"QAFQAZ"ın tarixindən:SƏLAHƏTTİN DİKMƏN-30 mart 2006-cı il
SƏLAHƏTTİN DİKMƏN
Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçisinin təhsil işləri üzrə müşaviri
(“Təhsildə intellektli insan gücü və təhsilin
insanın inkişafında rolu” mövzusunda keçirilmiş seminardakı çıxışı, 30 mart
2006-cı il)
Gözlərinin
parıltılarında sabahın müəllimlərini müşahidə etdiyim əziz gənclər, Qafqaz
Universitetinin möhtərəm rektoru və hörmətli müəllimlər!
Çağ
Öyrətim İşlətmələri Şirkətinin möhtərəm prezidenti Enver Özərən bəy!
Xanımlar
və cənablar!
Məruzəmə
başlamazdan əvvəl təhsilə böyük önəm verən Türk Dünyasının iki böyük şəxsiyyətini
- Qazi Mustafa Kamal Atatürkü və ümummilli lider Heydər Əliyevi rəhmətlə anır,
əziz xatirələri qarşısında hörmətlə baş əyərək, ruhları şad olsun deyirəm.
Qazi
Mustafa Kamal Atatürk deyirdi: “Təhsil bir milləti ya hür, müstəqil, şanlı, yüksək
bir cəmiyyət kimi yaşadar, ya da əsarət
və səfalətə tərk edər.”
Türk
millətinin yeddi dövlətlə istiqlal mübarizəsi apardığı illərdə, hətta
Polatlıdan top səsləri eşidilən bir vaxtda, o, Ankarada toplanan Maarif Kongresində
iştirak edirdi. Bir tərəfdə millətimizin müqəddəratını müəyyən edən istiqlal mübarizəsi
aparılır, digər tərəfdə isə millətin gələcəyi ilə bağlı təhsil və maarif konqresi
keçirilirdi.
Sonrakı
dövrü xatırlayın. İstiqlal müharibəsində qələbə çalınmış, Cümhuriyyət qurulmuş
və Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin prezidenti seçilmişdir.
Bir
fransız müxbiri Mustafa Kamal Atatürkdən
soruşur:
- Müharibə
qurtardı. Türkiyə Cümhuriyyətini qurdunuz. Bundan sonra nə etmək istəyirsiniz?
Hətta, prezident olmasaydınız, nə ilə məşğul olardınız?
Onun
fransız müxbirinə verdiyi cavab təhsilə verdiyi əhəmiyyəti vurğulayırdı: - “Mən
təhsil naziri olaraq, milli maarifi yüksəltmək uğrunda çalışardım.”
O böyük
insan, yeni həyatın memarı müəllimlərə də belə müraciət edirdi:
– “Müəllimlər,
sizin müvəffəqiyyətiniz Cümhuriyyətin müvəffəqiyyəti olacaqdır. Cümhuriyyət
sizdən fikri hür, vicdanı hür, əqidəsi hür, amalı yüksək nəsillər istəyir.”
M. Kamal
Atatürkün fikirlərindən ruhlandığını özünəməxsus səmimiyyətlə bəyan edən mərhum
Heydər Əliyevin təhsilə nə qədər əhəmiyyət verdiyini isə Azərbaycan gəncliyinin
təhsilinə, təhsil müəssisələrinə ardıcıl qayğısından və Qafqaz Universitetinin
qurulması üçün göstərdiyi səydən görmək mümkündür.
Aparılan
elmi tədqiqatlara görə dünyada olan sosial sahələr arasında ən böyük sistem
təhsil sistemidir. Çünki təhsil, insana vaxtında sərf edilən investisiya ilə
ölkə üçün ən faydalı olan, çatışmayan insan gücünü yetişdirmək üçün, ilk vacib
mərhələ kimi, bəhrəsi geriyə qayıdacaq mahiyyətdədir.
Yəni
nəyi əkərsəniz, onu da biçərsəniz. Keyfiyyətli təhsil almışsınızsa,
qabiliyyətli bir insan olarsınız. Təhsiliniz
zəif olarsa, hadisələrə baxışınız, onlara göstərdiyiniz təsir və ya
onların həlli yollarının müəyyənləşdirməyiniz də o səviyyədə olcaqdır.
Atatürkün
təhsilə verdiyi bu əhəmiyyətdən sonra əcdadımızın dünyadakı bütün ölkələri
heyran qoyan təhsil sistemi və insan yetişdirmə nizamına dair bir neçə nümunə gətirmək
istəyirəm. Özü də bunu türk tarixçiləri yox, dünyada tanınmış Hammer, Buşbek
deyir: “Osmanlı ordusu səfər vaxtı bağça-bağdan keçirsə və ordu üçün lazımlı
isə, sərkərdənin də icazəsi ilə bağdan üzüm ya da bağçadan meyvə dərilirsə,
mütləq onun qiyməti qədər akça (pul) sahibinə ödənir, sahibi yoxdursa, ağacın
budağına bağlanırdı.” Bu davranış tərzi o insanlara verilmiş doğru təhsilin
nəticəsi idi.
Osmanlı
dövlət idarəçiliyində dövlət qulluqçuları və sərkərdələrinə yüksək
nailiyyətlərinə görə padşah tərəfindən mükafat, nişan, və s. veriləndə onlar
başlarını aşağı əyər, hətta bəzən ağlayardılar.
Tiryaki
Həsən paşa on min nəfərlik bir ordu ilə səksən min nəfərlik Avstriya ordusuna
qarşı dəhşətli müdafiə müharibəsi aparmışdır. Bunun qarşılığında padşah ona bu
nailiyyətinə görə vəzirlik (nazirlik) vəzifəsi vermişdir. Tiryaki Həsən paşa isə,
böyük qəhrəmanlıq göstərmiş başqa bir
Osmanlı paşası və donanma kapitanını misal gətirərək demişdir: “Biz kimik ki,
bizə vəzirlik verilə! Hansı ki, Piyalə paşa Xaçlı Donanmasını tamamilə qırdı. Vəzirlik
ona verilməlidir...”
Yəni,
Tiryaki Həsən paşa dövlətin verdiyi mükafatı, vəzirlik nişanını öz xidmətləri
müqabilində çox görmüşdür. Təvazökar olmaq, nəfsinin hisslərini arxa plana çəkə
bilmək hər oğulun işi deyildir. Şübhəsiz ki, Tiryaki Həsən paşanın bu davranışı
da onun aldığı keyfiyyətli təhsilin nəticəsidir.
İkinci
Dünya Müharibəsində yapon təyyarəçisinə bir ərazini düşməndən təmizləmək
tapşırığı verilir. Təyyarəçi ona verilən tapşırığı yerinə yetirir və geri
dönür. Rəisinə əmrin yerinə yetirildiyini xəbər verir və yerə yıxılaraq ölür. Təyyarəçini
müayinə edərkən həkimlərlə rəis arasında
mübahisə başlayır. Belə ki, beş dəqiqə əvvəl təyyarəçi yanıma gələrək, ona
verdiyim tapşırığı uğurla yerinə yetirdiyini məruzə etdi – deyə, rəis həkimə məlumat
verir. Həkim isə kəskin etiraz edərək təyyarəçinin bir saat əvvəl öldüyünü iddia
edir. Mübahisə davam edərkən hərbçi yapon müəllim rəis və həkimə xitabən belə
deyir: “İkiniz də doğru deyirsiniz. Yapon müəllimləri bu övladımıza, bədəni
fiziki funksiyasını itirsə və ya ölsə belə, tapşırığı uğurla başa çatdırması
üçün onun ruhuna da tərbiyə vermişlər.”
Bəli,
bəlkə də bir saat əvvəl bu təyyarəçi fiziki olaraq ölmüşdür, amma onun ruhunu
diri saxlayan, aldığı yapon təhsili, yapon tərbiyəsi idi.
Cəmiyyətdə təhsilin strateji əhəmiyyəti, təhsil almış
insan gücünə olan ehtiyac və elm aləmindəki sürətli inkişaf hər gün bu sahəyə
qiqqəti artırmağı tələb edir. Ona görə də güclü olmaq iddiasında olan ölkələr
təhsil sistemlərini həmişə ciddi nəzarətdə saxlayır və inkişaf etdirirlər. Çünki
dünyanı idarə edənlər ümumi əhalinin 1,5 faizini təşkil edən keyfiyyətli təhsil
almış insanlardır.
Rus
kosmonavtı Yuri Qaqarin 1961-ci ildə kosmik səmaya çıxanda ABŞ dərhal təhsil
sistemini yeniləməyə başladı. Yuri Qaqarinin kosmosa uçuşundan bir müddət sonra,
1969-cu ildə ABŞ kosmonavtının Aya çıxması haqqında məlumat yayıldı. Bu dəfə
digər dövlətlər təhsil sistemlerini gözdən geçirməyə başladılar. ABŞ,
İngiltərə, Rusiya, Yaponiya kimi dünyanın bir çox ölkələri öz təhsil
sistemlərinini daha da inkişaf etdirmək üçün sanki yarışa girdilər. Çünki
təhsildə keyfiyyət mühim əhəmiyyət kəsb edirdi.
Əziz
gənclər, söhbətimizdə təhsilin əhəmiyyətini vurğulamaq məqsədilə bir neçə
mətləbi xatırlatmaq istəyirəm. Son illərdə inkişaf çox yüksək vüsət almışdır.
Dəyişməyən yeganə şey inkişafa olan ehtiyacdır. Bunun sayəsində də daima
inkişaf vardır.
- Dünyada informasiya yükünün altı ayda iki
dəfə artması,
- Hər saatda bir mühim kəşfin edilməsi,
- Minlərlə cildlik kitabın ovuc içi
böyüklüyündə mikrodiskə yazıla bilməsi,
- Kompyuterlə informasiya bazalarında
axtarışların aparılması,
- Danışılan səslərin kosmosda sahibinin
axtarılması,
- Kosmosdakı qəbuledicilərlə yer üzərindəki hadisələrin
izlənilməsi və yeraltı sərvətlərin müəyyən edilməsi,
- İnkişaf etmiş ölkələrin təhsil, məktəb və
müəllim yetişdirmə sistemlərinin yoxlanılması,
- Müəllimlik peşəsinin elmiləşərək
professionallaşması,
- İdarəçilikdə demokratik liderliyin ön plana
çıxması,
- İnkişaf etmiş ölkələrdə keyfiyyətin
idarəedilməsi, məktəbə əsaslanmış idarəetmə, təsirli məktəb anlayışının tətbiq
edilməsi,
- Hər sahədə ağlagəlməz, sürətli inkişaf və
dəyişikliyin yaşanması və s. təhsil sayəsində mümkün olmuşdur.
Qafqaz
Universitetində proqram dəyişikliyi edilməsi və pedaqojinin ön plana çəkilməsinin
məni çox sevindirdiyini dilə gətirmək istəyirəm. Çünki Qafqaz Universiteti üçün
bu çox əhəmiyyətli bir hədəf və strateji
dəyişiklikdir.
Düşünün,
Qafqaz Universiteti Azərbaycan ilə iki yüzə yaxın ölkədə, dünyanın yeddi
iqlimində sülhsevər, müasir və intellektual təhsil verən türk məktəbləri üçün
təhsil aşiqi - müəllimlər yetişdirəcəkdir. Belə bir addımın atılması Qafqazın
müəllim yetişdirmə siyasətində əhəmiyyətli körpü olacağının işarəsidir. Bu
qərarı qəbul edənləri təbrik edir və bunun coşqusunu da sizlərlə bölüşürəm.
Təhsilin
öndəri, lokomotivi, təhsilin ürəyi və beyni olan müəllimlərlə əlaqəli son
illərdə Amerikada və Türkiyədə aparılan elmi tədqiqatlarda (Chandler və
yoldaşları, 1990) müəllimlik peşəsinin idarəçilik və mühəndislik ilə birgə ilk
üç planda nəzərdən keçirildiyini bildirmək istəyirəm.
Boğaziçi
Universitetinin professoru Rüfət Okçabolun və tədqiqat qrupunun apardığı araşdırmalarda
Türk Silahlı Qüvvələrindən sonra Türkiyədə ən çox etibar edilən peşənin
müəllimlik olduğu sübut edilmişdir.Yəni ki, müəllimliyin strateji peşələr
arasındakı sıralamada hələ də ilk cərgədə olduğu aparılan elmi tədqiqatlarla
müəyyən edilmişdir. Çünki informasiya texnologiyalarındakı bütün kəşflərə
baxmayaraq, müəllim hələ də təhsil sisteminin əhəmiyyətli amili və
lokomotividir.
1739 saylı
Milli Təhsil Qanununun 43-cü maddəsində müəllimlik dünyagörüşü, şəxsi həyat və
müəllim peşə biliyinin əsas sahələrini əhatə edən xüsusi ixtisas kimi tərif
edilir. Yəni ki, müəllim olacaq hər bir fərd, gözəl dünyagörüşünə sahib olacaq.
Tədris etdiyi fənn nə olursa olsun, xüsusi biliyi olacaq. Bundan başqa, malik
olduğu bu biliyi tələbələrə necə öyrədəcəyi barədə pedaqoji təhsili, yəni
müəllimlik biliyi, metodoloji biliyi olacaq.
Təhsilin
və müəllim yetişdirmə sisteminin bütün ölkələrdə həyati əhəmiyyət kəsb etdiyi
artıq gün kimi aydındır. Mən, 2000-ci ildə, Klintonun ABŞ-a prezidentlik etdiyi
dövrdə, Amerikanın təhsil hədəflərini tədqiq etdim. Baxın, çox diqqət edin.
