“Çağ-ATÖL” bu tədris ilini 48 medalla başa vurur



“Çağ” Öyrətim Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri bu tədris ilində müxtəlif ölkələrdə keçirilən bilik yarışlarında 13 qızıl, 14 gümüş, 21 bürünc medal əldə ediblər. Bununla da “Çağ” müxtəlif bilik yarışlarından ölkəmizə gətirdiyi medalların sayını 271-ə (63 qızıl, 95 gümüş, 113 bürünc) çatdırıb.
Bu ilin may ayı “Çağ” üçün daha yaddaqalan olub. Belə ki, bu ay Türkiyənin Adana şəhərində V Beynəlxalq Layihə Yarışmasında bu təhsil oçağının şagirdləri 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar. Bu yarışmada Rəşad Abdullayev və Fərid Əhmədlinin “Hidrogen və günəş batareyaları mənbəyinə əsaslanan yeni avtomobil modeli” layihəsi “Qızılların qızılı” medalı ilə qiymətləndirilib. Qeyd edək ki, Tüyap Adana Beynəlxalq Bilik Sərgisi Mərkəzində düzənlənən bu olimpiadanı izləyənlər arasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, eləcə də tanınmış iş adamı Mübariz Mənsimov də olublar.
“Çağ” ABŞ-ın Hyuston ştatında 51 ölkənin məktəblilərinin qatıldığı ISWEEEP (International Sustainable World Engineering, Energy & Environment Project Olympiad) olimpiadasından 2 gümüş, 2 bürünc medalla qayıdıb. 42-ci Mendeleyev Olimpiadasında (Özbəkistan) Mətin Hüseynlinin, 25-ci Balkan Riyaziyyat Olimpiadasında (Makedoniya) isə Ruslan Müslümov və Fərid Məmmədovun göstəriciləri bürünc medallarla qiymətləndirilib.
Bosniya və Herseqovinada keçirilən 3-cü Beynəlxalq Fizika Layihə Olimpiadasında qazanılan uğurlar da fərəhləndirici olub. Belə ki, “Çağ”ın yetirmələri 4 qızıl, 3 gümüş medal qazanaraq, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırıblar. Gürcüstanda keçirilən II Gənclər Layihə Olimpiadasında isə “Çağ” 2 qızıl və bir bürünclə kifayətlənib.
Qeyd edək ki, bu tədris ilində “Çağ” Qazaxıstan, Azərbaycan, Tayvan, Tailand, Vyetnam, İran və Kanadada keçirilən bilik yarışlarında iştirak edib və uğurlar qazanıb.

Qvami Məhəbbətoğlu

www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF