Rövnəq Abdullayev olimpiadaçıları qəbul etdi
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Millət vəkili Rövnəq Abdullayev Azərbaycan-Türkiyə Özəl Liseylərində təhsil alan, respublika və dünya fənn olimpiadalarında yüksək nailiyyətlər əldə etmiş şagirdləri qəbul etdi. "Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal və müəllimlərin rəhbərliyi altında ziyarətdə iştirak edən olimpiadaçılar göstərdiyi maddi və mənəvi dəstəyə görə Rövnəq Abdullayevə xüsusi minnətdarlıqlarını bildirdilər. Görüşdə qonaqları salamlayan Rövnəq Abdullayev Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, Azərbaycan iqtisadiyyatı üçün faydalı olacaq peşəkar kadrların hazırlanması məsələlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə dövlət proqramı"nın tarixi əhəmiyyətini xüsusi qeyd edən R.Abdullayev qeyd etdi ki, adı çəkilən proqrama uyğun olaraq qarşıdakı illərdə minlərlə gənc dünyanın tanınmış universitetlərində təhsil alacaqlar. Azərbaycanda fəaliyyət göstərən "Çağ" Öyrətim Şirkətinin tədris müəssisələrində təhsil alan şagirdlərin beynəlxalq fənn olimpiadalarında, eləcə də digər bilik yarışmalarında iştirakının Dövlət Neft Şirkəti tərəfindən dəstəklənməsinin artıq ənənəvi hal aldığını qeyd edən R. Abdullayev bildirdi ki, bu təhsil müəssisələrinin şagirdləri də onlara göstərilən etimadı doğruldur, keçirilən yüksək statuslu olimpiadalarda ölkəmizi layiqincə təmsil edirlər. "Çağ" Öyrətim İşlətmələri Şirkətini İdarə Heyətinin sədri Ənvər Özərən məzun etdikləri şagirdlərin milli-mənəvi dəyərlərə və azərbaycançılıq ideyalarına sadiq olmalarına xüsusi diqqət yetirdiklərini bildirdi: "Ən böyük və xeyirli iş təhsil sahəsində görülən işdir"- deyə nitqində Azərbaycan Dövlət Neft Şirkətinin xüsusilə təhsil sahəsindəki fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edən Ənvər Özərən, göstərdiyi dəstəklərinə görə Rövnəq Abdullayevə minnətdarlığını bildirdi. Sonra O, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibəti ilə nəşr etdirdikləri kitabı Rövnəq Abdullayevə təqdim etdi. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal 2007-2008 tədris ilində liseylərdə təhsil alan şagirdlərin müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarından 48 medal qazanıldığını qeyd edərək, şirkətin fəaliyyətə başlayandan indiyə qədər Azərbaycana 271 medal gətirildiyini vurğuladı. Sonra O, Beynəlxalq Ekologiya və Təbiəti Mühafizə Layihə Olimpiadası təşkilat komitəsinin növbəti olimpiadaya hazırlıq işlərinin başladığını və gələn ilin aprel ayında baş tutacaq olimpiadada 40 və daha artıq ölkənin iştirak edəcəyinin gözlənildiyini bildirdi. Adəm Önal şagirdlərimizin qarşıdakı III Beynəlxalq Layihə Olimpiadasında daha yüksək nəticələr əldə edəcəklərindən əmin olduğunu bildirdirdi. Sonda görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Elmir İmanlı