Qafqaz Universitetində TEMPUS proqramı çərçivəsində yeni layihəyə start verildi
2008-ci ildən başlayaraq Avropa Birliyinin TEMPUS və Erasmus Mundus proqramlarında yaxından iştirak edən Qafqaz Universiteti indiyədək hər iki proqram çərçivəsində 6 layihə reallaşdırıb. Həmin layihələr universitetin beynəlxalq ictimaiyyətə tanıdılmasında, dünya təcrübəsinin Azərbaycana gətirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan 2012-ci il universitet üçün xüsusilə uğurlu olub. Belə ki, ötən il bu ali təhsil ocağı Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində növbəti layihəni qazanıb. İndiyədək Qafqaz Universitetinin qazandığı layihələrin ən irisi olan yeni layihədə əsas məqsəd Avropa ərazisində tətbiq olunan kompüter biliklərini ölçən test mərkəzlərinin Azərbaycanda da yaradılmasıdır.
Yanvarın 28-də Qafqaz Universitetində "Kompüter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması" adlanan yeni layihənin açılış mərasimi oldu. Tədbiri Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulud açaraq bildirdi ki, yeni layihədə 5 Avropa və 11 Azərbaycan universiteti iştirak edir. Açılış mərasiminə həmin universitetlərdən nümayəndələr də qatılıb. Layihə çərçivəsində ölkəmizdə İKT sahəsində biliklərin artırılmasını və onların ölçülməsini təmin edəcək test mərkəzləri yaradılacaqdır. Test mərkəzləri qurulduqdan sonra onların işlədilməsi üçün yerli mütəxəssislərin müəyyən müddətdə Qafqaz Universitetinin layihə üzrə tərəfdaşları olan Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiq etmələri nəzərdə tutulur. Ümumi dəyəri 983 min avro təşkil edən və üçillik müddət üçün nəzərdə tutulmuş layihə 2015-ci ilin oktyabrında başa çatacaq. Layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq.
C.Bulud həmçinin test mərkəzlərinin abituriyentlər və iş axtaranlar üçün əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, həmin mərkəzlərdə İKT üzrə testdən keçib müvafiq sertifikat alanların iş tapmaq imkanları daha çox olacaq.
Açılış mərasimində yeni layihənin təqdimatı oldu. Çıxış edənlər onun ölkəmiz üçün əhəmiyyətini qeyd etdilər.
http://www.muallim.edu.az/arxiv/2013/04/06.htm