14 Şubat 2014 Cuma

“Sənayedə innovasiya və onun tətbiqi başlıca şərtdir”



“Sənayedə innovasiya və onun tətbiqi başlıca şərtdir”İsa Qasımov: “Sənaye ili”ndə qarşıya qoyduğumuz başlıca hədəf gənclər arasında təşəbbüskar yanaşmanı təşviq etməkdir”
“Sənaye ili” ilə bağlı olaraq müsahibimiz Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımovdur.
-Texnoparkınızın hazırkı fəaliyyəti nə yerdədir?
- Təqribən bir il əvvəl təsis edilmiş Qafqaz Universiteti Texnoparkı hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTexnoparkının fəaliyyəti istər kadr hazırlığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılması ilə sahibkarlığın inkişafı, eləcə də şirkətlərlə əməkdaşlığın daha da genişlənməsi yönündə səmərəlidir. 
Hazırda texnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazidə müxtəlif şirkətlərə ayrılmış ofislərdə 10-dan çox layihənin inkişafına dəstək verir. Bu prosesdə şirkətlər universitetin professor-müəllim heyəti, həmçinin tələbə və elmi-tədqiqatçıları (magistrant və doktorantlar) ilə sıx əməkdaşlıq edirlər. Hazırda QUTexnoparkda ofis açaraq fəaliyyət göstrərən şirkətlər aşağıdakılardır: Azer.Net MMC, SENTRA MMC, MONtech MMC, AZEL ELEKTRONIK LTD, NEVO, ALEA JACTA Est, MilliByte MMC, Mina MMC, REFECTUM COMPANY MMC. 
Hazırda şirkətlərin sayının artırılması, həmçinin layihə çalışmalarının inkişaf etdirilməsi üçün iş aparırıq. Yuxarıda qeyd olunan şirkətlərdən biri (AZEL ELEKTRONIK LTD) xarici firmadır. Texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün beynəlxalq təcrübə önəmlidir. Ona görə də xarici firmaların cəlb edilməsinə də ciddi əhəmiyyət veririk. Bu məqsədlə yenicə başqa bir xarici firmadan təklif almışıq. Həmin firmanın da iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqatlar müstəvisində maraqlı təklifləri var. Yəqin ki, biz onalara QUTexnoparkda yer verəcəyik. Burada qeyd etməliyəm ki, QUTexnoparkda ofis kirayələmək üçün şirkətlərə qoyulan başlıca şərtlərdən biri kimi, iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqatların aparılmasına yönəlmiş layihələrinin olmasıdır. Əks təqdirdə şirkətlərin texnoparkda ofis açmasının ciddi bir mənası olmur. QUTexnopark qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafına dəstək verilir. 
Hazırda YFM 2013 layihəsinin qalib komandaları təklif etdikləri iş fikirlərinin şirkətləşdirilməsi üçün QUTexnoparkda qurulmuş İnkubasiya Mərkəzində onlar üçün təşkil edilmiş ofisdə fəaliyyətlərini davam etdirirlər. Sahibkarlığın inkişafına dəstəyi artırmaq üçün QUTexnoparkın həyata keçirdiyi digər bir layihə isə "Təşəbbüskarlıq seminarları"dır. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən proqramlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq seminar-müzakirələri təmin olunur. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.
Bütün bunlarla yanaşı, QUTexnoparkın işgüzar çevrəsinin inkişaf etdirilməsi üçün iş dünyasının dövlət və özəl sektora aid müəssisələri, eləcə də universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlığımızı inkişaf etdiririk. 
- Texnoparkınızın əməkdaşlıq məsələləri ilə bağlı fikirlərinizi bilmək istərdik. Yəni şirkətlər və əgər xarici əməkdaşlıq varsa bunlar barəsində bildirin.
- Yuxarıda bu haqda məlumat verdim. Ancaq qeyd etdiyim kimi ekosistemin səmərəli inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi və gətirilməsi önəmlidir. Bu zaman yerli biznes dəyərlərinin nəzərə alınması mütləq mənada vacibdir. Yerli biznes dəyərləri nəzərə alınmadan beynəlxalq təcrübənin tətbiqi uğursuz alına bilər. Səmərəli əməkdaşlığın inkişaf etdirilməsi üçün xarici firmaların dəvət edilməsi ilə yanaşı, yüksək texnologiyaların gətirilməsi də mühüm məsələlərdəndir. Burada üzərində dayandığımız ən önəmli məqamlardan biri innovasiyaların tətbiqində və ya yenilikçi yanaşmanın formalaşmasında rol alan təlimlərin və ya təcrübə mübadiləsinin təşkil edilməsidir. Bu məqsədlə tez-tez layihələr həyata keçiririk. 
- Bildiyiniz kimi, Azərbaycanda bu il Prezident tərəfindən “Sənaye ili” elan edilib. Bununla bağlı nə deyə bilərsiniz? Sənaye ilindən gözləntiləriniz nədir?
- Bu, gözlənilən idi və sevindirici məqamdır. Əgər davamlı inkişafa nail olmaq istəyiriksə, sənayeni inkişaf etdirməliyik. Bu, istər neft sektorunun, istərsə də qeyri-neft sektorunun inkişafında önəmlidir. Təsəvvür edin ki, biz ixrac etdiyimiz nefti xammal şəklində deyil, emal edərək müxtəlif hazır məhsullar şəklində təmin edə bilsək, gəlirlərimiz dəfələrlə çox olar. Bu həm də əhalinin işlə təmin olunmasında da ciddi rol oynaya bilər. Digər bir nümunə gətirək; biz qeyri-neft sektoruna aid məhsul kimi almanı da ixrac edirik. 1 ton alma satdığımız zaman ölkəyə daxil olan pulun miqdarı bir neçə yüz ABŞ dolları təşkil edir. Lakin idxal etdiyimiz hər hansı sənaye məhsulunun 1 tonuna görə ödədiyimiz valyuta miqdarı daha çoxdur. Fikrimcə, biz sənayeni inkişaf etdirməyə məcburuq. Bizim başqa yolumuz da yoxdur. Çünki biz inkişaf edərək güclü olmalıyıq ki, qarşıya qoyduğumuz hədəflərə çataq. 
Əlbəttə, sənayenin inkişafı yüksək texnologiyalarının inkişafı ilə mümkün olacaq. Bu isə innovativ yanaşmaları ilə fərqlənən yüksək təhsilli insan gücü ilə baş verəcək. Yüksək texnologiyaların inkişaf etdirilməsi işi arzu edilən yüksək səviyyəli kadr hazırlığı, həmçinin iqtisadi inkişafa əsaslanan elmi-tədqiqatlarla paralel aparılmalı olan prosesdir. Bu prosesdə işin hərətərfli aparılması üçün isə universitetlərin tərkibində formalaşdırılacaq texnoparkların inkişaf etdirilməsi ən önəmli məsələlərdəndir. Burda diqqət edilməli digər məqamlardan biri də bu prosesin uzunmüddətli bir iş olmasıdır. Mən ümid edirəm ki, ölkə rəhbərliyi 2014-cü il “Sənaye ili” çərçivəsində davamlı iqtisadi inkişafı təmin edəcək qanunvericilik bazasını formalaşdıracaq, texnoparkların inkişafı üçün zəruri olan nizamlayıcı və təşviqedici hüquqi sənəd təmin ediləcək. Çevikliyi, həmçinin təşviqedici yanaşmaları ilə sənayenin inkişafına təkan verəcək qanunvericiliyin ortaya qoyulması ən önəmli məqamlardandır. 
- “Sənaye ili” ilə bağlı sizin texnoparkın hansı fəaliyyət planları var? Hansı fəaliyyətləri həyata keçirməyi planlaşdırırsınız?
- Ölkə Prezidentinin “Sənaye ili”ndə qarşıya qoyduğu hədəflərə çatmaq üçün, universitet daxilində formalaşdırılmış ilk texnopark olaraq, öz töhfələrimizi verməli olduğumuzun fərqindəyik. “Sənaye ili”ndə qarşıya qoyduğumuz ən başlıca hədəfimiz gənclər arasında təşəbbüskar yanaşmanı təşviq etməkdir. Əlbəttə, üzərində çalışdığımız layihələrdən əldə etdiyimiz səmərəli nəticələrin tətbiqi, QUTexnoparkda ekosistemin zənginləşdirilməsi, layihə çalışmalarına daha çox insanın cəlb edilməsinin təmin edilməsi, investorlarla əməkdaşlığın inkişaf etdirilməsi kimi planlarımız başlıca məqamlardır.
- İnnovasiyaların texnoparkda intensiv tətbiqi üçün hansı şərtlər lazımdır? Sizin bu barədə hansı təklifləriniz var?
