Nəsrəddin Tusinin 810 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ensiklopedik alim - filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Məhəmməd Nəsrəddin Tusinin 810 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, beynəlxalq konfransa ABŞ, ərəb ölkələri, Orta Asiya, Rusiya, Ukrayna, Türkiyə və İrandan nümayəndələr qatılıb.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik M. K. Kərimov N. Tusinin gördüyü işlərdən geniş söz açıb: “Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb”,- deyə o əlavə edib.
Daha sonra isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Akif Hacıyev vurğulayıb ki, çağdaş tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir: “Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid Başlanğıcının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır”.
Konfransda N. Tusinin elmi yaradıcılığı ilə bağlı plenar məruzələr təşkil edilib. İyunun 18-də isə konfrans iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasına yollanacaq. Beynəlxalq konfransın bir sessiyası da burada keçiriləcək.
Qeyd edək ki, beynəlxalq konfrans Riyaziyyat və Mexanika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və Qafqaz Universitetinin təşkilatçılığı ilə həyata keçirilir.

oxunma sayısı : 81
əlavə edilmə : 16-06-2011 14:25
Samirə Abdullayeva
http://www.sestv.az/index.php?action=static_detail&static_id=152519

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF