«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir
Görüş
zamanı bu ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin
təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İstehsalat Birliyi və Qafqaz
Universitetinin, həmçinin dünyanın neft-kimya sahəsi üzrə bir-çox
nüfuzlu elm və təhsil mərkəzlərinin, tanınmış elm xadimlərinin və
istehsalat rəhbərlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan
Beynəlxalq elmi-praktik konfransa hazırlıq və onun təşkili ilə bağlı
məsələlər müzakirə edilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunan konfrans zamanı dünyanın bir çox ölkələrinin neft-kimya
sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndələrinin daha
sıx elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin
perspektiv inkişafı və yeni layihələrin həyata keçirilməsi, müasir kimya
texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələlərinin
müzakirələrinin aparılması nəzərdə tutulmuşdur. Konfransda neft
kimyasının nəzəri və praktiki məsələləri, fiziki və analitik kimyanın
aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji
təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s.-lə bağlı
müzakirələrin də aparılacağı gözlənilir.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli
Məclisin deputatı Muxtar Babayevvə Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç keçiriləcək bu geniş miqyaslı beynəlxalq tədbirlə
bağlı görüləcək təşkilati işləri müzakirə edərək, fikir mübadiləsi
aparmış, tədbirin bütün iştirakçılar üçün elmi-praktiki baxımdan daha
səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürmüşlər.
Konfransda “Petkim Petrokimya Holding” A.Ş.-nin, Azərbaycan Dövlət
Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Qafqaz
Universitetinin, Bakı Dövlət Universitetinin, Türkiyənin Atatürk və
Yıldız Texniki Universitetlərinin, bp-Azərbaycanın və digər
təşkilatların nümayəndələri, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə,
Almaniya, Türkiyə, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş
neft-kimya sahəsi üzrə tanınmış kimyaçı-alimlər, neft-kimya istehsalatı
rəhbərləri iştirak edəcəklər.
Konfrans üç gün davam edəcək.
http://sumqayitxeber.com/2013/02/az%C9%99rikimyada-qafqaz-universitetinin-r%C9%99hb%C9%99rliyi-il%C9%99-gorus-kecirilmisdir/