“Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabının təqdimat mərasimi keçirildi
Dünən
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyində 2013-cü ilin
ilk ayında Qafqaz Araşdırmaları İnstitutu tərəfindən nəşr edilmiş “Evliya
Çələbi Səyahətnaməsində Azərbaycan” kitabının təqdimat mərasimi keçirildi.
Türkiyə Cümhuriyyəti Başbakanlık Fonu tərəfindən qəbul edilmiş layihə əsasında
hazırlanan kitab Qafqaz Araşdırmaları İnstitutu əməkdaşları və bir qrup digər
mütəxəssislərdən ibarət birgə heyət tərəfindən çapa hazırlanmışdır. Kitabın
təqdimatı ilə yanaşı “Evliya Çələbi Azərbaycanda” sərgisinin də açılışı
keçirildi.
XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi
dünyanın bir çox yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi
yerlərin tarixi, coğrafiyası, əhalisi haqqında məlumatlar vermişdir. Səyyah
Azərbaycana dörd dəfə səfər etmişdir. Evliyanın Azərbaycana etdiyi səyahətləri
(1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi,
coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə
qiymətli bilgilər öz yerini tutur.
Təqdimat mərasimində 200-ə yaxın elm, siyasət xadimi,
kütləvi informasiya mənsubları iştirak etdi. Eyni zamanda hazırlanmış 200 kitab
qonaqlara hədiyyə edildi. Mərasimi açan kitabın naşiri dos.Mehmet Rıhtım
qonaqları salamlayaraq əsərin hazırlanma prosesi barədə danışdı, əməyi keçən
hər kəsə təşəkkürünü bildirdi. Qeyd edək ki kitab üzərində böyük bir heyət - Qafqaz
Araşdırmaları İnstitutunun müdiri dos.Mehmet Rıhtım, prof.Minaxanım Təkləli,
dr.Fariz Fərzəli, dr.Kənan Bəşirov və Fəridə Əliyeva, prof.Yaqub Mahmudov və
prof.Cəfər Qiyasi çalışmışdır. Çıxış edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki
səfiri kitabın önəmini vurğuladı. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu kitabın ölkəmizin
yenidən yazdığımız tarixində mühüm yeri olduğunu söylədi. Alovlu çıxışı ilə
seçilən prof.Minaxanım Təkləli “Evliya Çələbi Azərbaycana dörd dəfə səfər
etmişdir, bu onun beşinci səfəri oldu” deyə kitabın iki qardaş ölkə arasındakı önəmini açıqladı.