Vatanperverlik de budur, milletçilik de!
Bəri başdan etiraf edim ki, yazının adını özüm düşünməmişəm. Türkiyənin hansısa nazirinin və ya deputatının sözüdür. Özü də bu sözü ötən həftənin bazar günü tamamlanan VI Türkcə Olimpiadası haqqında söyləyib. Biz də elə o olimpiada ilə bağlı qənaətlərimizi dəyərli oxucularımızla paylaşmaq istəyirik. Əgər diqqətinizi çəkdisə, Türkiyənin bəzi qəzetləri və telekanalları bu möhtəşəm tədbiri geniş işıqlandırdılarsa, bəziləri də özünü görməzliyə vurdular. Heç bu mövzunun yanından da keçmədilər. Niyə? Çünki bu tədbirə münasibət hər kəsin niyyətini, məramını ortaya qoyur. Məsələ nədir? - Məlumdur ki, bu gün dünyanın təxminən 110-dan çox ölkəsində özəl türk liseyləri fəaliyyət göstərir. Bu liseylər cənub-şərqi Asiya ölkələrində də var, Rusiyanın müxtəlif vilayətlərində də, Avropada da, Avstraliyada da, Afrikanın adını yenicə öyrəndiyimiz ölkələrində də, okeanın o üzündə, Amerikada da... Bu təhsil ocaqlarında əsasən türkiyəli müəllimlər çalışırlar. Təbii ki, yerli mütəxəssislər də bu işə cəlb olunur və yerli şərtləri, təhsil sistemini nəzərə alaraq, ortaq proqram hazırlanır. O müəllimlər işlərinə çox böyük məsuliyyətlə yanaşırlar. Üzü qırxılmamış, qalstuksuz müəllimin dərsə girməsi demək olar ki, mümkün deyil. Hər yerdə səliqə, məsuliyyət nümayiş etdirir və bu fəaliyyətini yerinə yetirərkən də ölkəsini təmsil etdiyini unutmurlar. 110 ölkə deyirik. Bu adların hamısını yaddaşda saxlamaq belə çox çətindir. Amma Türkiyə ilbəil böyüyür, dünyanın ən müxtəlif küncünə-bucağına yayılır, barışın, sülhün, səmimiyyətin inkişafına öndərlik edir.
İstanbulda keçirilən bu olimpiada əslində o zəhmətin səmərəsinin nümayişi idi. Dünyanın ən müxtəlif ölkələrindən gəlmiş, fərqli irqlərə, dinlərə, dillərə, mədəniyyətlərə mənsub uşaqların türkcə mahnı oxuması, şeir söyləməsi bir Azərbaycan türkü kimi mənim üçün də çox qürurverici bir mənzərədir. Başa düşə bilmirəm, Türkiyədə kimlər və niyə bu mənzərələrdən qürur duya bilmirlər?
Sən xalqının dilini, mədəniyyətini, adını dünyaya yayırsansa, ulusunu ən gözəl şəkildə təmsil edirsənsə və biri də bu fədakarlığa laqeyd qalırsa, demək, onun ciddi problemi var.
Həmin şəxslərdir, həmin telekanallar, həmin qəzetlərdir. Bir vaxtlar, elə indinin özündə də bu işi başlayanları irticada, xalqa, dövlətə zidd siyasət yürütməkdə ittiham edirdilər. Buyurun, sizin ittiham etdiyiniz o adamlar qaradərili şagirdə sənin dilində şeir oxudur, Amerikadan gəlmiş lord balasına Anadolu türküsü söylədir. Vətənpərvərlik nəyə deyirsən? Xalqını, millətini sevmək başqa necə olur axı? Bir kəlmə yazmadın, bir mənzərə göstərmədin, xoş söz söyləməyə dilin varmadı, barı, bəd danışıb ürək bulandırma.
Üzülərək onu da söyləyim ki, elə Azərbaycanda da baş verənlərin fərqinə varmayan və fərqinə varmadığı halda ordan-burdan eşitdiyini və ya kiminsə qulağına pıçıldadığını yazıb səhifəyə qoyanlar yox deyil. Bəli, təəssüf ki, belədir. Azərbaycandakı özəl liseylərin fəaliyyətinə kölgə salmaq istəyənlərimiz, bu təhsil ocağında yetişən övladlarımızın perspektivini düşünməyənlərimiz var və yaxşı olar ki, bu mövzuda doğru danışmayacaqlarsa, sussunlar, heç danışmasınlar.
Əslində bu olimpiadaya münasibət Türkiyənin daxilində cərəyan edən hadisələri anlamaqda çox şeyi ortaya qoyur. Əgər diqqət yetirmisinizsə, davamlı olaraq hökuməti ittiham edən, dövlət adından, rejim adından müxtəlif ittihamlar yayan, xalqın iradəsini heçə sayan siyasi qumlar, qeyri-hökumət təşkilatları və onların xidmətində duran media quruluşları bu olimpiada haqqında susdular. Seçki kampaniyası yaxınlaşan kimi həmin güclər ölkədə irticaçı ovuna çıxacaqlar, kimlərisə gerilikdə, xarici ölkələrə, kəşfiyyat idarələrinə işləməkdə ittiham edəcəklər, adamları, “çı”lara, “çu”lara böləcəklər... Heç “Ergenekon” terror təşkilatına qarşı bu qədər sərt, amansız deyillər. Daha doğrusu, bu təşkilatın əleyhinə heç bir şey yazmırlar. Əgər utanmasalar, bu cinayətkar, ölkəni batırmağa çalışan şəbəkəni aşkarlayıb üzə çıxaranları ittiham edərlər. Ölkədə yaxşı bir şeyi görmək istəmirlər, bütün fikir-zikirləri iş görənin qabağına daş itələməkdir. Belələri Azərbaycanda da var, “Ergenekon”u da dəstəkləyirlər, bu cür möhtəşəm tədbirlər haqqında da yanlış fikirlər yayırlar.
Kim nə deyir-desin, hər şey ortadadır. Millət vəkillərinin, nazirlərin də söylədiyi kimi bu cür möhtəşəm bir işi düşünən, hazırlayan və dünyaya nümayiş etdirən insanların alnı öpülməlidir. Onlar sevgiyə, ehtirama layiqdirlər. Çünki vətənpərvərlik də budur, insanpərvərlik də, dünyanın sabahına xidmət də...
Əli Çərkəzoğlu
Əli Çərkəzoğlu