Tələbələr xeyirxah əməlləri ilə başqalarına dərs keçirlər

Bir neçə gün öncə qəzetimizdə “İş adamları bu dəfə kasıb uşaqların təhsilinə sərmayə qoydular” adlı yazı dərc olunmuşdu.
Yazıda bir neçə iş adamının kasıb ailələrdən olan uşaqların təhsil almaları üçün hərtərəfli dəstək göstərdikləri vurğulanmışdı. Bu yazımız da təxminən bu mövzudadır, amma mahiyyət bir qədər fərqlidir. Söhbət Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” dərnəyinin üzvləri olan tələbələrin həyata keçirdikləri xeyriyyə tədbirlərindən gedir. Universitetin dərnəklər koordinatoru Ülvi Babayev deyir ki, Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycan tarixində, onun ictimai-sosial həyatında, eləcə də bütün dünyada bənzərsiz şəxsiyyətdir: “2006-cı ildə biz bu yardımlaşma dərnəyini təşkil edərkən ad seçimi ilə bağlı çox düşündük. Hesab edirəm ki, nəticə çox uğurlu alındı. “İnsanlığa yardım” devizi ilə təşkil olunan dərnəyin fəaliyyəti çox genişdir. Qeyd etmək istərdim ki, hər il davam edən bu fəaliyyətə tələbələr könüllü şəkildə qoşulurlar. Dərnəyin fəaliyyətini, onun təşkilini birbaşa olaraq tələbələrimiz öz üzərinə götürürlər. Ümumilikdə 200 tələbə üzvümüz var. Təbii ki, universitet rəhbərliyinin bu dərnəyə xüsusi qayğısı danılmazdır”.
“30-dan çox ailəyə hər ay yardım olunur”
“Yardım etdiyiniz ailələrlə necə tanış olursunuz?”-sualımıza Ülvi Babayev belə cavab verdi: “Tələbələrimiz vasitəsilə. Onlar həmin ailələrlə əlaqə qurub, evlərinə gedirlər. Maddi vəziyyətləri ilə yaxından tanış olduqdan sonra onlara yardım göstərilməsini nəzərdə tuturuq. Yəni onlara kortəbii şəkildə deyil, vəziyyətlərini araşdıraraq dəstək olmağa çalışırıq. Məlumat üçün qeyd edim ki, hal-hazırda Tağıyev klubunun müəyyən etdiyi 30-dan çox ailə var ki, onlara hər ay yardım olunur. Bəzən bu say dəyişə bilir. Belə ki, müəyyən müddət sonra hər hansı bir ailənin maddi vəziyyəti düzəlirsə, biz bunu başqa bir ailə ilə əvəz edirik”.
“Əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”
Dərnəyin fəaliyyəti barədə məlumat verən koordinator universitet olaraq, ilk növbədə, təhsilə önəm verdikləri üçün bununla bağlı yardımlara daha çox diqqət yetirdiklərini söylədi: “Təhsil almaq istəyən abituriyentlərimizə dərnək tərəfindən kurslar təşkil olunur. Burada iştirak edən, maddi vəziyyəti aşağı abituriyentlərlə isə universitetin pedaqoji fakültələrində təhsil alan təcrübəli tələbələr məşğul olurlar.
Bizim digər bir fəaliyyətimiz də universitetin yeməkxanası ilə bağlıdır. Belə ki, müəllimlər yeməkxanada hər gün dörd çeşiddə yemək yemə imkanına sahibdirlər. Ancaq “Tağıyev” dərnəyi imkansız tələbələrə pulsuz yemək imkanı qazanmaq üçün belə bir üsula əl atıb. Belə ki, müəllimlər istədikləri üç çeşid yemək götürür, qalan digər bir çeşid yeməyin qəbzini həmin qutuya atırlar. Belə olan halda, həm yemək israfının qarşısı alınmış olur, həm də müəllimlərin pulunu ödədikləri yemək qəbzi vasitəsilə ehtiyacı olan tələbələr universitetin yeməkxanasından pulsuz istifadə edə bilirlər. Bundan başqa dərnəyin tərkibində “Üç əl” layihəsi fəaliyyət göstərir. Bu layihə üç gün davam edir. Layihə nədən ibarətdir? Burada ehtiyacımız olmayan kitablar, əşyalar, paltarlar və digər əşyalar “Tağıyev” klubuna təhvil verilir. Bu da klub üzvləri tərəfindən universitetin foyesində təşkil olunur. Burada toplanan əşyalar ehtiyacı olan şəxslərə çatdırılır”.
“Onların könlünü maddi və mənəvi cəhətdən xoş tutmağa çalışırıq”
“Bizim nəzərimizdə olan müəssisələr içərisində uşaq evləri, qocalar evləri və sağlamlıq imkanları məhdud olan şəxslər üçün xüsusi yerlər də var. Onların könlünü həm maddi, həm mənəvi cəhətdən xoş tutmağa çalışırıq. Bizim fəaliyyətimizin geniş olmasının digər bir səbəbi də yardım etdiyimiz insanlarla, sadəcə, maddi ünsiyyət qurulmamasıdır. Belə ki, biz əlimizdən gəldiyi qədər həmin ailələrin mənəvi ehtiyaclarını da qarşılamağa çalışırıq. Bunu da uşaq evlərində müxtəlif oyunlar təşkil etməklə, qocalar evində, fiziki fəaliyyəti məhdud olan şəxslərə konsertlər verməklə, müəyyən tanınmış simaları dəvət etməklə, eyni zamanda onlarla qurduğumuz dialoqlar vasitəsilə yanlarında olmağa çalışırıq. Yeri gəlmişkən deyim ki, universitetin özünün xor kollektivi, dram və rəqs qrupları vasitəsilə pullu konsertlər təşkil edilir və əldə etdiyimiz maddi vəsaitlə ehtiyacı olan şəxslərə yardım edirik”.
Digər təhsil ocaqlarımızda da bu cür dərnəklərə ehtiyac var
Bir universitetin nəzdində belə xoş bir missiyaya xidmət edən dərnəklərin fəaliyyət göstərməsi və tələbələrin də orada aktivlik göstərmələri çox vacib və mühüm bir addımdır. Azərbaycanlılar xeyirsevər bir millətdirlər. Böyükdən kiçiyə əksər insanlarımız çalışırlar ki, imkansızlara, yardıma ehtiyacı olanlara hər cür dəstək göstərsinlər. Bu mənada gənclərimizin də daxilində yaxşılıq həvəsi, istəyi var. Yaxşı olardı ki, digər ali təhsil ocaqlarımızda da bu cür xeyriyyə məqsədli təşkilatlar, dərnəklər açılsın. Bu, imkansızların sevindirilməsindən əlavə, həm də gənclərimizdə paylaşmanın, yardımlaşmanın təşviqinə bir təkan olardı. Üstəlik, universitet həyatında bu işlərə qoşulan gənclərin sonrakı iş və ailə həyatlarında da bu missiyanı davam etdirəcəklərinə ümidlər artır. Bu günün gənci sabahın ailə başçısı, ailənin xanımı deməkdir. Ailədə bir nəfərin bu ruhda olması bütövlükdə ailənin özünün xeyriyyə missiyasına yönlənməsi deməkdir. Kim ailəsində bu düşüncənin, bu amalın hakim olmasını istəməz ki?
NİCAT İNTİQAM

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF