Qafqaz Universiteti Şəkidə Bəxtiyar Vahabzadəni andı
Şəki, 13 fevral (AzərTAc). Unudulmaz Xalq Şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir.AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkil etdikləri tədbirdə universitetin müəllimləri, ziyalılar, poeziya həvəskarları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Şəki Musiqi Kollecində keçirilən tədbirdə Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışmış, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunmuşdur. Bildirilmişdir ki, artıq beş ildir əbədiyyətə qovuşan Bəxtiyar Vahabzadə təkcə Azərbaycan ədəbiyyatı və şeirinin deyil, bütövlükdə türk dünyasının görkəmli şairlərindən biri idi. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin işıqlı xatirəsinin xalqımızın qəlbində həmişə yaşayacağını bildirmişdir. Qeyd olunmuşdur ki, B. Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Şair Vətəninə, doğulduğu yerə bağlı bir insan idi, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə Şəkiyə xas kolorit, düşüncə özünü aydın göstərirdi. Bildirilmişdir ki, Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəkinin mərkəzi parklarından birində şairin büstü qoyulmuş, şəhərdəki məktəblərdən və küçələrdən birinə onun adı verilmişdir.Tədbirdə Şəki Musiqi Kolleci tələbələrinin ifasında şairin şeirləri səslənmiş, sözlərinə bəstələnmiş mahnılar ifa edilmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır