Sevgi ve barışın tentenesi

(VI Beynəlxalq Türkcə Olimpiadası haqqında düşüncələr)
Çoxdan konsert salonunda belə rahat və arxayın əyləşməyim yadıma gəlmir. Burada əməlli-başlı möcüzə yaşanırdı. Yeddi min nəfərlik möhtəşəm salonun səhnəsində göyərçin kimi qanad açaraq, bir az da musiqinin şirin melodiyalarını özünə hopdurub pərvazlanan türk dili hamını sehrləmişdi. Hər kəsin sinəsində ana dilindən qaynaqlanan millət və Vətən sevgisinin təlatümə gətirdiyi bir ürək çırpınırdı.
Həyatda insanı riqqətə gətirən çox sevincli anlar olur. Amma bu anların bir qismi elə həmin saniyələrdə duyğuları qabardaraq keçib gedir, bir qismi isə təkcə hissləri coşdurmur, həm də insanın beynini məşğul edərək, onu uzun müddət düşündürür. Ötən bazar günü final mərhələsi Avropanın ən böyük konsert-şou sarayında - İstanbul Göstəri Mərkəzində keçirilən VI Beynəlxalq Türkcə Olimpiadası mənim üçün məhz belə düşündürücü bir məqam idi, həm də olduqca ali bir məqam. Dil hər bir xalqın milli varlığı, onun yaddaşı, düşüncə və təfəkkürünün daşıyıcısıdır. Bu dil o zaman müqəddəsləşir və qüdrətli olur ki, ona sevgi hər kəsin ruhi ehtiyacına çevrilsin. Türk dili festivalı çoxlarında belə bir qənaət yaratdı ki, bu dilin daşıyıcılarının babaları Uzaq Sibirdən tutmuş Asiya və Afrikayadək, Anadoludan tutmuş Avropayadək qılınc çalarkən, təkcə milli qürur və istiqlal uğrunda deyil, həm də bu gün milyonlarla insanın danışdığı dil uğrunda mübarizə aparıblar. Əgər bu gün Erkan bəy (Erkan Çağıl 9 il əvvəl ailəsi ilə birlikdə bizneslə məşğul olmaq üçün Tanzaniyaya gedib. Məqsədi bu ölkədə pul qazanıb elə bu ölkədə fəaliyyət göstərən türk liseylərinə maddi yardım etmək olub. Lakin bir neçə il əvvəl yeni lisey binası inşa etmək üçün əraziyə baxmağa gedərkən yolda avtomobil qəzası keçirib və həyatını itirib. İndi həyat yoldaşı Arzu Çelik iki azyaşlı övladı ilə birlikdə onun məqsədlərini həyata keçirmək üçün hələ də Tanzaniyadadır - red.) kimi türk dilini yaymaq missiyası ilə Tanzaniyaya üz tutmuş mücahidlər varsa, deməli, uluların ruhu hələ də yaşayır. Əslində dünyanın müxtəlif dillərində danışan 110 ölkəsindən festivala gəlmiş 550 şagirdin hərəsində bir dil zərrəsi parıldayırdı.
Bu festival türk dilinə layiq olduğu bir genişliyi verdi, onun tükənməyən hüdudlarını, gücünü, miqyasını göstərdi. Dünyanın bütün qitələrindən gəlmiş uşaqlar mahnılara və şeirlərə hopmuş insan sevincini və kədərini, nəşəni və ağrını türk dilində ifa etdilər. Hamını həyəcanlandıran Monqolustan məktəblisinin oxuduğu “Sakarya Türküsü” güman edirəm ki, hələ çoxlarının yaddaşında kino lenti kimi fırlanacaq.
Dünənə qədər türk dili bir toplum kimi yalnız türk millətinin müqəddəs xəzinəsi, onun zehni və çırpınan ürəyi idi. Amma indi dairə genişlənir, artıq türkcənin sərhədləri Avropa və Asiyaya doğru dartılır. Türkcə təkcə türk xalqlarının ortaq dilinə çevrilmir, həm də BMT-nin işlək dillərindən biri olmağa iddialı görünür. YUNESKO-nun və Avropa Birliyinin qurumlarının budəfəki İstanbul festivalına xüsusi maraq göstərməsi, ayrıca ödül təsis etmələri maraqlı perspektivlərdən xəbər verir.
Kim nə deyir-desin, milli dil milli hissin, milli düşüncənin gəlişməsində çox güclü amildir. Bunu tarix sübut edib və dil festivalının incə bir fəlsəfəsi də bununla bağlı idi. Dili sevmək vətəni, milləti sevməkdir. Bu sevgi danışıqda deyil, əməldə, işdə görünməlidir. Festivalı təşkil edənlər Türkiyəyə, türk dilinə və millətə olan sevgilərini təkcə Anadoluya deyil, bütün dünyaya nümayiş etdirdilər. Onlar bu tədbiri bir qurumun deyil, bütün Türkiyənin bayramına çevirə bildilər. Əslində bu, ən azı 110 ölkənin gözü ekranlarda olan insanlarının bayramı idi. Bir az da dəqiq desək, bu tədbir dünyanın coğrafi mərkəzində qərar tutmuş Türkiyənin yeni dünya ilə barış və xoşgörü dialoqu idi.
Fikrimcə, bu festival təkcə dil sevgisinin zəfəri deyildi, həm də Tanrıya, Onun yaratdığı insana sevginin və xoşgörünün təntənəsi idi. Bu fikri əlvan qiyafələrdə böyük səhnəyə çıxan dünya uşaqlarının xoru daha gözəl ifa etdi:Biz dünya çocuqlarıyız,Bir ağacın budaqlarıyız,Dünyanı qucaqlayan,Sevgi ilə barışız.
Prof. Qulu Məhərrəmli

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF