, "Mövlanə" mübadilə proqramlarında universitet həm müəllim, həm də tələbə heyəti ilə ən aktiv iştirak edib. Ötən tədris ilində 10-a qədər tələbə xaricdə təhsil alıb. Erasmus Mundus proqramı ilə avropalı tələbələr universitetdə təhsil almağa gəlir. 2014-2015-ci tədris ilinin  birinci semestrində 3, ikinci semestrində isə Çexiyadan 1 nəfər universitetə təhsil almağa gəlib.  "Mövlanə" proqramı çərçivəsində kimya mühəndisliyində bir sinif tamamilə təhsilini Türkiyədə davam etdirib. TEMPUS layihəsi çərçivəsində xarici müəllimlərlə əlaqə saxlanılır və onlayn seminarlar keçirilir.  
Tələbələrin fəaliyyətləri  
Tələbələr universitetin yaratdığı şəraitdən faydalanaraq özləri də ideyalarını həyata keçirməyə çalışır, yeni layihələrə start verirlər. Universiteti gəzəndə pilləkənlərdə maraqlı sözlərə, tavanlarda uğur böcəklərinə, divarlarda tələbələrin yaratdığı tablolara rast gəldik. Nə olduğunu soruşanda, "İZ" layihəsidir cavabını aldım. "İZ" nədir?
- Qafqaz Universitetində "İZ" sosial layihəsi yaxşı tanınır. Layihənin məqsədi yenilənən və böyüməkdə olan universitet şəhərciyinin gözəlləşdirilməsində əməkdaşlarının və tələbələrinin iştirakını təmin etmək, fikirlərinin  real "İZ"lərini saxlamaqdır. Layihə şəhərcikdə tədris binalarının daxilində və ya çöl hissəsində ola bilər.
Layihə sosial xarakterlidir. Layihə başa çatdıqdan sonra onu həyata keçirən qrup üzvlərinin adı layihə həyata keçirilən yerdə yazılı şəkildə qeyd olunur. Layihədə  universitet əməkdaşları və tələbələr iştirak edə bilər.   "İZ" layihəsi çərçivəsində daxil olan müraciətlərdən biri də gerçəkləşib. Pedaqogika fakültəsi, ibtidai sinif müəllimliyi bölməsinin tələbəsi Nərmin İbrahimlinin  "Ağıllı pilləkən"lər adlandırdığı bu layihə müraciətçinin öz başçılığı ilə həyata keçirilib. İlkin olaraq bir pilləkən üçün tətbiq edilən bu layihənin məqsədi universitetin bütün pilləkənlərini "Ağıllı pilləkən"ə çevirməkdir. Universitetin nəzdində fəaliyyət göstərən dizayn kursunun tələbələri köhnə kompüter, maus və klaviatura parçalarından ibarət olan, məharətlə rənglənmiş "Uğur böcəyini" xatırladan gözəl kompozisiya hazırlayıblar.   
"İngilis zona"sı  
Universiteti gəzəndə əsas korpusun kiçik bir hissəsində yaradılan "English only zone" diqqətimi çəkir. Bu barədə layihənin koordinatoru Əsmər Həşimli məlumat verir:
- Bu, universitetdə 2015-ci ilin yeniliklərindən biridir. Bu zonaya daxil olan hər kəs ingilis dilində danışmalıdır. Orada təlimlər, debatlar, kitab müzakirələri, ingiliscə qısa qrammatikaların izahı, ingiliscə oyunlar keçiririk. Əsas məqsəd ingilis dilində danışmaqdır. Burada əsas fəaliyyət göstərənlər  tərcümə fakültəsinin tələbələridir. Yer kiçikdir, amma debatlar, təlimlər və s. dərs saatlarına görə planlaşdırılır, ona görə sıxlıq yaşanmır. Debatlar müxtəlif mövzularda aparılır və onlara ingilis dilini hər səviyyədən bilən tələbələr qatılır. Bu da onların nitqini inkişaf etdirməyə kömək olur.  Gələcəkdə layihəni inkişaf etdirmək və daha böyük yerə köçmək planlaşdırılır.  
Dərnəklər  
Qafqaz Universiteti Mədəniyyət və İdman İdarəsi Dərnəklər Koordinatorluğu nəzdində 24 klub, rəsm, musiqi, xor, rəqs dərnəkləri fəaliyyət göstərir. Dərnəkdə məşğul olan tələbələr akt zalında tədbirlər keçirir, müsabiqələr təşkil edirlər. Klubların fəaliyyət dairəsi geniş və müxtəlifdir. Klubların əsas funksiyası maraq klubları şəbəkəsində  tələbə gənclərin intellekt səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub təmsilçiləri dünyada gedən proseslər çərçivəsində seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.
Universitetdə "Biznes dünyası", "Dialoq Qafqaz", "EAST WEST",  "Ekologiya",  "Ədəbiyyat", "Gənc Akademiya", "İdman Dünyası", "Beynəlxalq Tədqiqat Klubu", "OĞUZ" , "Pi",  "Sənaye Mühəndisliyi", "Düşüncə, "Media","Laləzar" və s. kimi klublar da fəaliyyət göstərir. 
Onlar ümumrespublika və universitet miqyasında nailiyyətlər əldə edib.  
Nailiyyətlər 
"Yaşıl Kimyaçılar" klubu 2013-2015-ci illərdə dəfələrlə Azərbaycan Dövlət Neft Şirkətinin keçirdiyi breyn-rinqlərin qalibi olub. "Pi" klubu "Elm festivalı"nda universiteti uğurla təmsil edib və bir çox orta təhsil müəssisələrində sərgilər keçirib. Eyni zamanda "Pi" klubu Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ümumrespublika orta təhsil müəssisələrinin şagirdləri arasında məntiq və riyaziyyat olimpiadaları keçirib. "Biznes Dünyası" klubu "Azercell" şirkətinin "Barama" layihəsində universiteti uğurla təmsil edib. "İntellekt" klubu bir çox telekanallarda təşkil olunan intellektual oyun və yarışmalarda nailiyyətlər əldə edib.  
Fotolar: Rəşad RAMAZANOĞLU

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF