Texnoloji parklar inkişafın lokomotivinə çevrilir

Texnoloji parklar inkişafın lokomotivinə çevrilir

Ölkənin ən iri sənaye şəhəri sayılan Sumqayıtda qurulmaqda olan texnologiyalar parkının potensialı genişlənir

Bu gün müasir dövrümüz yeni texnologiyalar, innovasiyalar əsasında formalaşıb. Hazırda bütün innovasiya strukturlarının yeni növləri arasında elmi-texnoloji parklar özünəməxsus yer tutur. Təsadüfi deyil ki, ölkə prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da da elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə olaraq qarşıya qoyulub.Xatırladaq ki, hazırda ölkəmizdə ən böyük texnologiyalar parkı Sumqayıtda yerləşir. 17 zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Balaxanı Texnoparkının tikintisi isə davam edir.Bəs, görəsən, texnoparkların əsas mahiyyəti nədən ibarətdir? Bu mərkəzlərin ilk formalaşma tarixi nə vaxtda təsadüf edir?Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məsələni “Həftə içi”nə şərh edərkən bildirib ki, texnoloji parkların yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara, bu texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsidir. Onun sözlərinə görə, bu qurumlar eyni zamanda yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi məqsədi daşıyır: “Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi, marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat mərkəzi daxildir».

İqtisadiyyatın yeni sahələri texnoparklar hesabına formalaşır

Ekspert deyib ki, dünya iqtisadiyyatında texnoparklar innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Osman Gündüz milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların müstəsna böyük rolunun olduğunu söyləyir. O, buna misal olaraq ABŞ, Yaponiya, Çin və kimi inkişaf etmiş ölkələrin İKT sahəsində dünya səviyyəsində qabaqcıl olmaları məhz texnoparklara əsaslanır.Onun sözlərinə görə, müasir dövrdə informasiya cəmiyyətinin biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol oynadığından ali məktəblərdə texnoparkların yaradılması geniş yayılıb: “Bu cür texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin yaranmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədi ilə qurulur. Universitet texnoparkda fəaliyyət göstərən şirkətlərə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Beləliklə, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onların tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən məkan rolunu oynayır».

İlk texnoparklar ABŞ-da yaranıb

Qeyd edək ki, texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbüsü ilə yaradılıb. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar sahəsində müəyyən irəliləyişlər əldə ediblər. Ona görə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəlir. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəlir. Silikon vadisi bu gün çox məşhur olan "Hewlett-Packard", "Polaroid", "Eastman Kodak", "General Electric", "Shojkley Transistor", "Lockheed" kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzadıldı. Həmin illərdə kompüter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə İnternetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi.

Azərbaycan universitetləri yeni ideyalara can atır

Son illər ölkəmizin ali təhsil müəssisələri arasında texnoparkların yaradılması ideyası reallaşmaqdadır. Artıq Qafqaz Universitetində bu mərkəz demək olar ki, tam şəkildə formalaşıb. 2013-cü ilin yanvar ayında sözügedən universitetin Elmi Şurasının qərarı ilə təsis edilən texnopark "QUTexnopark" adlandırılıb. Bu ali məktəbdə texnopark təsis olunarkən Türkiyənin universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürülüb. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər təşkil edilib, həmin səfərlər zamanı Orta Doğu Texniki Universiteti, İstanbul Universiteti, Yıldız Texniki Universiteti, Hacəttəpə Universiteti, Bilkent Universiteti kimi güclü universitetlərin texnoparklarında geniş müşahidələr aparılıb. QUTexnopark formalaşdırılarkən Türkiyə ilə yanaşı İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə olunub. QUTexnoparkda "SENTRA" MMC, Azer.Net MMC, "MONtech" MMC şirkətləri ilə müqavilə bağlanıb və həmin şirkətlərə QUTexnoparkda ofis üçün yer verilib.
Məsələ ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov bildirib ki, texnoparkların qurulmasının hədəflərində yüksək texnologiyaların istehsalı dayanır. Bu isə özlüyündə sənayenin inkişafına dəstək verən bir yanaşmadır. Onun sözlərinə görə, bu mühitdə həyata keçirilən layihələrin nəticəsində ölkədə biznes mühiti, o cümlədən sənaye inkişaf edəcək: “Yaxın 5 illikdə Qafqaz Universiteti Texnoparkında aparılan inkişaf yönümlü elmi-tədqiqat işlərinin nəticəsi olaraq ölkədə sənayenin inkişafına ciddi töhfələr verə biləcəyik. Çünki «QUTexnopark”ın fəaliyyəti ABŞ, Türkiyə, İsveçrə və Rusiya kimi xarici ölkə texnoparklarının təcrübələrinə əsaslanır. Fəaliyyətinin təməlində universitet-sənaye əməkdaşlığı dayanan müəssisə istər böyük, istərsə də orta və kiçik sahibkarlıq subyektləri ilə əlaqələr yaradır. Hazırda texnoparkın ekosistem inkişafında əsas rol oynayan şirkətlərin sayı 9-a çatır. Bunlardan 1-i xarici, 8-i isə yerli şirkətlərdir. Eyni zamanda, daha 2 xarici şirkətin bizim texnoparkla əməkdaşlıq etməsi üçün danışıqlar aparılır. Bu firmalar müxtəlif sahələr üzrə ixtisaslaşmış olsalar da əsasən, İT texnologiyalarına əsaslanaraq, Qafqaz Universitetindəki professor və müəlim heyəti və burada fəaliyyət göstərən kafedraların gücündən istifadə edərək işlərini qururlar. Şirkətlərin əksəriyyəti İT sektorunda fəaliyyət göstərir. Amma firmalardan biri müdafiə sənayesi sahəsində öz işlərini qurur, digər bir firma elektron mexanizmlərin qurulması, günəş, külək enerjisinin istehsalı sahəsində layihələr yerinə yetirir. Şirkətlər təhlükəsizlik sistemlərinin qurulması, elektron universitet, elektron təhsil sistemləri üzərində də öz işlərini qururlar».
İsa Qasımov onu da deyib ki, «QUTexnopark» hazırda Yeni Fikir Müsabiqəsi layihəsini həyata keçirir.Yeni Fikir Müsabiqəsinin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verməkdir. Onun sözlərinə görə, bu yarışmada təkcə Qafqaz Universitetinin təmsilçiləri deyil, bütün Azərbaycan gəncləri, o cümlədən Azərbaycanda təhsil alan xarici vətəndaşlar da iştirak edə bilərlər.

Sevinc

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF