Evliya Çələbinin Azərbaycana beşinci gəlişi

Dünən Türkiyənin ölkəmizdəki səfirliyində “Evliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabının təqdimatı və tanınmış səyyaha həsr olunmuş sərginin açılışı olub. 
 Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Alper Çoşkun əsərin işıq üzü görməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və oxşar layihələrin davamlı olacağını əminliklə vurğulayıb.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım deyib ki, “Evliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabında türkiyəli səyyahın Azərbaycana 1646-1666-cı illər ərzində etdiyi 4 səyahət zamanı müşahidə etdiyi sosial, mədəni, dini, siyasi və digər mövzular öz əksini tapıb: “Onun səyahət yolu qədim Azərbaycan torpaqlarından - Urmiyədən başlamış Naxçıvan, İrəvanı keçməklə Təbrizə, Bakıya uzanır. Azərbaycanın bağ-bağçalarında yetişən meyvələrdən, xalqın milli adət-ənənəsinin ən incə detallarından tutmuş kəndlərin, şəhərlərin təsvirinədək hər şey bu günümüz üçün xüsusi maraq oyadır”. Kitab Evliya Çələbinin “Səyahətnamə” əsərinin müəyyən hissələrinin tərcüməsidir. O, həmçinin vurğulayıb ki, Qafqaz Universitetinin Elmi Şurasının və Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fonu dəstəyi ilə “Nurlar” nəşriyyatında işıq üzü görmüş kitab üzərində onunla yanaşı, filologiya elmləri doktoru Minəxanım Təkləli, AMEA-nın müxbir üzvləri - tarix elmləri doktoru, millət vəkili Yaqub Mahmudov və memarlıq elmləri doktoru Cəfər Qiyasi də işləyiblər.
“Evliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabını böyük hadisə kimi dəyərləndirən Yaqub Mahmudov bildirib ki, biz Azərbaycan tarixini yenidən yazırıq. Məhz belə əsərlər tariximizin düzgün yazılmasında qiymətli məxəz rolunu oynayır”. Onun sözlərinə görə, belə əsərlər bəşər tarixini  də öyrənmək baxımından olduqca qiymətlidir. Onun möhtəşəm əsəri keçmişin etibarlı aynasıdır, həm də yeni  çağdaş ruhlu abidədir ki, yaşadığımız yeni dövrün çətin məqamlarında mübarizələrimizdə dayağımıza çevrilir.
Filologiya elmləri doktoru Minəxanım Təkləli isə “Evliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabını onun ölkəmizə beşinci gəlişi kimi dəyərləndirib. Cəfər Qyasi isə təqdimatı keçirilən nəfis kitabın elmi və tarixi əhəmiyyətindən söz açıblar. Onun sözlərinə görə Evliya Çələbi yalnız bir səyyah deyil, həm də ensiklopedik biliyə malik bir şəxs olub.
Təqdimat mərasimində foto, qrafika, rəsmlərdən ibarət slaydların nümayişi də maraqla qarşılanıb.
Qvami Məhəbbətoğlu
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47533

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF