"Türkvision" : Türkcenin böyük zaferi
...Türkiyənin gəlmiş-keçmiş ən böyük və ünlü futbolçusu Hakan Şükür əlindəki siyahıdan türkmənistanlı Abadan Halmedovanın adını oxuyarkən Avropanın ən böyük konsert-şou sarayında - İstanbul Göstəri Mərkəzində böyük alqışlar qopdu. Türkmənlərin gənc ulduzu Abadan "Dön gel bir tanem" mahnısını gözəl oxumuşdu, amma sarayı ayağa qaldıran bu deyildi. Artıq heç kəsə sirr deyildi ki, Hakan mahnı yarışının qalibi kimi azərbaycanlı Xəticə Əlizadənin adını elan edəcək...
Söhbətin nədən getdiyi, əziz oxucu, artıq hamınıza bəllidir. 6-cı Uluslararası Türkcə Olimpiyatlarının (Beynəlxalq Türk Dili Olimpiadası) Kemal Gülen ilə Ebru Gedizin aparıcılıq etdiyi, Təşkilat Komtəsinin başqanı prof. dok. Mehmət Sağlamın açılışına start verdiyi ödül gecəsi İstanbuldan Türkiyənin bir çox telekanalları ilə, o cümlədən Azərbaycanın "Xəzər" telekanalı ilə bazar günü axşamı canlı yayımlanırdı.
Möhtəşəm gecəydi, ödül törəninə qatılan Türkcə sevdalıları hamıya həm duyğulu, həm də nəşəli anlar yaşatdılar.İstanbul Göstəri Mərkəzinin səhnəsi bayram yolkası kimi - iştirakçıların milli və rəngbərəg qiyafətləri ilə səhnənin rampaları altında alışıb yanırdı. Tanzaniya, Makedoniya, Vyetnam və Monqolustandan olan məktəblilər halay vurur, türkü oxuyur, dünya uşaqlarından ibarət Dünya Xoru "biz dünya cocuqlarıyız, bir ağacın budaqlarıyız, evrəni qucaqlayan, sevgi ilə barışız" mesaжını verir, keniyalı Samuel məşhur "Allah Yar" şərqisi ilə unudulmaz Cem Qaracanın ruhunu şad edir, kambocalı məktəbli "Çilə, bülbülüm, çilə" ilə salonu coşdururdu. "Haydı ya Allah" deyibən səhnəyə qədəm basan İndoneziyanın mehtər takımı isə ürəkləri fəth etdi. Zərb alətini lap Osmanlı yeniçəri kimi döyəcləyən kiçik mehtərin bığının qopması və onun bunu heç eyninə almaması salondakıları gülməkdən az qala öldürəcəkdi. Monqolustanlı məktəblinin oxuduğu "Sakarya Türkü"sü isə hamını həyəcanlandırdı, gözləri yaşartdı. Ödül törəni gecəsi də eynən Sakarya kimi həyacanlı və möhtəşəm axırdı. Bu səhnələrə baxdıqca, bəndənizin yadına Abdulla Şaiqin "Həpimiz bir Günəşin zərrəsiyik" şeiri düşürdü. Bazar günü axşamı İstanbulda səhnə alanların hamısı sevgi, sülh və qardaşlığa zərrə-zərrə öz töhfələrini verirdilər...
Dünyanın 110 ölkəsindən dili, dini, rəngi və irqi fərqli olan, amma Türkcəyə sevginin birləşdirdiyi 550 məktəblinin qatıldığı Olimpiyatın mahnı yarışmasının finalına 10 ölkə qalmışdı. SMS-lər vasitəsilə onların içərisindən (10 şərqiçinin arasında Azərbaycanın "Sən gəlməz oldun" mahnısını ifadə edən rusiyalı Darya Çkalova da vardı) ilk üçlük müəyyənləşmişdi və əvvəldə qeyd etdiyimiz kimi, mükafatçıların adlarını türk futbolunun kralı və "sahələrin sultanı" Hakan Şükür açıqlayacaqdı.Hakan əvvəlcə üçüncü yerin sahibinin -"Aldım başımı gediyorum" şərqisini gözəl ifa edən tacik Suman Qurbanovanın, daha sonra ikinci mükafatçı türkmən Abadan Halmedovanın adlarını açıqladı. Sonda qalibin - Türkiyənin Qara dəniz bölgəsinin folkloruna məxsus "Mən səni sevdiyimi dünyalara bildirdim" mahnısı ilə könülləri fəth edən təmsilçimiz Xəticə Əlizadənin adını elan etdi. Və Xədicənin qızıl medalı tədbirdə iştirak edən Azərbaycanın millət vəkilləri və KİV rəhbərlərindən ibarət nümayəndə heyətini, Azərbaycan bayrağını başları üzərində dalğalandıraraq həmvətənimizə dəstək verən çoxsaylı azərbaycanlıları, türk qardaşlarımızı, eləcə də dünyanın hər yerindən qonaq gəlmiş mərasimin iştirakçılarını ayağa qaldırdı. Xədicə, Abadan və Sumana medal və diplomlarını Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan təqdim etdi. TBMM başqanı bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək Türkcə Olimpiyatları dünyanı sülhə, birliyə və dostluğa çağırış kimi dəyərləndirdi...
Mərasimdə Türkiyənin ali ərkanını TBMM başqanı Köksal Toptan ilə yanaşı, təhsil naziri Hüseyn Çelik, ədliyyə naziri Mehmən Əli Şahin, dövlət naziri Mehmən Şimşək, bir sıra keçmiş nazirlər, millət vəkilləri, valilər, bələdiyyə başqanları, partiya liderləri, KİV rəhbərləri, tanınmış iş adamları və s. seçkinlər təmsil edirdi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın törənə qatılacağı gözlənilsə də, AKP-nin Qızılcahamam toplantısı ortaya çıxmışdı və o, mərasim iştirakçılarına ünvanlanan görüntülü təbrikində törənə qatılmamaqdan üzüntü duyduğunu dilə gətirərək Türkcə Olimpiyatların mədəniyyətlər ittifaqı və sülh baxımından önəmini vurğuladı...
Qeyd edək ki, bir aydan bəri Anadolunun çeşidli yerlərində sürən 6-cı Uluslararası Türkcə Olimpiyatları 10-dan artıq nominasiyada qaliblərini müəyyənləşdirib. Məsələn, şeir yarışmasında Albaniya məkbəlisi Adeila Selimaж, xalq oyunları yarışmasındasa Zeybək rəqsi ilə vyetnamlı əfələr birinci yeri tutdular.
Gecədə özəl mükafatlar da verildi. "
Atatürk Türk Dili Ödülü"Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, "Karmanoğlu Mehmət Bəy Ödülü" baş nazir Rəcəb Tayyip Ərdoğana, "Əlişir Nəvai Türk Dili Ödülü" şair və fikir adamı Hilmi Yavuz ilə prof. dr. Orhan Okaya, "İsmayıl Qaspralı Ödül"ü жurnalist Taha Akyol ilə Bəşir Eyvazoğluya, "Mahmud Kaşqarlı Türk dili Ödül"ü ABŞ türkoloqu Robert Dankoffa verildi.Yeri gəlmişkən, Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzi Başqanlığı Türkcə Olimpiyatlara 2007-ci ilin Avropa Dil Ödülünü verib.
***
6-cı Uluslararası Türkcə Olimpiyatlarının mahnı müsabiqəsində Xəticə Əlizadənin qalib gəlməsində heç şübhəsiz ki, "Çağ" Öyrətim İşlətmələrinin rəhbəri Ənvər bəyin, "Çağ"ın Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm bəyin, "Zaman"ın (Azərbaycan) baş redaktoru Enis bəyin, eləcə də dostumuz Hüseyn bəyin və bizimlə İstanbulda olduğumuz müddətdə birgə olan, böyük qonaqpərvəliklə qayğımızı çəkən digər türk qardaşlarımızın böyük qatqısı oldu. Trabzonlular və ya rizəlilərsayağı "bizim Fadimə" adlandırdıqları Xəticənin zəfəri üçün nəfəs belə dərmədən çalışdılar. Özəlliklə də Adəm Önal, həmçinin Enis Cansevər Xədicəyə SMS göndərmələri üçün az qala bütün İstanbulu ayağa qaldırmışdılar...
***
Dünyanın dörd bir yanından - ABŞ-dan Əfqanıstana, Braziliyadan Madaqaskara, Yunanıstandan Yaponiyaya, Belarusdan Papua Yeni Qveneya, Hollandiyadan Sudana kimi yüzlərlə Türkcə sevdalısının İstanbula gələrək Olimpiyatlara qatılması yalnız Türk Dilinə sevginin deyil, həm də Türkə sevginin zəfəri idi. Müdhiş tənətənə idi.
Əslində, Azərbaycan türkünün Olimpiyatlarda qalib gəlməsindən təbii bir şey ola bilməzdi. Eyni dili danışırıq.
Amma, məsələn, kambocalılar "ü" hərfini tələffüz edə bilmirlər. Məktəbli Malini Çea "Çilə, bülbülüm, çilə"ni oxuyarkən, "bulbul" deyirmiş. Türk müəllimlər 3 aya ona "ü"nü öyrədiblər. Məşhur bir ifadə var:"Nə mutlu Türküm deyənə". Nə mutlu türk müəlliminə, öyrətməninə! Həmin şəxslər ki, dünyanın dörd bir yanına ali bir missiya ilə yürüşə çıxır, hətta həyatları bahasına belə, məktəb qurur, Türkcəni, Türklüyü təbliğ edir. Nə mutlu onlara! Uluslararası Türkcə Olimpiyatları məhz onların fədakarlığının bəhrəsidir, məhz onların sayəsində dünya Türkcə danışmağa başlayır...
Ödül gecəsində mahnı yarışının qalibinin SMS-lərlə müəyyənləşməsi bir çoxlarımızın yadına "Eurovsion-2008" saldı. Təbii ki, Olimpiyatlar Avropa mahnı müsabiqəsi ilə müqayisədə, qiyaslamada daha anlamlı, gerçəkçi, zövqverici yarış idi. Bu Olimpiyatlar yalnız Türkiyənin "vision"u (baxışı) deyildi, bütün Türk dünyasının baxışı, "Türkvision" idi.
Hər halda, Mozambikdə və Taylandda bir nəfərin türkcə danışması onun həm də mənimlə - Azərbaycan türkü ilə də anlaşa bilməsi deməkdir.
Maraqlıdır, türkdilli ölkələrin ortaq Türk dilini yaratmaq cəhdlərinin alınmaması fonunda Türkiyə Türkcəsi dünyanın ortaq dillərindən birinə çevrilir...
Q.Həmidoğlu