Sənayenin İnkşafına dair Dövlət Proqramı
Məşğulluq və təhsil barəsində bir sıra təkliflər
Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO), 2013-cü il hesabatı Məşğulluğun Dayanıqlı Artımı və emalat sənayesi sektorunun bu sahədəki rolunu əks etdirən bir sərlövhə ilə hazırlanmışdır. Hesabatda qeyd edilən statistiki göstərici, 1970 - 2009 illəri ərzində, emalat sənayesində məşğulluğun, illik 1,6 faiz artaraq bütün dünyada 388 milyona çatdığını ifadə edir. Sənaye ilə əlaqəli xidmətlər sektorunda meydana gətirilən məşğulluqla, bu sayı 2009-cu ildə 470 milyon olmuşdur ki, bu da bütün dünyada iqtisadi fəal olan 2,9 milyard əmək qüvvəsinin 16 faizinə bərabərdir. 2014-cü ilin “Sənaye ili” elan edilməsi ( http://www.president.az/articles/10793 ) ilə bağlı Tədbirlər planında (http://www.president.az/articles/11178 ) Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması haqqında təkliflərin hazırlanması barəsində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixində elan etdiyi Sərəncama bu prizmadan yanaşmaq vacibdir. Yəni, Azərbaycan sənaye strategiyası, əhalinin məşğulluq imkanlarını regionlarda artırmaq məqsədindədir, bu isə, regional inkişafa da təkan verən bir amildir.
Sərəncam çərçivəsində təkliflərin hazırlanması əsnasında, dünya nümunəsinə nəzər yetirmək daha da məhsuldar tədbirlərin ortaya çıxmasına zəmin hazırlayacaqdır. Xüsusilə, neft resursu baxımından zəngin olan İndoneziyanın tətbiq etdiyi sənaye siyasətinin təhlil edilməsi, Azərbaycan iqtisadiyyatına xas strategiyanın zənginləşdirilməsinə xidmət edəcəkdir. 1970-ci illərdə neft yataqlarını kəşf edən İndoneziyada adı çəkilən sektor, 1990-cı illərin əvvəllərində ÜDM- nin 25 faizini təşkil edəcək qədər xüsusi əhəmiyyətə malik olmuşdur. Vyetnam və Hindistanın sənaye sektorunda məşğulluqla bağlı əldə etdiyi nəticələr isə Cədvəl 1-də verilən rəqəmlərdən bariz şəkildə müşahidə edilir. Sənaye sektorunun ixracatda diversifikasiya siyasətinə müsbət təsir etməsinə isə Cənubi Koreya nümunəsi əsasında təkliflər vermək olar. Bu ölkə üçün, 1990-cı ildə xalis sənaye sektoru ixracatının həcmi 8,2 milyard dollar ikən, 2011-ci ildə 181,2 milyard dollara yüksəlmişdir. Bu məhsuldarlıq diqqəti cəlb edir; ölkə 21 il ərzində öz ixracatında 100 milyard dollarlıq bir nəaliyyət əldə etmişdir. Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması ilə bağlı tədbirlər planında qeyd edilən məqamları, bu kimi nümunələrin strategiyada diqqətə alınacağının əlamətləri kimi qəbul etmək olar. İlkin olaraq, məşğulluq məsələsinə toxunmağımızın səbəbi, Azərbaycan - 2020, İnkişaf Konsepsiyasında orta təbəqə əhalinin genişləndirilməsi barəsində elan edilən hədəfdir. Sənaye strategiyası və tədbirlər planı, yoxsulluğun uğurla azaldıldığı Azərbaycanda geniş orta təbəqə əhalinin meydana gəlməsi üçün çox müvafiq bir addımdır.
Bundan Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında nəzərə alınması məqsədi ilə əlavə digər təkliflərimizi belə sıralamaq olar.
1. Azərbaycan, Hasilatın Pay Bölgüsü Sazişlərini (HPBS) neft sektorunda tətbiq edərək, kifayət qədər sağlam bir iş mühiti meydana gətirəbilmişdir. Azərbaycanın beynəlxalq investorlara təklif etdiyi HPBS-ləri, dünya iqtisad ədəbiyyatında adı nümunə kimi çəkilən bir model halına gəlmişdir. Eyni təcrübənin sənaye sektoruna uyğunlaşdırılması bu mövzuda da məhsuldar nəticələrin əldə edilməsinə imkan verəcəkdir.
2. Təhsil müəssisələrinə qəbul planında, sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması da çox düzgün bir maddədir. Cədvəl 2.-də Azərbaycan ali məktəblərinin məzunların sayısı və faiz nisbəti verilmişdir. Humanitar və sosial, Maarif, İqtisadiyyat və idarəetmə ixtisaslarından məzun olanlar, cəmi məzunların 71 faizini təşkil etməkdədir. Bu mənzərənin mühəndislik ixtisasların lehinə dəyişdirilməsi, əmək bazarının tələblərinə uyğun olacağı kimi, kadr təklifinə də öz töhfəsini verəcəkdir. Mühəndislik tədrisini, Qafqaz Universiteti kimi laboratoriya şəraitində reallaşdırmağı üstün tutan universitetlərə, mühəndislik ixtisaslarında daha çox tələbə qəbul etmək imkanı verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün hazırlanacaq Dövlət Proqramında bu mövzunun daha da konkretləşdirilməsi çox vacib bir məsələdir.
3. Tədbirlər planında yer alan sənayenin inkişafı sahəsində aparılan elmi tədqiqatların və araşdırmaların dəstəklənməsi hissəsində, mühəndislik və sənaye fakültələrindən məzun olacaq tələbələrin diplom işlərinə xüsusi yer ayırmaq olar. Bakalavr və Magistratura diplom işlərinin və Doktorantura dissertasiyalarının sənayedə tətbiq edilməsi barəsində stimulun (əsasən qrant layihələri, təqaüdlər və müsabiqələrlə) meydana gətirilməsi kadr potensialının və elmi təminatın gücləndirilməsinə xidmət edəcək bir amil olacaqdır. Bu məqsədin reallaşması üçün, həm təhsil, həm də tədqiqata şərait yaradan laboratoriyaların qurulmasına ehtiyac hiss olunacaq. Bakalavr diplom işlərinin sənayedə tətbiq edilməsinin uğurunu qiymətləndirən müsabiqələrin keçirilməsi, elmi tədqiqatların geniş kadr kütləsinə yayılması ilə nəticələnəcəkdir.
Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi