TQDK 2012-ci ilin ən reytinqli ali məktəblərinin adını açıqlayıb.
Siyahıya görə Prezident yanında Dövlət İdarəçilik Akademiyası
reytinqdə birinci olub. Azərbaycan Tibb Universiteti ikinci, Qafqaz
Universiteti üçüncü yerdə qərarlaşıb.
Amma təəssüf ki, ali təhsil ocaqlarımız dünya miqyasında hələ də
çox aşağı sıralarda qərarlaşıblar. Hazırda dünya ölkələri üzrə ali
məktəblərin reytinq cədvəlini hazırlayan bir neçə məşhur mərkəz var.
Bunlara "QS" Dünya Universitetləri Reytinqi, "THE" Reytinqi, "ARWU"
Dünya Universitetləri Akademik Reytinqi və s. daxildir.
"QS" Dünya Universitetləri Reytinqinin açıqladığı son siyahıda
(2011-yekun) Azərbaycandan 3 ali məktəb siyahıya düşüb: Bakı Dövlət
Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti. Lakin hər üç
ali məktəb reytinqdə "601+" kateqoriyasında yer alıb, başqa sözlə desək,
ilk "600"-lükdən kənarda qalıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan
ali məktəblərinin yer ala bilmədiyi "600"-lükdə Rusiyanın, Qazaxıstanın,
BƏƏ-nin, Yunanıstanın ali məktəbləri yer alıb.
Bununla yanaşı Azərbaycan ali məktəbləri nə "THE"-nin "TOP 400"-lüyündə, nə də "ARWU"-nun "TOP 200"-lüyündə yer almayıblar.
Amma daha acınacaqlı hal "Webometrics" saytının hazırladığı reytinq
siyahısındadır.Belə ki, dünyanın 20 mindən artıq ali məktəblərinin
daxil edildiyi siyahılda Azərbaycan ali məktəbləri xeyli aşağı
mövqedədir. Siyahıda ən yüksək pillədə Qafqaz Universiteti qərarlaşıb.
Bu ali təhsil ocağına dünya üzrə 5 816-cı pillədə yer verilib. TQDK-nın
ən reytinqli ali məktəb adlandırdığı Prezident yanında Dövlət İdarəçilik
Akademiyası isə "Webometrics" saytının reytinqində 14 645-ci pillədə
qərarlaşıb.
Təbii ki, araşdırma mərkəzlərinin hər birinin özünəməxsus seçim
kriteriyaları var, bununla yanaşı bu siyahıların nə dərəcədə şəffaf
olması da müzakirə mövzusu ola bilər. Amma reallıq budur ki, dünya
miqyaslı araşdırma mərkəzləri bu siyaları tərtib edib və ölkə təhsilinin
bugünkü vıəziyyətini nəzərə aldıqda bu siyahıların çox da gözlənilməz
olmadığı aydın olur.