“Qafqaz”da həmrəylik bayramı qeyd olundu
Bir neçə gündür ölkə xaricində və respublikanın ayrı-ayrı regionlarında qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirlərindən biri də Qafqaz Universitetində keçirildi. Tədbir iştirakçılarını salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycan xalqının həmrəylik bayramını təbrik etdi. “Yetmiş fərqli ölkədə azərbaycanlıların yaşadığını çox yaxşı bilən Ümummilli Lider Heydər Əliyev bu günü azərbaycanlılara hədiyyə edib. Ulu öndərin ifadəsi ilə desək, biz bir millət, iki dövlətik. Buna digər bütün türk dünyasını da qoşuruq. Bizə zərər vermək istəyənlər Qarabağda, Kiprdə geri addım atarlar. Ona görə də türk dünyasının birliyi çox önəmlidir”,- deyən A. Saniç bu birliyin təməllərinin türk dünyasının iki böyük öndəri - Atatürk və Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi.
Dünya şöhrətli cərrah və türkoloq-alim Cavad Heyət də tədbirdə çıxış etdi. Qafqaz Universitetini türk dünyasının birliyinin real təccəssümü hesab edən alim Azərbaycan və Türkiyənin ortaq universitetində olduğuna görə çox sevindiyini bildirdi. “Mən türk dillərinin tarixini yazarkən “türk dilləri” anlayışından deyil, “türk dil və ləhçələri” anlayışından istifadə etdim. İstər qarabağlı, istər təbrizli olsun, yetər ki, türk olduğunu bilsin. Mənim üçün hər gün həmrəylik günüdür və elə də olmalıdır”,- deyən professor türk xalqlarının həmrəyliyinin vacibliyini vurğuladı. Tədbir bədii hissə ilə davam etdirilib.
Yusif Əli / Bakı
www.zaman.az