- İnovasiyaların tətbiqi texnoparkdakı fəaliyyətlərin əsasıdır. Üzərində iş aparılan layihələrdə innovasiya yoxdursa, deməli həmin layihələrin nəticələrindən yüksək texnologiyaların istehsalını düşünməyin mənası yoxdur. Deməli, innovasiya və onun tətbiqi başlıca şərtdir. İnnovasiyanın ortaya çıxarılması və inkişafı isə təşəbbüskar yanaşan gənclərin, həmçinin ixtisaslı insan gücünün varlığından asılıdır. Fikrimcə, orta məktəb təhsilindən başlayaraq, universitetlərdə daha genişləndirilmiş formada təşəbbüskar yanaşma təmin edilməlidir. Təhsilin səmərəli nəticələrinin əldə olunması, birbaşa olaraq, təşəbbüskar yanaşma ilə mümkün olacaq.
İstənilən təhsil müəssisəsinin güclənməsi və inkişaf səviyyəsi oradakı təşəbbüskar yanaşma ilə birbaşa bağlıdır. Təşəbbüskar tələbə və müəllimlərə sahib olan universitetlər daha səmərəli iş sərgiləyə biləcəklər. Dünya təcrübəsindən bunu müşahidə edə bilərik. İstənilən güclü universitetin fəaliyyət fəlsəfəsində təşəbbüskar yanaşma var. Texnoparkdakı imkanlar təşəbbüskar gənclərə, həmçinin müəllimlərə öz fikirləri əsasında şəxsi bizneslərinin formalaşmasında, həmçinin patentləşdirmə prosesində ciddi imkanlar verir.
- “Sənaye ili” ilə bağlı hansı təklifləriniz var?
- Təkliflərim belə ola bilər: Nizamlayıcı və təşviqedici hüquqi bazanın formalaşdırılması lazımdır. İdxalın azaldılması üçün daxili istehlakın təmin olunması istiqamətində regional sənayeləşmənin təmin edilməsi üçün: beynəlxalq təcrübədən faydalanaraq, yerli ehtiyac və potensiala əsasən "kopyalama" üsulu ilə sənayenin inkişaf etdirilməsi. Bu zaman qarşıya qoyulan hədəflər planlı şəkildə yüksək texnologiyaların istehsalına keçidi təmin etməlidir. Toxum sənayesi inkişaf etdirilməli, regional inkişafda yüngül və yeyinti sənayesinin inkişafını təmin edərkən, problemə kompleks yanaşılmalı, turizm və rekreasiya potensialı nəzərə alınmalı, yerli və ya milli dəyərləri əks etdirən potensialdan səmərəli istifadə edərək (bu innovasiya ilə mümkün olacaq), həmçinin idxalın azaldılması hesabına yerli istehsalın inkişafına dəstək verilməlidir. İxrac potensialının artırılmasına yönələn elm tutumlu sənaye sahələrinin inkişaf etdirilməsi üçün innovativ yanaşmalardan istifadə edərək yeni təsərrüfat sahələrinin inkişafı təmin edilməlidir dedik. Məsələn, Azərbaycanın əksər rayonlarında gülçülük inkişaf etdirilə bilər. Gülçülük potensialından istifadə edərək ətir istehsalı sənayesini inkişaf etdirmək mümkündür. Bu sahə valyuta gətirən sahələrdəndir. Aqrar sahənin tədarük etdiyi məhsullarının avrostandartlar əsasında emalı və ixracı təmin olunmalı, təbii sərvətlərin xammal və ya konsentratlar formasında ixracı zamanla məhdudlaşdırılmalı, emal və məhsul istehsalı ön plana çəkilməlidir. İstər yerli istehlakın təmin olunmasında, istərsə də ixrac potensialının artırılmasında yüksək texnologiyalar istehsalında əhəmiyyətli olan texnoparkların inkişaf etdirilməsi üçün universitetlərdə təşəbbüskar yanaşma mühiti inkişaf etdirilməlidir. Həmçinin, Beynəlxalq təcrübə öyrənilməli və yerli biznes dəyərləri nəzərə alınaraq tətbiq edilməlidir. Beynəlxalq təcrübənin öyrənilməsi üçün müşahidə qrupları işləməli və yerli biznes etikası nəzərə alınaraq səmərəli təkliflər hazırlanmalı, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi işində ölkə xaricindən müvafiq qaydada təlimçilər dəvət olunmalıdır. Şirkətlər sosial-iqtisadi inkişafa səbəb olacaq elmi-tədqiqat işlərinə (ArGe) təşviq edilməlidir. Universitetlərdə formalaşdırılmış texnoparklarda Texnoloji Transfer Ofislərin formalaşdırılması və inkişaf etdirilməsi dəstəklənməlidir. 
İlkin Ağayev