Qafqaz Universitetinin növbəti uğuru

10 Avqust 2012 - №31 Qafqaz Universiteti 2012-ci ildə Avropa İttifaqı tərəfindən dəstəklənən 3 TEMPUS və 2 Erasmus Mundus layihələrində iştirak edəcək. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Avropa universitetləri ilə əməkdaşlığı və tərəfdaş universitetlərin modernləşdirilməsini hədəfləyən TEMPUS ali təhsil proqramı Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübənin bölüşülməsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim-tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının yaradılması və tətbiqi, eləcə də universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafını nəzərdə tutur.
Bundan öncəki illərdə Qafqaz Universiteti Avropa ali təhsil ocaqları tərəfindən idarə edilən layihələrdə iştirak edirdisə də, bu il  Aİ tərəfindən maliyyələşdiriləcək layihəni koordinator olaraq idarə edəcəkdir. E-NOTES layihəsi 3 il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir  təlim metodlarıyla tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının  tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, müasir  metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialını yaxşılaşdırmaq məsələlərini nəzərdə  tutur. Azərbaycanla yanaşı, E-NOTES layihəsində İsveç, İspaniya, Latviya, Litva və Polşadan universitetlər də tərəfdaş kimi iştirak edəcəklər.
Qafqaz Universiteti bundan əlavə, 2 Avropa universiteti tərəfindən idarə ediləcək layihədə tərəfdaş universitet kimi iştirak edəcəkdir. İtaliyanın Dell’Aquila Universiteti tərəfindən təqdim edilmiş birinci layihənin əsas hədəfi tələbələrə təqdim edilən xidmətlərin inkişaf etdirilməsini, məzun koordinasiyası və məzunların karyera planlamasını, bu sahədə fəaliyyət göstərəcək heyətin Avropa universitetlərində təlimlərini təşkil etmək, beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti təminatı mexanizmlərini işləyib hazırlamaqdır. Layihə üç il ərzində Azərbaycan, Gürcüstan, İsrail, Qazaxıstan və Qırğızıstanda həyata keçiriləcəkdir. Latviyanın Riqa Texniki Universiteti tərəfindən təqdim ediləcək enerji səmərəliliyi tədrisinin inkişafı və təlim şəbəkəsinin qurulmasını hədəfləyən ikinci layihə isə üç il ərzində Azərbaycan, Belarus və Kosovoda həyata keçiriləcəkdir.
Tələbə və müəllim mübadiləsi layihəsi olan Erasmus Mundus proqramı çərçivəsində isə Qafqaz Universiteti iki konsorsiumla qalib olmuşdur.
Xatırladaq ki, keçən il Qafqaz Universiteti üç TEMPUS və bir Erasmus Mundus layihəsini qazanmışdır. Bu layihələrlə Qafqaz Universitetində Avropa universitetləri ilə birlikdə iki yeni magistr proqramı başlanacaqdır. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF