Azərbaycanın ən reytinqli ali məktəbi dünyada 14 645-ci pillədə - SİYAHI
Siyahıya görə Prezident yanında Dövlət
İdarəçilik Akademiyası reytinqdə birinci olub. Azərbaycan Tibb
Universiteti ikinci, Qafqaz Universiteti üçüncü yerdə qərarlaşıb.
Amma təəssüf ki, ali təhsil ocaqlarımız
dünya miqyasında hələ də çox aşağı sıralarda qərarlaşıblar. Hazırda
dünya ölkələri üzrə ali məktəblərin reytinq cədvəlini hazırlayan bir
neçə məşhur mərkəz var. Bunlara "QS" Dünya Universitetləri Reytinqi,
"THE" Reytinqi, "ARWU" Dünya Universitetləri Akademik Reytinqi və s.
daxildir.
"QS" Dünya Universitetləri Reytinqinin
açıqladığı son siyahıda (2011-yekun) Azərbaycandan 3 ali məktəb siyahıya
düşüb: Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər
Universiteti. Lakin hər üç ali məktəb reytinqdə "601+" kateqoriyasında
yer alıb, başqa sözlə desək, ilk "600"-lükdən kənarda qalıb. Müqayisə
üçün qeyd edək ki, Azərbaycan ali məktəblərinin yer ala bilmədiyi
"600"-lükdə Rusiyanın, Qazaxıstanın, BƏƏ-nin, Yunanıstanın ali
məktəbləri yer alıb.
Bununla yanaşı Azərbaycan ali məktəbləri nə "THE"-nin "TOP 400"-lüyündə, nə də "ARWU"-nun "TOP 200"-lüyündə yer almayıblar.
Amma daha acınacaqlı hal "Webometrics"
saytının hazırladığı reytinq siyahısındadır.Belə ki, dünyanın 20 mindən
artıq ali məktəblərinin daxil edildiyi siyahılda Azərbaycan ali
məktəbləri xeyli aşağı mövqedədir. Siyahıda ən yüksək pillədə Qafqaz Universiteti qərarlaşıb. Bu ali təhsil ocağına dünya üzrə 5 816-cı pillədə yer verilib. TQDK-nın ən reytinqli ali məktəb adlandırdığı
Prezident yanında Dövlət İdarəçilik Akademiyası isə "Webometrics"
saytının reytinqində 14 645-ci pillədə qərarlaşıb.
Təbii ki, araşdırma mərkəzlərinin hər
birinin özünəməxsus seçim kriteriyaları var, bununla yanaşı bu
siyahıların nə dərəcədə şəffaf olması da müzakirə mövzusu ola bilər.
Amma reallıq budur ki, dünya miqyaslı araşdırma mərkəzləri bu siyaları
tərtib edib və ölkə təhsilinin bugünkü vıəziyyətini nəzərə aldıqda bu
siyahıların çox da gözlənilməz olmadığı aydın olur.