AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər. Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər layihə və proqramlarda birgə iştirak və s. məsələlər də sənəddə yer alıb. Hər iki ali məktəbin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar professor Aqiyə Naxçıvanlı və professor Əhməd Sanıç memorandumun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildirərək gələcək işlərdə uğurlar arzulayıblar.