XMİB-dən Azərbaycanda mühəndisliyin inkişafına dair böyük addım
Ötən
ilin noyabr ayında XMİB, 300-dən çox nümayəndə heyətinin iştirakı ilə
Azərbaycanda ilk Beynəlxalq Mühəndislər forumunu təşkil edib. Azərbaycan
Gənclər Fondu tərəfindən maliyyələşdirilən forumun ilk günü Kempinski
Hoteldə keçirilib. Burada mühəndisliklə bağlı mühüm mövzuların
müzakirəsi ilə yanaşı, təhsil müəssisələri, akademiya, şirkətlər və
beynəlxalq mühəndislik qurumları arasında əməkdaşlıq üçün ilkin addımlar
atılıb. Forumda mühəndislik üzrə təhsil alan tələbələrlə yanaşı, BP,
Azersun, Azersu, SOCAR, Schlumberger, Halliburton, Azercell və digər
şirkətlərdən olan gənc mütəxəssislər də iştirak ediblər. Açılış mərasimi
zamanı çıxış edən nümayəndələr forumun əhəmiyyətini vurğulayaraq
Azərbaycanın böyük mühəndislik potensialına sahib olduğunu və bu
təşkilatlar vasitəsilə gənc mühəndislərimizin beynəlxalq şəbəkələrə
inteqrasiya etmək imkanlarını qeyd ediblər.
Açılış mərasimi zamanı Azərbaycan Gənclər Fondunun Direktoru
Ferhad Hacıyev, Avropa Milli Mühəndislik Assosiasiyaları Federasiyasının
(FEANI) Baş Katibi, Vitse-prezidenti Dirk Bochar, Böyük Britaniya Kimya
Mühəndisləri İnstitutunun (BB Mühəndislik Şurası) Vitse-prezidenti,
Mançester Universitetinin Professoru Colin Webb, Almaniyanın
Mühəndislik, İnformatika və Təbiət Elmləri Akreditasiyası Şurasının Baş
Katibi Jana Moehren, BP Vitse-prezidenti Mark Tomas, AzerSu Şirkətinin
Sədr Müavini Teyyub Cabbarov, Azersun Şirkətinin Direktoru Ahmed Yaman,
Schlumberger Şirkətinin Regional Direktoru Vill Grace, Qafqaz Universiteti Rektoru Ahmed Sanıç, Xəzər Universiteti Rektoru Hamlet
İsaxanlı və AMEA-nın Neft-Kimya Prosesləri İntitutunun Direktoru Vaqif
Abbasov çıxış edərək forumun əhəmiyyəti haqqında düşüncələrini qeyd
ediblər.
Forumun növbəti hissəsi müxtəlif mövzuların müzakirəsi ilə davam
edib. Mühəndislik təhsili,universitetlərdə mühəndislik üzrə bakalavr,
magistr və doktorantura proqramlarının beynəlxalq təcrübəyə
uyğunlaşdırılması,sənayedə gənc mütəxəsislərin inkişafı və
akkreditasiyası, kariyera inkişafı imkanları, mühəndislik layihə və
əməliyyatlarının idarə olunması, gənc mühəndislərin peşəkar inkişaf
proqramları kimi mühüm məsələlər əsas müzakirə obyektinə çevrilib.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Milli Mühəndislik Mükafatları da təqdim edilib. Gənc mühəndislər sertifikatlar və qiymətli hədiyyələrlə təltif olunublar:
- İlin Mühəndislik Layihəsi – Samir Qənili, Süleyman Süleymanov, Teyyub Cabbarov
- İlin Mühəndisi – Bəxtiyar Abdullayev
- İlin Təlim Layihəsi – Ramiz Məmmədli
- İlin Tələbəsi – Ayxan Salmanov, Tural Cəfərov
Forumun ilk günü musiqili proqramla başa çatıb. Azərbaycanın populyar
müğənnisi Tünzalə Ağayeva mühəndisləri öz müsiqli parçaları ilə təbrik
edib.
Forumun 2-ci günü Qafqaz universitetində keçirilib. Bu hissənin əsas
məqsədi şirkətlər, universitetlər, gənc mühəndislər və tələbələr
arasında mühəndisliyin inkişafı üçün bilgi və təcrübə mübadiləsi aparmaq
olub. Tədbirdə BP, Azersun, Qafqaz Universiteti, CES, FEANİ, İChemE, UK
EngC, ASIIN, SEFİ və TMMOB nümayəndələri iştirak edib. BP və Azersun
şirkətlərinin təlim proqramları haqqında təqdimatları böyük maraqla
qarşılanıb.
Forumda 2 gün ərzində ümumilikdə 350 nəfər iştirak edib. Bu müddət
ərzində Azərbaycanda mühəndislik sahəsi adına mühüm addımlar atılıb.
Belə ki, mühəndisliyin inkişafı üçün təhsil, sənaye və ictimaiyyət
üçbucağının əsası qoyulub. Qafqaz və Xəzər Universitetləri ilə
Almaniyanın Mühəndislik və Təbiət Elmləri Akkreditasiya Şurası arasında
təhsil proqramlarının akkreditasiyası ilə bağlı danışıqlara start
verilib. Bununla yanaşı XMİB-in Avropa Milli Mühəndislik Assosiasiyaları
Federasiyasına daxil olmasına dair razılıq əldə olunub və müraciət
prosedurlarına başlanılıb.Böyük Britaniyanın Mühəndislik Şurası ilə XMİB
arasında azerbaycanlı mühəndislərin kimya mühəndisliyi üzrə
akkreditasiyasına dair XMİB-ə hüquqların verilməsi ilə bağlı ilkin
razılıq əldə olunub.Mühəndislərin informasiya mübadiləsi üçün elektron
şəbəkəsinin təşkil olunması qərara alınıb.
Forum AzTV, ATV, Lider, Xəzər və Yurd TV-də işıqlandırılıb. Nəticədə
forumdan sonra XMİB-ə müraciət edən tələbə və gənc mühəndislərin sayı
artıb.
Qeyd edək ki, XMİB 2007-ci ildə gənc mühəndisləri peşəkar,
texniki və mədəni inkişafında dəstəkləmək məqsədi ilə yaradılan
qeyri-kommersiya təşkilatıdır.http://thecesworld.org/az/xmib-d%C9%99n-az%C9%99rbaycan-muh%C9%99ndisl%C9%99rinin-inkisafina-dair-boyuk-addim?utm_source=rss&utm_medium=rss&utm_campaign=xmib-d%25c9%2599n-az%25c9%2599rbaycan-muh%25c9%2599ndisl%25c9%2599rinin-inkisafina-dair-boyuk-addim