Azərbaycanlı gəncin Hollivud uğuru
Mayın 9-da Hollivudda gənc azərbaycanlı Fariz İsmayılovun
ssenari müəllifi olduğu "Ata, məni bağışla” (Forgive me father) filminin
qala baxışı olacaq. Ekran əsəri terrorizmə qarşı mübarizəyə həsr olunub
və qızğın döyüş səhnələri, həyəcanlı anlarla boldur. Qafqaz
Universitetindən daxil olan məlumata görə, Fariz İsmayılov 2006-cı ildə
həmin universitetin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Amma
kinoya, yazmağa olan həvəsi onu Hollivuda aparıb.Fariz daha öncə ssenari müəllifi olduğu və aktyor kimi çəkildiyi "5150 tele filmləri” (2014), "Hong Kong kafesində bir gecə” (2015) qısametrajlı filmləri ilə tanınıb. Əvvəlki filmlərində o əsasən sosial-məişət mövzularına müraciət edib. Beləki, ssenari müəllifi və prodüseri olduğu "5150 tele filmləri” ekran əsəri aktyor və rejissorların film çəkilişlərindəki gündəlik fəaliyyətləri və maraqlı anlarla zəngindir. Aktyor kimi çəkildiyi "Hong Kong kafesində bir gecə” filmi isə bir narkotik alüdəçisinin Hong Kong kafesindəki həyatı və onun qarşılaşdığı müəmmalı insanlarla əlaqəlidir. Ümumilikdə isə Fariz 2 filmdə ssenarist, 7 filmdə aktyor kimi çıxış edib, 1 filmin isə prodüseri olub.
Təhsil ocağından onu da bildiriblər ki, universitetində keçirilən VII "Gənclik Şənliyi və Multikulturalizm Festivalı”nda tələbələr həm universitetlərinin, həm də Azərbaycanın adını Hollivudda yazdıran məzun Fariz İsmayılovu mədəniyyət sahəsində "İlin ən fəal məzunu” seçiblər.
Qeyd edək ki, Qafqaz Universitetində hər il ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə keçirilən "Gənclik Şənliyi və Multikulturalizm Festivalı”nda tələbələr ilin məhşurlarını seçirlər. (teleqraf.com) http://xeberle.com/az/view/11496/azerbaycanl-gencin-hollivud-uuru/