Qafqaz Universitetində "Məzun-2011" gecəsi keçirildi
![]() Tədbir builki məzunlara rəmzi diplomların verilməsi ilə başlandı. Türkiyə Respublikasının və müstəqil Azərbaycanın qurucuları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hər iki ölkənin azadlığı uğrunda mübarizədə şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunduqdan və dövlət himnləri ifa edildikdən sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç mərasim iştirakçılarını salamlayıb, onları 14-cü məzun gecəsində görməsindən məmnunluq duyduğunu bildirdi. Bu il universitetlərinin 530 məzunu olduğunu söyləyən rektor, əvvəlki illərin məzunları kimi onların da ölkədə gedən geniş quruculuq işlərində yüksək ixtisaslı mütəxəssislər kimi yaxından iştirak edib öz töhfələrini verəcəklərinə əmin olduğunu dedi, bir dünya universiteti olmaq yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin dünyanın 45 ölkəsində işləyən və təhsil alan gəncləri ilə qürur duyduqlarını vurğuladı. Rektor məzunları, onların valideynlərini təbrik etdi, məzunların yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında böyük əməyi olan professor-müəllim heyətinə minnətdarlığını çatdırdı. ![]() "Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən isə universitetdən indiyəcən məzun olmuş gənclərin işlədikləri müəssisələrdən hər zaman xoş xəbərlər eşitdiyini söyləyərək builki məzunların da bu ənənəni davam etdirmələrini, ölkəmizə, insanlığa faydalı olmalarını arzu etdi. Sonra 2010-2011-ci tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışları və müsabiqələrdə fərqlənmiş tələbələrə, təhsil ocağında qrup, bölmə, fakültə və universitet birincisi olmuş tələbə və məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini tələbələrə təqdim edən qonaqlar onlara həyatda daha böyük uğurlar arzuladılar. Məzun gecəsi tələbələrin hazırladıqları bədii proqramla davam etdi. Yusif ƏLİYEV |
http://www.muallim.edu.az/arxiv/2011/22/20.htm |