Hal-hazırda dünyanın dört tərəfinə dağılmış türk məktəblərinin və Çağ Öyrətim
İşlətmələri şirkətinin məktəblərinin uğurlar əldə etdiyi bilik olimpiadaları
ABŞ-ın başlıca hədəfidir. Prezident Klinton demişdir ki, Amerika gəncləri bilik
olimpiadalarında bütün medalları almalıdır. Amma görürəm ki, türk məktəbləri bu
medalları onlarla bölüşür, hətta çoxunu onlar alır.
Böyük
nailiyyətlər sıravi adamların olduğu ölkələrə, məktəblərə, universitetlərə
nəsib olmazlar. Unutmayın, böyük nailiyyətlər daim qabiliyyətli insanların
olduğu yerlərə nəsib olur. Yəni ki, bir yerdə yüksək nailiyyət varsa, orada
yüksək qabiliyyətli insanlar da vardır.
Bakı-Tbilisi-Ceyhan
neft boru kəməri, adi bir beynin məhsulu deyildir. Bu, illərini dövlət
idarəçiliyinə vermiş, ali liderlik xüsusiyyəti ilə tanınan Heydər Əliyev kimi
bir dövlət xadiminin zəkasının məhsuludur.
Müəllim
yetişdirən universitet ilə müəllimi işlə təmin edən, onun məktəbdə işləməsinə
imkanı yaradan nazirlik arasında çox sıx əlaqə, çok sıx əməkdaşlıq, çox sıx bir
koordinasiya olmalıdır.
Təhsil
və məktəb sisteminin inkarolunmaz və əsas ünsürləri olan müəllimlərin səyləri
ilə məktəb və ya siniflər zövqləri oxşayacaq bir hala gətirilir. Müəllimlərin
səyləri ilə məktəb və ya siniflər cazibə mərkəzi halına gəlir. Uşaq evdə
olanda dərhal məktəbə, sinifə getmək
istəyir, onun üçün darıxır. Çünki müəllimin səyi ilə o sinif, o məktəb cazibə
mərkəzi halına gəlmişdir.
Biz
müəllimlik anlayışımızı, davranışlarımızı, metodiki texniki biliyimizi daima təzələyəcəyik.
Pedaqoji tərzə uyğun yenidən tənzimləyəcəyik. İxtisas sahəmizdə daim
təkmilləşəcəyik. Müəllimin barmaq izi kimi müxtəlif və fərdi olduğunu necə
biliriksə, eləcə də hər bir tələbənin də müxtəlif olduğunu bilib, o şəkildə də
qəbul edəcəyik.
Bütün
bunları da tələbələri edə bilmədikləri deyil, edə bildikləri, bacardıqları,
müvəffəqiyyətli olduqları sahələrə istiqamətləndirərək, təhsildə onları
ürəkləndirərək, onlara cəsarət verərək, özü ilə barışdıraraq, müsbət mənada nə
isə qazandıran öyrənmə mühitini hazırlayaraq həyata keçirəcəyik.
Unutmayın
ki, bütün xəzinələr torpaq altında saxlananda heç bir işə yaramaz. İnsan beyni,
insan zəkası, insan ağlı da belədir.
Yaxşı
aşpaz, hansısa yeməyə hansısa ədviyyatı qataraq, o yeməyin ləzzətini artırmaq
üçün üçün nəyə əl atırsa, müəllim də sinifdə maraq və cazibəni artırmaq üçün
bənzər çarələrə əl atacaqdır.
Bəzən
əfsanələrə, nağıllara, nümunəvi hadisə və lətifələrə müraciət edərək şagirdlərdə
maraq mərkəzi yaradılacaqdır. Düşünmə, biliyə çatma yolları öyrədiləcəkdir.
Bəli,
unutmayın ki, XXI əsr insanını yetişdirəcək keyfiyyətli müəllimlərin
informasiya texnologiyalarından istifadədə də çox mahir və professional olması
zəruridir. Müasir müəllim ana dilini çox yaxşı biləcək, ana dili kimi xarici
dili də biləcək, imkan tapırsa, ikinci xarici dili də öyrənəcəcəkdir.
O
müəllim sadəcə Azərbaycanda və Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində
çalışıb vəzifəsini yerinə yetirə biləcəkdir.
Sizinlə
təhsil və müəllimlik mövzusunda söhbət etmək imkanı yaradan möhtərəm rektorumuza,
bu işin təşkilini öhdəsinə götürən Qafqaz Universiteti Tələbə Təşkilatının sədri
Hüseyin Karahana sevgi və hörmətlərimi ifadə edirəm.
Sağ
olun!